Məhkəmə qərarları › İş №2-1(116)-1079/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1079/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1079/2024 05.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “10 sentyabr 1987-ci il tarixdə paraqraf 1-29 nömrəli əmrlə Şəki X4nda 2-ci dərəcəli sürücü vəzifəsinə işə qəbul edilməsi və 1 fevral 1996-cı il tarixdə paraqraf 4-15 nömrəli əmrə əsasən ixtisara düşməsinin ümumi sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəmə iddia ərizəsi ilə müraciət edərək “10 sentyabr 1987-ci il tarixdə paraqraf 1-29 nömrəli əmrlə Şəki X4nda 2-ci dərəcəli sürücü vəzifəsinə işə qəbul edilməsi və 1 fevral 1996-cı il tarixdə paraqraf 4-15 nömrəli əmrə əsasən ixtisara düşməsinə dair hüquqi faktların müəyyən edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəni məhkəməyə təqdim edərək, 10 sentyabr 1987-ci il tarixdə paraqraf 1-29 nömrəli əmrlə Şəki X4nda 2-ci dərəcəli sürücü vəzifəsinə işə qəbul edilməyi və 1 fevral 1996-cı il tarixdə paraqraf 4-15 nömrəli əmrə əsasən ixtisara düşməyinin ümumi sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-1079/2024 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəni icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - İddiaçı əmək kitabçasında faktiki göstərildiyi kimi 10 sentyabr 1987-ci il tarixdə paraqraf 1- 29 nömrəli əmrlə Şəki X4na İİ dərəcgəli sürücü vəzifəsinə işə qəbul edilmiş və 1 fevral 1996-cı il tarixdə paraqraf 4-15 nömrəli əmrə əsasən ixtisara düşdüyü üçün tutduğu vəzifədən azad edilmişdir. Həmin illərdə işləməyi ilə bağlı əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. O, yaşa görə pensiya təyin edilməsi ilə bağlı müvafiq sənədləri toplayaraq DSMF-nin Şəki şəhər şöbəsinə təqdim etmişdir. Təqdim etdiyi sənədlər Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalında müzakirəyə çıxarılmış və 05 iyun 2023-cü il tarixli 3-17- 1/2-j-125144/2023 nömrəli cavab məktubu ilə ona yaşa görə pensiya təyin olunması mümkün olmamış, DSMF-nin Şəki şəhər şöbəsnə "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsdə saxlanılan uçot məlumatlarına Təcili yardım stansyası üzrə İddiaçı şəxsi hesab vərəqəsinə əsasən 1978-1992 illərdə hesablanmış əmək haqqı məbləğləri müəyyən edilmişdir. 10 sentyabr 1987-ci il tarixdə işə qəbul və 1 fevral 1996-cı ildə ixtisara düşərək işdən azad edilməyi ilə bağlı xəstəxananın X4 ayrıca müəssisə olduğundan əmr kitabları özlərində saxlanılmışdır. 2010-cu ildə islahatlar aparılmış X4 xəstəxanaya birləşdirilsə də əmr kitabları xəstəxananın arxiv bölməsinə təhvil verilməmişdir. Hazırda kobud sürətdə pozulan hüquqlarını müdafiə etmək üçün ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Şəki X4nda 2-ci dərəcəli sürücü vəzifəsində işlədiyini iddia edir. Cavabdeh orqanın imtina məktubunda İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1996-cı il tarixədək əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yarandığını və bu araşdırma nəticəsində Şəki X4nın əmr kitablarını Şəki rayon Mərkəzi Xəstəxanasına təhvil verilmədiyi aşkar edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.1987-xx.xx.1996-cı il tarixləri arasındakı dövrün İddiaçı sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən İddiaçı ünvanlanan məktubda iddiaçının mübahisələndirilməyon sığorta stajının 21 ili 0 ay 16 gün təşkil etdiyi qeyd edilmişdir. Həmçinin qeyd etməliyik ki xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-cı maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1,1-ci maddəsinə uyğun olaraq 2019-cu ı! yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-cı maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-cı maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxıl olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-cı tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasına əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları nın (bundan sonra Qaydalar) 4-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 4.1-ci bəndinə əsasən, sığortaolunanlarm qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən; 3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğui olan fızıkı şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən,

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən; „ 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə - dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra - fərdi uçot) məlumatlarına əsasən; Məhz bu səbəblərə görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 512 nömrəli arayışı, H3 ******* nömrəli hərbi bilet, xx.xx.1974-cü il tarixli əmək kitabçası, “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubu, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş pensiya təyinatı alt sistemindən çıxarış.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyət etibarilə əsassızdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddia tələbindən göründüyü kimi məhkəmədə hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır. İddiaçı, bu məqsədlə 10 sentyabr 1987 tarixindən-1 fevral 1996-cı il tarixinədək əmək fəaliyyəti müddətinin sosial sığorta stajına əlavə edilməsini tələb edir. İddiaçı, sübut qismində özünə məxsus əmək kitabçasını təqdim edir. Belə ki, sözügedən əmək kitabçasında onun xx.xx.1987-ci il tarixdə işə qəbul edilməsi öz əksini tapmışdır. İddiaçının xx.xx.1996-cı ildə işdən azad olunması barədə qeydə münasibətdə isə əmək kitabçasına müdaxilənin olması aşkar visual baxışla müəyyən edilir. Belə ki, icra edilmiş qeydlərdə yol verilmiş pozuntular və düzəlişlər həmin qeydlərin mötəbərliyini aradan qaldırmaqla onların özlərinin də, əlavə olaraq sübut olunması zərurətini yaradır. İş materiallarında olan Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2022-ci il tarixli, 512 saylı arayışı ilə iddiaçıya 1987-1992-ci illər üzrə əmək haqqının hesablanması müəyyən edilir. İddiaçının işə qəbul və işdən azad edilməsinə dair müvafiq əmrləein təqdim edilməsi Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən tələb edilmiş, sonuncu, xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, Şəki Təcili və X2 Stansiyası həmin dövrdə ayrıca müəssisə olduğundan kiçik tibb işçilərinin əmr kitabları və şəxsi işləri özündə saxlanılmış, 2010-cu il tarixdə “Şəki RMX” PHŞ-yə birləşdikdən sonra sorğu edilən dövrə aid əmr kitabları və şəxsi işlər ümumi şöbənin arxiv bölməsinə təhvil verilməmişdir. Buna görə də, sorğu edilən sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Cavabdeh orqan iddiaçının 1987, 1990-1991-ci illər üzrə 16 ay əmək haqqı almadığı dövrləri və xx.xx.1992-xx.xx.1996-cı illəri sosial sığorta stajına daxil etməmiş, iddiaçının mübahisələndirilməyən sosial sığorta stajını 21 il 8 ay 6 gün müəyyən etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının sosial sığorta stajı hesablanmış və müəyyən edilmişdir ki, iddiaçının xx.xx.1992-xx.xx.1996-cı illər üzrə əmək fəaliyyəti nəzərə alınmadıqda ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan minimum 25 il sosial sığorta stajı tamamlanmır. Odur ki, iddiaçının xx.xx.1992-xx.xx.1996-cı illər üzrə əmək fəaliyyəti müddəti iş üzrə mötəbər sübutlarla təsdiqlənmədiyindən qalan müddətin sosial sığorta stajına daxil edilməsi yekun olaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsinə səbəb olmayacaqdır. Başqa sözlə xx.xx.1992-xx.xx.1996-cı illər nəzərə alınmadan iddiaçının 25 sosial sığorta stajı tamamlanmadığından məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçının xx.xx.1987-xx.xx.1992-ci illər arasında olan əmək fəaliyyəti müddəti sosial sığorta stajına daxil edildikdə belə ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 illik stajı tamamlamayaqdır. Belə ki, hüquqi baxımdan, staja daxil edilən dövr konkret hüquqi nəticə yaratmalıdır. Hər hansı bir dövrün sosial sığorta stajına daxil edilməsi yalnız o halda hüquqi nəticəyə səbəb olacaq ki, həmin dövr pensiya hüququnun yaranması ilə nəticələnsin Yəni, 25 illik sosial sığorta stajının tamamlanmasına səbəb olmayan bir müddət iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi hüququnu qazandırmayacaqsa, o zaman həmin dövrün staja daxil edilməsi tələbi əsassız olacaqdır. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “10 sentyabr 1987-ci il tarixdə paraqraf 1-29 nömçrəli əmrlə Şəki X4nda 2-ci dərəcəli sürücü vəzifəsinə işə qəbul edilməyi və 1 fevral 1996-cı il tarixdə paraqraf 4-15 nömrəli əmrə əsasən ixtisara düşməyinin ümumi sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar