Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1077/2021 11.11.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə uyğun olaraq notariat orqanına təqdim edib “Ərizə bəyannamə” almaq üçün 2 nəfərdən ibarət olan ailə tərkibi haqqında arayışın mənə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Mingəçevir İcra hakimiyyətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “2 nəfərdən ibarət olan ailə tərkibi haqqında arayışın mənə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən 30.06.2021-ci il və 17.07.2021-ci il tarixlərdə iddiaçıya tələbin cavabdeh inzibati orqanla bağlı hissəsinin dəqiqləşdirilməsi təklif edilmiş, iddiaçı 29.07.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh inzibati orqan olaraq Cavabdeh Başçısının 2 nömrəli Sahə Ərazi İnzibati Dairəsi üzrə Nümayəndəliyini qeyd etmiş, iddia tələbini həmin cavabdehə qarşı yönəltmişdir. Şəki İnzibati Məhkəməsinin 06.08.2021-ci il tarixli 2-1(116)-1077/2021 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini ailəsinin 2 nəfərdən ibarət olması (özü və 8 yaşına çatmayan övladı), başqa ailə üzvünün olmaması, 8 yaşına çatmamış körpə uşağa baxan tək subay ana kimi orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olması, buna görə də ailəsinin sosial yardım almaq hüququna malik aztəminatlı ailə olması ilə əsaslandırmışdır. O, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə uyğun olaraq notariat orqanına təqdim edib “Ərizə bəyannamə” almaq üçün 2 nəfərdən ibarət olan ailə tərkibi haqqında arayışın alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, yaşadığı ünvanda valideynləri yaşasa da o, özünün və qızının ehtiyaclarını valideynlərinin köməyi olmadan qarşılayır. Buna görə də yalnız eyni ünvanda yaşaması əsas gətirilərək onun valideynləri ilə birgə təsərrüfat aparması ilə bağlı cavabdeh inzibati orqanın mövqeyini düzgün hesab etmir. Hesab edir ki, əgər eyni ünvanda yaşayan şəxslərin həm də birgə təsərrüfat aparması nəzərdə tutulmuş olsaydı, “VEMTAS” portalında ünvanda yaşayan digər şəxslər (valideynin ailəsi) sualının, ailə üzvlərinin sayı sualından ayrıca göstərilməsinə ehtiyac qalmazdı. Cavabdeh iddia tələbinə etirazını iddiaçının Mingəçevir şəhər İHB-nın 2 №-li sahə İƏD üzrə nümayəndəliyə birbaşa müraciət etməməsi, iddiaçının Mingəçevir ŞİH-nə etdiyi müraciəti 01.06.2021-ci il tarixli məktubla 2 №-li sahə İƏD üzrə nümayəndə Faiq Mustafayevə göndərilməsi, müraciətlə əlaqədar iddiaçının yaşadığı H.Z.Tağıyev küçəsindəki 24 №-li evə baxış keçirilməsi, evdə 4 nəfər ailə üzvünün yaşamasının (İddiaçı, qızı Miray Həsənli, anası Əzimova Şəhla və atası Əzimov Mübariz) müəyyən edilməsi, bu barədə aktın tərtib olunması və iddiaçı tərəfindən imzalanması, nümayəndəlik tərəfindən iddiaçıya 4 nəfərdən ibarət ailə tərkibi haqqında arayışın verilməsinin təklif olunması ilə əsaslandırmışdır. Həmçinin qeyd olunmuşdur ki, iddiaçı valideynləri və qızı ilə bir evdə yaşayır, birgə təsərrüfat aparır, buna görə də iddiaçıya özü və qızı barədə ayrıca arayışın verilməsi mümkünsüzdür. Göstərilən nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - MKT İstehsalat Birliyinin 17.05.2021-ci il tarixli 631 №-li arayışından görünür ki, iddiaçı H.Z.Tağıyev küçəsi 24 №-li evdə yaşayır və onun ailə üzvü 2018-ci il təvəllüdlü X1 ibarətdir. - Mingəçevir ŞİHB-nın 2 nömrəli Sahə İƏD üzrə nümayəndəliyinin 11.06.2021-ci il tarixli 76 nömrəli məktubundan görünür ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. - Mingəçevir ŞİHB-nın 2 nömrəli Sahə İƏD üzrə nümayəndəliyi tərəfindən 08.06.2021-ci il tarixdə tərtib edilmiş və nümayəndə, onun müavini, MKTİB-nin sahə nəzarətçisi və iddiaçı tərəfindən imzalanmış aktdan görünür ki, iddiaçı ilə birlikdə yaşayan ailə üzvləri olaraq qızı X3, anası X4, atası X7 qeyd olunmuşdur. Göstərilmişdir ki, iddiaçının bacısı isayeva Könül Mübariz qızı və digər şəxs X5 qeydiyyatda olduğu halda həmin ünvanda yaşamırlar. Akt qonşuların veridiyi şifahi məlumat əsasında göstərilən şəxslərin həmin ünvanda yaşaması ilə əsaslandırılmışdır. - iddiaçının qohumluq məlumatlarına dair “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, iddiaçının qızı X3 18.08.2018-ci il tarixdə doğulmuşdur. - Mingəçevir Şəhər Məhkəməsinin 15.02.2021-ci il tarixli 2(051)-194/2021 nömrəli qətnaməsindən görünür ki, X6 ilə İddiaçı arasında olan, 28 avqust 2017-ci ildə Mingəçevir şəhər Nikah Evində bağlanmış, 209 saylı nikah qeydi pozulmuş, nikah pozulduqdan sonra 18 avqust 2018-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması müəyyən olunmuşdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh şifahi məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ünvanladığı teleqramda 11 noyabr tarixində Mingəçevir şəhərinə şəhər statusunun verilməsinin 73-cü il dönümü ilə əlaqədar tədbirlər keçiriləcəyini bildirərək, məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, iddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə cavabdeh inzibati orqanın iddiaçının müvafiq arayışın verilməsi üçün birbaşa nümayəndəliyə müraciət etməməsi ilə bağlı etirazına münasibətdə qeyd edir ki, hər bir halda Cavabdeh tərəfindən 01.06.2021-ci il tarixli məktubla iddiaçının müraciəti nümayəndəliyə yönəldilmiş və cavabdeh tərəfindən iddiaçının müraciəti əsasında inzibati araşdırma aparılmışdır (iddiaçının yaşadığı ünvana baxış keçirilmiş, müvafiq akt tərtib edilmiş). Yəni, iddiaçının hüquqi marağına uyğun olaraq, aidiyyəti inzibati orqanda inzibati araşdırma aparılmış və müraciətin təmin edilməsindən imtina edilməklə inzibati icraat başa çatmışdır. Odur ki, məhkəmə cavabdehin həmin dəlili ilə razılaşmır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İş materiallarından görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ona ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün təqdim etməli olduğu sənədlərdən biri olan “ailə tərkibi haqqında” arayışın 2 nəfər ailə üzvü ilə birlikdə (özü və qızı) əldə edilməsinə nail olmaqdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 5.1.9-ci bəndində ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar vermək inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyəti olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş, ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. İddiaçı öz ailə tərkibinin 2 nəfərdən ibarət olmasını, cavabdeh inzibati orqan isə iddiaçının ailə tərkibinin 4 nəfərdən ibarət olmasını bildirir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun ailəyə belə bir anlayış vermişdir qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər (m.1.0.2). Odur ki, ünvanlı dövlət sosial yardımla bağlı mübahisələrdə məhz bu anlayış əsas götürülməlidir. Belə ki, ailə hesab edilə bilmək üçün digər tələblərlə yanaşı, birgə yaşayan şəxslərin ümumi ev təsərrüfatına malik olmaları, yəni birgə təsərrüfat aparmış olmaları müəyyən olunmalıdır. Digər tərəfdən isə ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı elektron müraciətin edilməsi zamanı şəxslərdən eyni ünvanda yaşadıqları həm öz ailə üzvləri, həm də digər ailə(lər) barədə məlumat vermələri tələb olunur. Beləliklə, həm mövcud qanunvericilik, həm də ünvanlı dövlət sosial yardım almaq üçün müraciətləri qəbul etmək üçün dövlət tərəfindən yaradılmış sistemin özü prinsip etibarilə bir ünvanda bir neçə ayrı ailə(lər)nin yaşamasının mümkünlüyünü qəbul edir. Məhz buna görə də, müraciəti qəbul edən elektron sistem şəxsdən öz ailəsi ilə bağlı məlumatlarla yanaşı, varsa eyni ünvanda yaşayan digər ailə(lər) barədə məlumat vermələrini də tələb edir. Ailə Məcəlləsinin 56.2-ci maddəsinə əsasən uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir. Qeyd olunan maddənin tələbindən görünür ki, iddiaçı ilə eyni ünvanda yaşayan valideynləri iddiaçı və onun övladını saxlamağa və maddi cəhətdən təmin etməyə borclu deyillər. Hazırki işin hallarından isə müəyyən olunur ki, cavabdeh müvafiq arayışın verilməsindən imtina edərkən yalnızca birgə yaşama halının mövcudluğuna istinad etmiş, 4 nəfər birgə yaşayan şəxsin ümumi birgə təsərrüfat aparıb-aparmamasını ümumiyyətlə araşdırmamış və müəyyən etməmişdir. Belə ki, cavabdeh bu zaman sübut kimi baxış aktına əsaslanmışdır. Lakin, baxış zamanı yalnız iddiaçının atası, anası və azyaşlı övladının həmin ünvanda yaşadıqları müəyyən edilmişdir. Hansı ki, iddiaçı özü də bu halı təsdiq edir. Lakin, bu heç də cavabdeh inzibati orqana iddiaçının və valideynlərinin ümumi ev təsərrüfatına malik olmaları qənaətinə gəlməyə əsas vermir. Yəni, iddiaçının valideynləri ilə bir ünvanda yaşamasının yoxlanılması yetərli deyil, onların ümumi ev təsərrüfatına malik olub-olmaması da müəyyən edilməlidir. Belə ki, şəxslərin eyni ünvanda yaşaması faktı özlüyündə birgə yaşayan şəxslərin birgə ev təsərrüfatı aparması qənaətini yaratmır. Ümumi ev təsərrüfatının aparılması dedikdə isə, əldə olunan qazancın ailənin ümumi ehtiyaclarına sərf edilməsi, o cümlədən mövcud əmlakın birgə təsərrüfat fəaliyyətinin nəticəsində əldə edilməsi başa düşülür. Cavabdeh inzibati orqan iddiaçının valideynləri ilə eyni ünvanda yaşama faktını birgə təsərrüfatın aparılması kimi qiymətləndirərək yanlış nəticəyə gəlmiş, ümumi birgə təsərrüfatın aparılması halının mövcudluğunu müəyyən etmədən iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 15.02.2021-ci il tarixli 2(051)-194/2021 nömrəli qətnaməsi ilə azyaşlı Miray Həsənlinin anasının himayəsində saxlanması müəyyən olunduğundan, həmçinin qeyd edilən ünvanda yaşayan şəxslərin ümumi ev təsərrüfatına malik olması halı müəyyən edilmədiyindən, iddiaçı övladı ilə birlikdə 2 nəfərlik ailə tərkibi haqqında arayışın cavabdeh inzibati orqan tərəfindən ona verilməsini tələb etməkdə haqlı olmuşdur. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə iddiaçı ona 2 nəfərlik ailə tərkibi haqqında arayışın cavabdeh inzibati orqan tərəfindən ona verilməli olmasını sübuta yetirmiş, cavabdeh inzibati orqan isə müvafiq arayışın iddiaçıya verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin üzərinə İddiaçı “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə uyğun olaraq notariat orqanına təqdim edib “Ərizə bəyannamə” almaq üçün 2 nəfərdən (X3 və İddiaçı) ibarət olan “ailə tərkibi haqqında” arayışın verilməsi vəzifəsi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1077/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1077/2021
11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver