Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1073/2025 13.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Fərdi yaşayış evinə dair çıxarışın İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fərdi yaşayış evinə dair çıxarışın İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən Şəki rayon Əliyar kəndində iddiaçıya məxsus 32,72 sot torpaq sahəsinin üzərində həmin kənd sakini X2 onun icazəsi olmadan ev tikmişdir. İddiaçı həmin torpaq sahəsinin ona məxsus olduğunu, X2 isə həmin torpaq sahəsinin pna bələdiyyə tərəfindən verildiyini bildirir. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, vətəndaş İddiaçı 01 avqust 2024-cü il tarixdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında ərizə ilə DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, Şəki rayon X1 xx.xx.1997-ci il tarixli 39 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün ona verilmiş Şəki rayonu, Əlyar kəndində yerləşən 3220.72 kv.metr torpaq sahəsində (DTXK Şəki rayon şöbəsi tərəfindən verilmiş A 201969 nömrəli torpaq sahəsinin planı və ölçüsü) tikilmiş fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsini xahiş etmişdir. Lakin, ərizəyə baxılması zamanı DTXK Şəki rayon şöbəsi tərəfindən İddiaçı adına tərtib edilmiş A 201969 nömrəli torpaq sahəsinin planı və ölçüsündə əks olunmuş koordinatlarda yerləşən torpaq sahəsinə ərazi idarəsinin mütəxəssisi tərəfindən baxış keçirilərkən sözügedən torpaq sahəsində digər şəxs olan Şəki rayon Əlyar kənd sakini X3 tərəfindən yaşayış evinin inşa edildiyi və mübahisə olduğu müəyyən edildiyindən ərizəçiyə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-3807/2024 №-li bildiriş verilmişdir. İddia olunan torpaq sahəsinin alqı-satqısına dair sənədlərin (alqı-satqı müqaviləsi, çıxarış) məhkəməyə təqdim olunması ilə bağlı bildiririk ki, 12 saylı Şəki Ərazi idarəsinin arxiv materiallarında DTXK Şəki rayon şöbəsi tərəfindən İddiaçı adına tərtib edilmiş A 201969 nömrəli torpaq sahəsinin planı və ölçüsündə əks olunmuş koordinatlarda yerləşən torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə dair hər hansı alqısatqı müqaviləsi, çıxarış aşkar edilməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsin xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. cavabdehin xx.xx.2024-ci il tarixli imtina məktubu
2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Kadastr və Yerquruluşu Layihə-Təhqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 39 nömrəli Protokolunun təsdiq olunmuş surəti
3. A№ 201960, A№ 201959, A№ 201968, A№ 201969 nömrəli Torpaq sahəsinin planə və ölçüsü sənədləri;
4. Azərbaycan Respublikası Dövlət X5 xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş təsərrüfatbaşına kitabdan çıxarışlar.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Lakin, iddia əsassızdır. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı adına tərtib edilmiş A 201969 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeyedə alınmasından ibarətdir. İddia ərizəsindən və iddiaçının məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilmişdir ki,iddiaçı A seriyalı 201969 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 3220.72 kv.metr torpaq sahəsinin aqrar islahatdan əvvəl ona verildiyini,daha sonra həmin torpaq sahəsindən özünün deyil, X3 adlı şəxsin istifadə etdiyini bildirmişdir.İddia ərizəsinə əsasən də həmin torpaq sahəsində fərdi yaşayış evi iddiaçı tərəfindən deyil,digər şəxs tərəfindən inşa edilmişdir.İddiaçı həmin torpaq sahəsinin ona məxsus olduğunu iddia edərək,üzərində inşa edilmiş fərdi yaşayış evinin həmin şəxs tərəfindən icazəsiz inşa olunmasını iddia tələbində göstərmişdir. Məhkəmə hesab edir ki,hazırkı iddia tələbi və iddiaçının ilkin müraciəti torpaq sahəsi ilə bağlı olmadığından mübahisəyə iddia tələbi çərçivəsində qiymət verilməlidir.Bu səbəbdən də iddia olunan fərdi yaşayış evinin iddiaçı tərəfindən inşa edilmədiyi aşkar olduğundan həmin ev üzərində onun mülkiyyət hüququnun qeydə alınması iddiası da əsassızdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddiaçıya məxsus digər fərdi yaşayış evi və torpaq sahəsi təsərrüfatbaşına kitablara əsasən də qeydə alınmışdır. İddia olunan fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin xüsusiyyətlərinin yoxlanılması məqsədi ilə verilmiş sorğuya əsasən mütəxəssis rəyi tələb olunmuşdur.İddiaçı yazılı qaydada müraciət edərək rəyin verilməsinə etiraz etdiyini,müvafiq rüsumu ödəməyəcəyini bildirmişdir. Məhkəmə aşağıdakı normaalrı işin hallarına tətbiq edərək hesab edir ki, iddia əsassızdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). Həmin Qanunun 10-cu maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsində isə deyilir ki, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair çıxarışın İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.