Məhkəmə qərarları › İş №2-1(116)-1073/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1073/2023

23.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1073/2023 23.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki Şəhər İcra Hakimiyyəti başçısının 28 iyul 1994-cü il tarixli, 1/395 nömrəli sərəncamına əsasən Şəki şəhəri, Kiş çayının sol sahilində, S.Mümtaz küçəsinin L.Abdullayev küçəsi ilə kəsişdiyi yerdən cənub istiqamətində daşlıq sahədən yaşıllıq yaratmaq məqsədilə onun istifadəsinə verilmiş 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun reyestrdə adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Şəhər İcra Hakimiyyəti başçısının 28 iyul 1994-cü il tarixli, 1/395 nömrəli sərəncamına əsasən Şəki şəhəri, Kiş çayının sol sahilində, S.Mümtaz küçəsinin L.Abdullayev küçəsi ilə kəsişdiyi yerdən cənub istiqamətində daşlıq sahədən yaşıllıq yaratmaq məqsədilə onun istifadəsinə verilmiş 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun reyestrdə adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı ərizə ilə müraciət edərək, bağçılıqla məşğul olmaq məqsədi ilə yaşıllıq yaratmaq üçün ona torpaq sahəsinin satılmasına razılıq verilməsini xahiş etmişdir. Şəki Şəhər İcra Hakimiyyəti başçısının 28 iyul 1994-cü il tarixli, 1/395 nömrəli sərəncamına əsasən iddiaçıya Şəki şəhəri, Kiş çayının sol sahilində, S.Mümtaz küçəsinin L.Abdullayev küçəsi ilə kəsişdiyi yerdən cənub istiqamətində daşlıq sahədən yaşıllıq yaratmaq məqsədi ilə istifadəsinə 1200 kv.m torpaq sahəsinin verilməsi qərara alınmışdır. Bundan sonra iddiaçı həmin torpaq sahəsi ilə bağlı dövlət rüsumunu ödəmişdir. Həmçinin, ona verilməli olan torpaq sahəsinin ayrılmasına dair sahəni seçmə aktı tərtib edilmiş və həmin akt zəruri olan bütün idarələr tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Lakin bunlara baxmayaraq iddiaçı uzun müddətdir ki, aldığı və istifadəsində olan həmin torpaq sahəsi üzrə mülkiyyət hüququnu adına qeydiyyata aldıra bilmir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********66 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Təqdim edilmiş Şəki Şəhər İcra Hakimityyəti başçısının 28 iyun 1994-cü il tarixli, 1/395 saylı qərarında 0,12 ha torpaq sahəsinin yaşıllıq yaratmaq üçün tikinti işləri aparılması istisna olunmaqla verilməsi torpaq sahəsinin mülkiyyətə verilməklə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını mümkünsüz edir. Cavabdeh “iddiaya qarşı rəsmi münasibət bildirilməsi barədə” xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-425/2023 nömrəli məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda qeyd olunanları əsas gətirmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1073/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İddia ərizəsinə əlavə olunmuş: Şəki ŞİH başçısının xx.xx.1994-cü il tarixli 1/395 nömrəli sərəncamından çıxarışın surətindən görünür ki, sərəncamda adları və ünvanları qeyd edilən vətəndaşların ərizələri nəzərə alınaraq Kiş çayının sol sahilində, S.Mümtaz küçəsinin L.Abdullayev küçəsi ilə kəsişdiyi yerdən cənub istiqamətində daşlıq sahədən yaşıllıq yaratmaq məqsədilə hər birinin istifadəsinə 1200 kv.m torpaq sahəsinin verilməsi qərara alınmışdır. Siyahıda iddiaçının da adı və ünvanı (Şəki şəhəri F.Abdurahmanov küçəsi 41 nömrəli evdə yaşayan İddiaçı) qeyd olunmuşdur. Çıxarışda həmçinin qeyd olunmuşdur ki, həmin ərazidə hər hansı bir tikinti işi aparılmasına icazə verilmir. Ərazi ancaq tor və ya məhəccərlə bağlana bilər. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsinin xx.xx.2013-cü il tarixli, 133 nömrəli mütəxəssis rəyinin surətində qeyd olunur ki, Şəki ŞİH başçısının xx.xx.1994-cü il tarixli 1/395 nömrəli sərəncamı ilə yaşıllıq məqsədilə hazırlanmış torpaqayırma sənədlərinə baxılmışdır. Tərtib edilmiş torpaqayırma sənədləri mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlandığı üçün “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlaması məqsədə müvafiqdir. DTXK-nın Şəki rayon şöbəsinin xx.xx.2013-cü il tarixli 2082 nömrəli rəyində qeyd olunur ki, vətəndaş ona yaşıllıq yaratmaq üçün ayrılan torpaq sahəsinin kənarını çəpərləməklə təyinatı üzrə istifadə edir. Ona görə də Şəki şəhər sakini İddiaçı Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 1/395 saylı sərəncamı ilə yaşıllıq yaratmaq üçün verilmiş 0,12 ha torpaq sahəsindən sərəncama uyğun təyinatı üzrə istifadə etmək şərtilə torpaq sahəsinin plan və ölçüsü sənədinin hazırlanmasına DTXK-nın Şəki rayon şöbəsi etiraz etmir. X1 iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli 01-01/A-013/041 nömrəli məktubunda qeyd olunmuşdur ki, ərizəsi ilə bağlı Şəki şəhəri, Kiş çayının sol sahilində S.Mümtaz küçəsinin L.Abdullayev küçəsi ilə kəsişdiyi yerdən cənub istiqamətində yerləşən torpaq sahəsinə baxış keçirilmiş və torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına etiraz yoxdur. Ərazidən keçən 6 kV-luq İ və İİ Marxal h/x-İ 2014-cü ildə inşa edilmiş və torpaq sahəsi üçün heç bir maneəçilik yoxdur. X2 filialının xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 1/395 nömrəli sərəncamının təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, iddiaçının ərizəsi nəzərə alınmış, Kiş çayının sol sahilində, S.Mümtaz küçəsinin L.Abdullayev küçəsi ilə kəsişdiyi yerdən cənub istiqamətində daşlıq sahədən yaşıllıq yaratmaq məqsədilə istifadəsinə 1200 kv.m torpaq sahəsinin verilməsi qərara alınmışdır. Sərəncamda həmçinin qeyd olunmuşdur ki, həmin ərazidə hər hansı bir tikinti işi aparılmasına icazə verilmir. Ərazi ancaq tor və ya məhəccərlə bağlana bilər. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-1600/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı naturada göstərdiyi torpaq sahəsi 1554 kv.m olub, döngə nöqtələrinin koordinatları və sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi TEKUİS məlumatlarına əsasən faktiki olaraq 1554 kv.m olub 240 kv.m hissəsi infrastruktura (yola), qalan 1314 kv.m hissəsi isə yaşayış məntəqəsi torpaqlarına aid, uqodiyası tikintialtı olmaqla dövlət mülkiyyətinə aid ərazidir, İddiaçı naturada göstərdiyi torpaq sahəsi bildirdiyinə görə iddiaçı (İddiaçı) tərəfindən istifadə olunur. Faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Torpaq sahəsinin qərb hissəsindən 6 kV-luq elektrik xətti keçir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapır. Belə ki, məhkəmə araşdırması nəticəsində və müvafiq mütəxəssis rəyinə istinadən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. İddiaçı tələbini əsaslandırmaq üçün iddia ərizəsində yerli icra hakimiyyətinin sərəncamı əsasında mübahisəli torpaq sahəsinin ona satılmasını bildirərək mülkiyyətinə verilməsinə istinad etsə də, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Şəki Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 1/395 nömrəli sərəncamı ilə mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə deyil, istifadəsinə verilmişdir. Hətta həmin sərəncamla həmin ərazidə tikinti işlərinin aparılması qadağan edilmiş, ərazinin ancaq tor və məhəccərlə bağlanmasına icazə verilmişdir. Bununla yanaşı torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair hər-hansı mülki hüquqi müqavilə və ya digər inzibati akt aşkar edilməmişdir. Beləliklə, mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına əsas verən hər hansı hal aşkar olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki Şəhər İcra Hakimiyyəti başçısının 28 iyul 1994-cü il tarixli, 1/395 nömrəli sərəncamına əsasən Şəki şəhəri, Kiş çayının sol sahilində, S.Mümtaz küçəsinin L.Abdullayev küçəsi ilə kəsişdiyi yerdən cənub istiqamətində daşlıq sahədən yaşıllıq yaratmaq məqsədilə onun istifadəsinə verilmiş 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun reyestrdə iddiaçının adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar