Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1070/2024 27.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi, İddiaçı1, İddiaçı2 vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə, İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “JN-258 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X1 və X7 aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “JN-258 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən X8, X6 adının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, iş 2- 1(116)-1070/2024 nömrə ilə qeydə alınmışdır. İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “JN-258 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X1 və X7 aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, iş e- 2-1(116)- 2178/2024 nömrə ilə qeydə alınmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-1(116)-2178/2024 nömrəli qərardadı ilə İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia tələbi üzrə 2-1(116)-1070/2024 saylı inzibati iş - İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia tələbi üzrə e-2-1(116)- 2178/2024 saylı inzibati işə birləşdirilmiş və 2-1(116)-1070/2024 saylı inzibati iş üzrə icraata xitam verilmişdir. İddiaçının vəkili Nümayəndə xx.xx.2023-cü il tarixli iddia ərizəsinin dəyişdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “JN-258 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X1 və X7 aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-1070/2024 saylı qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən birgə iddiaçılardan İddiaçı1 izah edilmişdir ki, hazırkı iş üzrə cavabdeh orqana qarşı JN- 258 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur. Belə ki, işdə olan xx.xx.2015-ci il tarixli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədən və **********9 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ona verilmiş miras əmlak ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ¾ hissəsindən ibarət olmuş və məhz həmin hissədə onun paylı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Mübahisələndirilən Şəhadətnamə isə Mingəçevir şəhər İHB-nın xx.xx.2000-ci il tarixli, 199 saylı sərəncamı əsasında verilmiş və həmin Şəhadətnamədə İddiaçı1 adı qeyd edilməmişdir. Məhkəmə iclasında İddiaçı1 ərizə təqdim edərək onun tələbinə münasibətdə iddia ərizəsinin geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə İddiaçı1 tələbin geri götürülməsi ilə bağlı ərizəsi icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Mingəçevir şəhər İHB-nın xx.xx.2000-ci il tarixli, 199 saylı sərəncamı əsasında JN-257F saylı “Torpağın mülkiyyətə verilməsinə” dair Şəhadətnamə tərtib edilmiş və 0.19 ha torpaq sahəsi X4, X5, X8, X10 və X2 ümumibirgə mülkiyyətinə verilmişdir. X8 27 fevral 1988-ci ildə, X11 21 avqust 1988-ci ildə vəfat etmişlər. Buna baxmayaraq onların adı mübahisələndirilən Şəhadətnaməyə daxil edilmişdir. Buna görə də, iddiaçı, torpaq islahatı başlanmazdan əvvəl vəfat etmiş şəxslərin adlarının Şəhadətnaməyə daxil edilməsinin düzgün olmamasını bildirərək həmin Şəhadətnaməni onlara aid hissədə mübahisələndirmişdir. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddiaçı Mingəçevir şəhər Aqrar İslahat Komissiyasının qərarı əsasında verilmiş JN-257F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin hüquq subyektlərində dəyişiklər edilməsinə köməklik göstərilməsi barədə ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi idarəsinə müraciət etmişdir. Mingəçevir şəhərində yerləşən torpaq sahəsinə dair verilmiş JN-257F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Mingəçevir şəhər Aqrar islahat Komissiyasının qərarına əsasən DTXK-nin Mingəçevir şəhər şöbəsi tərəfindən tərtib edilmişdir. Şəhadətnamə tərtib edilən zaman adları qeyd olunan hüquq subyektlərinin ümumibirgə mülkiyyətinə verilmişdir. Məhkəmə iclasında iddiaçı və iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli imtina məktubları, RX seriyalı ******* nömrəli **********00-10301 reyestr nömrəli çıxarış, İİİ-ЖГ 396166 və AZ-İİ 298355 nömrəli ölüm haqqında şəhadətnamələr, xx.xx.2015-ci il tarixli, reyestrdə 2V-01- 105 nömrə ilə qeydə alınmış Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2015-ci il tarixli, JN-257F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Torpaq islahatı haqqında” haqqında Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi qanunvericilik torpaq islahatı aparılan zaman vətəndaşların qanuni istifadəsindəki torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini, həm də qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilməsini birmənalı olaraq müəyyən etmişdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.
2. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır. Torpaq islahatı aparılan zamanı qüvvədə olmuş, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə: Bu Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. ...
2. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinə və Xəritəçəkmə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir.[9] ... İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı JN-258 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” X1 və X7 aid hissədə ləğv edilməsinə nail olmaqdır. İddiaçı, Şəhadətnamənin verilməsinə əsas olmuş Mingəçevir şəhər İHB-nın xx.xx.2000-ci il tarixli, 199 saylı sərəncamını yox, cavabdeh orqanın, müvafiq şəhadətnamənin hazırlanmasında ifadə olunan faktiki xarakterli hərəkətlərini mübahisələndirir. Belə ki, iddiaçı hesab edir ki, X8 27 fevral 1988-ci ildə, X11 21 avqust 1988-ci ildə vəfat etdiyindən cavabdeh orqanın hüquq varisi olduğu DT və XK-nin Mingəçevir şəhər şöbəsi onların adlarını Şəhadətnaməyə daxil etməklə səhvə yol vermişdir. İş materiallarında olan İİİ-ЖГ 396166 və AZ-İİ 298355 nömrəli ölüm haqqında şəhadətnamələrdən görünür ki, JN-258 nömrəli Şəhadətnamədə adları olan X8 27 fevral 1988-ci ildə, X11 21 avqust 1988-ci ildə vəfat etmişlər. Bununla belə onların adları da, digər şəxslərlə birgə mübahisələndirilən Şəhadətnaməyə daxil edilərək ümumi birgə mülkiyyətçilər olaraq göstərilmişdir. Yuxarıda qeyd olunmuş normaların məzmunundan göründüyü kimi, yerli aqrar islahatı komissiyası dövlət yerquruluşu xidməti ilə birlikdə ilk öncə təsərrüfat üzrə torpaq payı almaq hüququ olan subyektlərin sayını və hər bir subyektə düşən orta torpaq payının ölçüsünü müəyyən etmişdir. Məhz həmin siyahı tərtib edildikdən sonra, kompleks yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları yer üzərində (naturada) torpaq sahələrinin ayrılmasını, torpağa mülkiyyət və istifadə hüququna dair müəyyən edilmiş formada sənədlərin hazırlanmasını həyata keçirmiş, hazırlanmış sənədləri vətəndaşlara təqdim etmişlər. Bununla belə Əsasnamənin tələbinə görə göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməklə, ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinə və Xəritəçəkmə müraciət etməli idilər. Hazırkı işdə X8 27 fevral 1988-ci ildə, X11 21 avqust 1988-ci ildə yəni, torpaq islahatından xeyli əvvəl vəfat etdiklərindən onların torpaq sahəsini öz mülkiyyətlərinə keçirmək üçün müraciət etmələri mümkün ola bilməzdi. Qeyd olunan hal mübahisələndirilən şəhadətnaməyə Teymur Mustafayev və Maroka Hüseynovanın adlarının daxil edilərək ümumibirgə mülkiyyətçilər kim qeyd edilməsinin yanlış olmasını aşkar sübut edir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə JN-258 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” X1 və X7 aid hissədə ləğv edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.