Məhkəmə qərarları › İş №2-1(116)-1078/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1078/2022

01.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1078/2022 01.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08.06.2020-ci il tarixli, **********516100 nömrəli Qərarının ləğvi tələbinə dair” iddia ərizəsinə və inzibati iş materiallarına yazılı icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08.06.2020-ci il tarixli, **********516100 nömrəli Qərarının ləğvi tələbinə dair” iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 02.12.2021-ci il tarixli e-2-1(112)-11309/2021 nömrəli qərardadına əsasən, həmin iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Göstərilən qərardad, cavabdehin Göyçay rayonunun ərazisində olması və Göyçay rayonunun Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına adi olması ilə əsaslandırılmış, buna görə də İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisənin ərazi aidiyyətinin Şəki İnzibati Məhkəməsinə aid olması qeyd edilmişdir. Lakin, Şəki İnzibati Məhkəməsi aşağıdakı hallara görə hazırkı işə baxmaq üçün özünü səlahiyyətli saymır. Belə ki, hazırkı iddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən, “mübahisələndirmə haqqında” iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır... Maddənin birinci cümləsindən göründüyü kimi, “mübahisələndirmə haqqında” iddiaların ərazi aidiyyəti ilə bağlı əsas qayda bundan ibarətdir ki, bu qəbildən olan işlərə cavabdeh inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Həmin maddənin ikinci cümləsində olan istisnaya görə isə, əgər inzibati orqanın səlahiyyətinin əhatə etdiyi ərazi iki və daha çox məhkəmənin yurisdiksiyasına aiddirsə, bu halda, işə artıq cavabdehin deyil, hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Müəyyən olunur ki, cavabdeh 9 saylı Ərazi Vergilər İdarəsinin səlahiyyəti Ucar, Ağdaş, Göyçay, Zərdab, Kürdəmir rayonlarının ərazilərini əhatə edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14.11.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası"na əsasən, Ağdaş, Göyçay, Ucar, Zərdab rayonları Şəki İnzibati Məhkəməsinin, Kürdəmir rayonu Şirvan İnzibati Məhkəməsinin, həmçinin Bakı şəhəri Yasamal rayonu - Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, 9 saylı Ərazi Vergilər İdarəsinin səlahiyyəti, iki məhkəmənin (Şəki İnzibati Məhkəməsi və Şirvan İnzibati Məhkəməsi) yurisdiksiyasına aid olan ərazini əhatə edir. Belə olan halda, İPM-nin 8.1.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq, işə cavabdeh inzibati orqanın deyil, iddiaçının olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. İddiaçının ünvanı Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşdiyindən, qaldırılan iddia tələbinə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Şəki İnzibati Məhkəməsi hazırkı işə baxmağa səlahiyyətli deyildir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinin tələbinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Konkret halda prosessual qanunvericiliyin tələbi baxımından mübahisənin predmetinin ərazi aidiyyəti Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olmasına baxmayaraq, hazırkı inzibati iş aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İPM-nin 9.1.3-cü maddəsinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda, ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Şəki İnzibati Məhkəməsi üçün yuxarı məhkəmə instansiyası Şəki Apellyasiya Məhkəməsi olduğuna görə hazırkı iş ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi məqsədilə Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldım : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08.06.2020-ci il tarixli, **********516100 nömrəli Qərarının ləğvi tələbinə dair” inzibati iş ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi məqsədilə Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar