Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1071/2020 11.12.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdeh Göyçay bələdiyyəsinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 10 saylı Ucar Ərazi Şöbəsi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC) “Göyçay rayonu Göyçay bələdiyyəsinin xx xxx 2020-ci il tarixli 06 saylı iclas protokolunda əks olunan İddiaçı zəbt etdiyi 2.7 ha ərazinin 2 gün ərzində boşaldılması və hasarın sökülməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Göyçay bələdiyyəsinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 10 saylı Ucar Ərazi Şöbəsi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “Göyçay rayonu Göyçay bələdiyyəsinin xx xxx 2020-ci il tarixli 06 saylı iclas protokolunda əks olunan İddiaçı zəbt etdiyi 2.7 ha ərazinin 2 gün ərzində boşaldılması və hasarın sökülməsi haqqında qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdən icraata götürülmüş sayılmışdır. Məhkəmə tərəfindən xx xxxx 2020-ci il tarixdə işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə sərəncam verilmişdir. Verilmiş sərəncama əsasən cavabdeh və üçüncü şəxslərdən iddiaya qarşı rəsmi münasibət (etiraz) bildirməsi tələb olunmuş, həmçinin cavabdehdən mübahisəli qərarın qəbul olunmasına əsas olmuş araşdırma materialı və zəbt olunduğu iddia edilən torpaq sahəsinə dair sənədlərin təsdiq edilmiş surətləri tələb edilmişdir. Bundan başqa xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərilərək iddiaçının hasarladığı torpaq sahəsinə dair ətraflı arayış tələb edilmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil məhkəməyə elektron kabinet vasitəsilə xx.xx.2020-ci il tarixdə elektron qaydada imza edilmiş ərizə göndərərək, iddiaçının hazırkı iş üzrə iddiadan imtina etdiyini bildirmiş və qeyd etmişdir ki, iddiaçının iddiadan imtinasının hüquqi nəticələri ona bəllidir. İddiaçının nümayəndəsi və vəkilinin məhkəməyə elektron kabinet vasitəsilə verdiyi ərizə ilə bağlı məhkəmə qeyd edir ki, vəkilin iddia tələblərindən imtina etmək və s. kimi hərəkətləri etməsi mümkündür. Belə ki, iş materiallarında olan AR-İİ seriyalı 057074 nömrəli, xx xxxx 2020-ci il tarixli etibarnaməyə əsasən Vəkil iş üzə İddiaçı tərəfindən “iddia tələblərindən tam və ya qismən imtina edilməsi” kimi səlahiyyət verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini icraata xitam verilməsi əsası kimi nəzərdə tutmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, iddiadan imtina edilməsi zamanı prosessual qanunvericilik iddiaçıya münasibətdə heç bir məhdudiyyət nəzərdə tutmadığı üçün (İPMnin 55.2-ci maddəsində şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilməsi barədə məhdudiyyət mövcuddur.) və iddiadan imtina edilməsi hazırki halda cavabdehin iradəsindən asılı olmadığına görə, yəni iddiaçı şifahi məhkəmə baxışına qədər imtina etdiyi üçün imtina qəbul edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı iddiadan imtina etdiyi üçün mütəxəssis rəyinin verilməsi ilə bağlı yaranmış prosessual xərc iddiaçıdan tutularaq aidiyyəti üzrə köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 111.3-cü maddəsinə əsasən, şəxsin ərizədən, iddiadan və ya şikayətdən imtina etdiyi hallarda, prosessual xərclərin ödənilməsi vəzifəsi həmin şəxsin üzərinə qoyulur. 115.2-ci maddəsinə əsasən, mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul edilmədiyi hallarda, prosessual xərclərə dair qərardadın mübahisələndirilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə ərizəni iş materialları ilə birlikdə qanunvericiliyin tələbləri baxımından araşdırıb hesab edir ki, iddiaçı iddiadan imtina etdiyi üçün hazırkı işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 55.5 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Göyçay bələdiyyəsinə qarşı “Göyçay rayonu Göyçay bələdiyyəsinin xx xxx 2020-ci il tarixli 06 saylı iclas protokolunda əks olunan İddiaçı zəbt etdiyi 2.7 ha ərazinin 2 gün ərzində boşaldılması və hasarın sökülməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə iddiaçı iddiadan imtina etdiyi üçün iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 433 manat 20 qəpik İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu X1 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********) köçürülsün. Qərardaddan şikayət verilə bilməz. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1071/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1071/2020
11.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver