Məhkəmə qərarları › İş №2-1(116)-1071/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1071/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1071/2025 22.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə Müşviq oğlunun (yaşayış yeri: Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 17C, mənzil 54, ixtisası: hüquqşünas, vəzifəsi: Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının aparıcı mütəxəssisi) iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Şəki rayonu, Şin kəndi) cavabdeh – Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (yerləşdiyi yer: Bakı şəhəri, X1 küçəsi 143) qarşı «ödənilməmiş pensiya məbləğinin ödənilməsi» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı 1961-ci il təvəllüdlüdür. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona əlillik dərəcəsi 2010-cu ildən 2015-ci ilədək ayrı-ayrı müddətlərə, sonuncu dəfə isə əlillik 9 dekabr 2015-ci il tarixdən 5 il müddətinə təyin edilmişdir. Həmin əlillik dərəcəsi əsasında ona Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) müvafiq qurumu tərəfindən əlilliyə görə əmək pensiyası ödənişi aparılmışdır. Ödəniş əlillik müddətinin başa çatdığı vaxta, yəni 2020-ci ilin 9 dekabr tarixədək davam etdirilmişdir. Sonradan onun əlillyi 30 dekabr 2021-ci il tarixdən yenidən təyin edildiyindən, pensiya ödənişi də o tarixdən ödənilmişdir. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – İPM) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, əlilliyə görə əmək pensiyası məbləğinin 9 dekabr 2020-ci il tarixdən 30 dekabr 2021-ci il tarixədək olan dövr üzrə ödənilməsini xahiş etmişdir. Cavabdeh məsələnin həllindən imtina etmişdir. Bundan sonra İddiaçı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «ödənilməmiş pensiya məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, 2010-cu ildən başlayaraq əvvəlki dövrlərdə ona əlillik təyin edilmişdir. Sonuncu dəfə 30 dekabr 2021-ci il tarixdə əlillik müddətsiz təyin olunmuşdur. Müddətsiz əlillik təyin ediləndən sonra əvvəlki 1 il 21 gün üzrə pensiya məbləği ödənilməmişdir. Cavabdehə 9 dekabr 2020-ci il tarixdən 30 dekabr 2021-ci il tarixədək olan dövr üzrə pensiya məbləğinin ödənilməsi ilə bağlı müraciət etsə də, cavabdeh məsələnin həllindən imtina etmişdir. Cavabdeh inzibati orqan iddiaya etiraz edir. Qurum mövqeyini belə əsaslandırır ki, «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun 3-cü maddəsinə görə şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti DTSERA tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxs DTSERA tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 25 iyul 2021-ci il tarixdən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən 6 ay keçibsə, əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Şəxsin ötürülmüş müddət də daxil olmaqla əlil hesab edilməsi üçün nəzərdə tutulmuş 6 ay müddət müvafiq Qanuna 2 iyul 2021-ci il tarixdən əlavə edilsə də, iddiaçının əlilik müddəti həmin tarixdən əvvəl, yəni 9 dekabr 2020-ci il tarixdə bitmişdir. İddiaçının əlillik müddətinin bitdiyi 9 dekabr 2020-ci il tarixdə şəxsin əlilliyinin müddətinin bitməsi ilə əlaqədar 6 ay ərzində təkrar qiymətləndirilməsi nəticəsində müəyyən edilməsi halında yeni təyin edilmiş əlilliyin əvvəlki əlillik müddətinin bitdiyi tarixdən bərpa edilməsini nəzərdə tutan «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun 3.3-1-ci maddəsi qüvvədə olmadığından, maddədə nəzərdə tutulan tələblərin iddiaçıya münasibətdə tətbiq olunması, iddiaçıya 9 dekabr 2020-ci il tarixdən 30 dekabr 2021-ci il tarixdək olan dövr üzrə pensiyanın ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkünsüzdür. İddianın təmin olunmaması məhkəmədən xahiş edilir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı tərəf gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə Müşviq oğlu iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, əsassızdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Şəki rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən iddiaçının yaşayış yeri Şəki rayonunun Şin kəndidir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə iddia tələbi “öhdəliyin icrası haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddələrinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsassızdır. Məhkəmənin qənaətinə görə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı əlilliyə görə əmək pensiyası məbləğinin 9 dekabr 2020-ci il tarixdən 30 dekabr 2021-ci il tarixədək olan dövr üzrə ödənilməsindən imtinası qanuna zidd sayılmamalı və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun 1.0.1-ci maddəsinə görə əlillik – müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. Həmin Qanunun 3.1-ci maddəsinə görə şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.3-cü maddəsinə görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçının əlillik müddətinin 9 dekabr 2020-ci il tarixdə başa çatması və 30 dekabr 2021-cü il tarixdə ona yenidən ömürlük əlillik təyin edilməsi işin mübahisəli hallarına aid deyil. Hazırkı inzibati mübahisə iddiaçıya 9 dekabr 2020-ci il tarixdən 30 dekabr 2021-ci il tarixədək olan dövr üzrə əlilliyə görə əmək pensiyasının məbləğinin ödənilməsi ilə bağlıdır. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun Azərbaycan Respublikasının 2 iyul 2021-ci il tarixli 356-VİQD nömrəli Qanunu ilə əlavə edilmiş 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 6.4-cü maddəsinə görə əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Göründüyü kimi, 25 iyul 2021-ci il tarixdən qüvvədə olan qanunvericilik normaları şəxsin ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab edilməsini, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi ilə şərtləndirir. Hazırkı işin hallarına görə isə, İddiaçı əlilliyinin təkrar qiymətləndirilməsi onun əvvəlki son əlilliyinin bitmə vaxtından 1 il 21 gün keçdiyi günə təsadüf edir. Məhkəmənin mövqeyi belədir ki, şəxsin ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs sayılmasını ehtiva edən «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun 3.3-1-ci maddəsinin tələbləri məhz iddiaçının əlilliyinin həmin norma qüvvəyə mindiyi tarixdən əvvəlki dövrdə başa çatması səbəbindən ona münasibətdə tətbiq edilir. Odur ki, iddiaçı 1 il 21 günlük ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı 9 dekabr 2020-ci il tarixdən 30 dekabr 2021-ci il tarixədək olan dövr üzrə əlilliyə görə əmək pensiyasının məbləğinin ödənilməsini tələb etməkdə haqlı deyil və iddia əsassızdır. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «ödənilməmiş pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «ödənilməmiş pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına (ünvan: ünvan 4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar