Məhkəmə qərarları › İş №2-1(116)-1075/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1075/2021

08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1075/2021 08.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Hacı-X6 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin qarşı “Şəki rayon Aqrar İslahatı Komissiyasının 25 mart 1998-ci il tarixli 46 nömrəli qərarı ilə Şəki rayonu Oxud kəndi ərazisindən X1 mülkiyyətinə verilmiş torpaq sahələrinə dair A№ 342132 saylı və A№342133 saylı” Torpaq sahəsinin planı və ölçüsü” sənədlərindəki əsas döngə nöqtələrinin koordinatlarındakı yanlışlığı aradan qaldıraraq, torpaq sahələrinin faktiki olaraq naturadakı əsas döngə nöqtələrinin koordinatlarını A№ 342132 saylı və A№342133 saylı ”Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinə əlavə etməklə X1 vərəsəsi kimi onun həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına daşınmaz əmlakın dövlət reyestindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Şəki rayon Aqrar İslahatı Komissiyasının 25 mart 1998-ci il tarixli 46 nömrəli qərarı ilə Şəki rayonu Oxud kəndi ərazisindən X1 mülkiyyətinə verilmiş torpaq sahələrinə dair A№ 342132 saylı və A№342133 saylı” Torpaq sahəsinin planı və ölçüsü” sənədlərindəki əsas döngə nöqtələrinin koordinatlarındakı yanlışlığı aradan qaldıraraq, torpaq sahələrinin faktiki olaraq naturadakı əsas döngə nöqtələrinin koordinatlarını A№ 342132 saylı və A№342133 saylı ”Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinə əlavə etməklə X1 vərəsəsi kimi onun həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına daşınmaz əmlakın dövlət reyestindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 22.06.2021-ci il tarixdə daxil olmuş və həmin taridən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən X2 adına Şəki rayon Aqrar İslahatı Komissiyasının 25 mart 1998-ci il tarixli 46 nömrəli qərarı ilə Şəki rayonu Oxud kəndi ərazisindən 520,6 kv.m və 289,18 kv.m həyətyanı torpaq sahələri verilmiş, həmin torpaq sahələrinə A№ 342132 saylı və A№ 342133 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri verilmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, o, X2 vərəsəsidir. İddiaçı kimi qonşusu cavabdeh X8 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsində baxılan mülki işlə bağlı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 18 dekabr 2020-ci il tarixli 594 saylı rəyindən müəyyən olunmuşdur ki, X1 faktiki olaraq naturada ekspertiza baxışına təqdim etdikləri torpaq sahələri ilə A№ 342132 saylı və A№ 342133 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri üzrə X1 mülkiyyətinə verilmiş 520,6 kv.m və 289,18 kv.m torpaq sahələrinin plan üzrə göstərilən koordinatları ilə üst-üstə düşmür. Ona görə də həmin iş üzrə iddiaçı Şəki Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş və onun iddia ərizəsi Şəki Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli 2(075)-36/2021 saylı qərardadı ilə baxılmamış saxlanılmışdır. İddiaçı cavabdeh orqana müraciət edərək, fərdi yaşayış evinə və torpaq sahələrinə dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 21.05.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, mərhum X4 məxsus Şəki rayonu, Oxud kəndində yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə köməklik göstərilməsi barədə iddiaçının 03 may 2021-ci il tarixli müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsində baxılmışdır. Bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Təqdim edilən ərizəyə fərdi yaşayış evinin qeydiyyatı ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən verilmiş 10 oktyabr 2000-ci il tarixli, A№ 342132 saylı torpaq sahəsinin planı və ölçüsü və təsərrüfatbaşına kitabda evin kimin adına olması barədə Şəki Şəhər İcra Hakimiyyətinin Oxud kənd inzibati ərazi dairəsinin 24 yanvar 2021-ci il tarixli, 258 saylı arayşı, ölüm haqqında şəhadətnamənin surəti, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin X3 vərəsələr dairəsi haqqında məktubu əlavə edilsə də, həyətyanı torpaq sahəsinin hüdudları daxilində qonşuya məxsus köməkçi tikili olmaqla mübahisə olduğundan, həmçinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında“ Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 saylı Fərmanının 2.3.2-ci bəndinə əsasən torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda yeni hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin yazılı razılığı əsasında yol verildiyindən və razılıq ərizəsi ərazi idarəsinə təqdim edilmədiyindən mürciətin fərdi yaşayış evinə aid hissəsini təmin etmək mümkün olmamışdır. Sərbəst torpaq sahəsinin qeydiyyatı ilə bağlı DTXK-nın Şəki rayon şöbəsi tərəfindən verilmiş 10 oktyabr 2000-ci il tarixli, A№ 342133 saylı torpaq sahəsinin planı və ölçüsü təqdim olunsa da, torpaq sahəsinin sənəd üzrə yerləşmə yeri ilə faktiki yerləşmə yeri arasında olan uyğunsuzluq torpaq sahəsinin qeydiyyatını mümkünsüz etmişdir. Eyni zamanda bildirilir ki, daşınmaz əmlakın qeydiyyatı üçün tələb olunan sənədlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrinin tələblərinə uyğun təqdim ediləcəyi təqdirdə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən müəyyən edilmiş dövlət rüsumu ödənilərək müayinə ölçü işlərinin aparılması təmin edildikdən sonra qeydiyyata alınacaq fərdi yaşayış evi və torpaq sahəsi magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında yerləşməzsə hüquqların dövlət qeydiyyatının aparılmasına qanunvericiliyin tələblərinə uyğun baxılacaqdır. Həmçinin tərəfimizdən hazırlanacaq sənədlərə görə Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 04 yanvar 2021-ci il tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş xidmət haqqının ödənilməsi zəruridir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 28.07.2021-ci il tarixli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda qeyd olunanları əsas gətirərək iddia tələbinə etirazını bildirmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli, 2(075)- 36/2021 nömrəli qərardadından görünür ki, həmin iş üzrə iddiaçılar X9, X12, X14, İddiaçı və X10 həmin iş üzrə cavabdeh X8 qarşı “X7 A seriyalı, 342133 nömrəli, habelə A seriyalı, 342132 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri üzrə ailələrinə verilmiş Şəki rayonu, Oxud kəndində yerləşən 289.18 kv.m və 520.6 kv.m torpaq sahələrindən çıxarılması” tələbinə dair ilk və X7 X9, X12, X14, İddiaçı və X13 qarşı “qanunsuz inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi A seriyalı, 342133 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Şəki rayon AİK-nın 25.03.1998-ci il tarixli, 46 nömrəli qərarı ilə Şəki rayonu, Oxud kəndində yerləşən 289.18 kv.m həyətyanı torpaq sahəsi X5 verilmiş, sənəd X24 kitabında 10.10.2011-ci il tarixdə 8525a nömrəl ilə uçota alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi A seriyalı, 342132 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Şəki rayon AİK-nın 25.03.1998-ci il tarixli, 46 nömrəli qərarı ilə Şəki rayonu, Oxud kəndində yerləşən 520.6 kv.m həyətyanı torpaq sahəsi X5 verilmiş, sənəd X24 kitabında 10.10.2011-ci il tarixdə 8525 nömrəl ilə uçota alınmışdır. İş materiallarında olan 290 inventar nömrəli, 1988-ci ilin may ayında tərtib edilən “fərdi yaşayış evinin texniki pasportu”ndan görünür ki, Şəki rayonu, Oxud kəndində sənəd üzrə 1000 kv.m, faktiki 1446.1 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evi X1 mülkiyyətindədir. Məhkəmə iddiaçını cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizə və ona əlavə edilən sənədlərdən görünür ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsində hüquqi marağı Şəki rayon Aqrar İslahatı Komissiyasının 25 mart 1998-ci il tarixli 46 nömrəli qərarı ilə Şəki rayonu Oxud kəndi ərazisindən X1 mülkiyyətinə verilmiş torpaq sahələrinə dair A№ 342132 saylı və A№342133 saylı” Torpaq sahəsinin planı və ölçüsü” sənədlərindəki əsas döngə nöqtələrinin koordinatlarındakı yanlışlığı aradan qaldıraraq, torpaq sahələrinin faktiki olaraq naturadakı əsas döngə nöqtələrinin koordinatlarını A№ 342132 saylı və A№342133 saylı ”Torpaq sahəsinin planı və ölçüsü“sənədlərinə əlavə etməklə X1 vərəsəsi kimi onun həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına daşınmaz əmlakın dövlət reyestindən çıxarışın verilməsindən ibarətdir. Cavabdeh orqan A 342132 nömrəli plan ölçü sənədi üzrə həyətyanı torpaq sahəsinin hüdudları daxilində qonşuya məxsus köməkçi tikili olmaqla mübahisə olduğundan, həmçinin torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda yeni hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin yazılı razılığı əsasında yol verildiyindən və razılıq ərizəsi ərazi idarəsinə təqdim edilmədiyindən, A 342133 saylı plan ölçü sənədi üzrə isə torpaq sahəsinin sənəd üzrə yerləşmə yeri ilə faktiki yerləşmə yeri arasında uyğunsuzluq olduğundan müraciətin təmin edilməsindən imtina etmiş və beləliklə tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mübahisəli torpaq sahələrini və evi vərəsəlik qaydasında qəbul etməsi barədə sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçının hüquqi marağı mərhum atası X5 müvafiq qərarlarla verilmiş 289.18 kv.m və 520.6 kv.m torpaq sahələrinə dövlət reyestrindən çıxarış almaqdan ibarət olsa da, daşınmaz əmlakın mülkiyyətçisinin vəfatından sonra vərəsəliklə bağlı müvafiq orqana müraciət edilməmişdir. İddiaçı mübahisəli əmlak üzrə mirası notarial qaydada qəbul etmədiyi üçün hazırkı vəziyyətdə həmin əmlakla bağlı iddiaçının hər hansı iddia irəli sürmə hüququ istisna olunur. Bundan başqa məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsinə əlavə edilən Şəki Rayon Məhkəməsinin müvafiq qərardadından görünür ki, İddiaçı mərhum X1 tək vərəsəsi deyildir. Belə ki, sözügedən qərardaddan X9, X12, X14, X10 həmçinin mərhum X1 vərəsələri olması müəyyən olunur. Lakin yerdə qalan digər vərəsələrin miras əmlaka dair vərəsəliyi qəbul etməsi təsdiqini tapmamış və bu barədə iş materiallarına müvafiq sənədlər əlavə edilməmişdir. İddiaçı mübahisəli əmlak üzrə tək vərəsə olmadığı üçün və ümumiyyətlə mirası nə notarial, nə də faktiki olaraq qəbul etmədiyi üçün hazırkı vəziyyətdə iddiaçının həmin əmlakla bağlı hər hansı iddia irəli sürmə hüququ istisna olunur. Azərbaycan Respublikasının mülki qanunvericiliyində mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mülki Məcəllənin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Mülki Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunvericiliyinin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, mərhumun hüquqlarının ona keçdiyini irəli sürən vərəsəsi hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi üçün daşınmaz əmlakın qeydiyyatını aparan orqana müraciət etməli, bu arayış əsasında vərəsəlik sənədləri onu təqdim edən vərəsənin adına rəsmiləşdirilməli, yəni, sonuncuya bu barədə vərəsəlik şəhadətnaməsi verilməli, bundan sonra həmin vərəsə vərəsəlik şəhadətnaməsini qeydiyyat orqanına təqdim etməli və daşınmaz əmlak üzərində hüquq onun adına dövlət qeydiyyatına alınmalıdır. Lakin işdən görünür ki, iddiaçı, mərhumun miras əmlakına dair vərəsəlik şəhadətnaməsinə malik olmadığı üçün, vəfat etmişin ayrılmış torpaq sahələri üzərində mülkiyyət hüququnun öz adına dövlət qeydiyyatına alınması üçün əvvəlcə sözügedən arayışın verilməsindən ötrü cavabdehə müraciət etməli olduğu halda, bunu etməmişdir. Digər tərəfdən, o, yalnız bu arayış, ondan sonra vərəsəlik şəhadətnaməsini əldə etdikdən sonra hazırkı iddianı irəli sürə bilərdi. Bununla belə inzibati orqan mərhumun mülkiyyət hüququnun qeydə alınmasından imtina etdiyi üçün hazırki məzmunda iddianın verilməsi qəbulediləndir və mümkündür. Lakin yuxarıda sadalananlardan göründüyü kimi iddiaçı vərəsə olması barədə sübutu məhkəməyə təqdim etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanın hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin qarşı “Şəki rayon Aqrar İslahatı Komissiyasının 25 mart 1998-ci il tarixli 46 nömrəli qərarı ilə Şəki rayonu Oxud kəndi ərazisindən X1 mülkiyyətinə verilmiş torpaq sahələrinə dair A№ 342132 saylı və A№342133 saylı” Torpaq sahəsinin planı və ölçüsü” sənədlərindəki əsas döngə nöqtələrinin koordinatlarındakı yanlışlığı aradan qaldıraraq, torpaq sahələrinin faktiki olaraq naturadakı əsas döngə nöqtələrinin koordinatlarını A№ 342132 saylı və A№342133 saylı ”Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinə əlavə etməklə X1 vərəsəsi kimi onun həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına daşınmaz əmlakın dövlət reyestindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar