Məhkəmə qərarları › İş №2-1(116)-108/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-108/2023

24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-108/2023 24.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6, üçüncü şəxslər Zaqatala rayonunun Aşağı Çardaxlar bələdiyyəsinin sədri X7, X3 və X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “torpaq islahatı zamanı İddiaçı Zaqatala rayonunun Uzunqazmalar kəndində yerləşən 1,29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə və 0,28 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının mümkün olması üçün həmin torpaq sahələrinə çıxarışların tərtib olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq islahatı zamanı İddiaçı Zaqatala rayonunun Uzunqazmalar kəndində yerləşən 1,29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə və 0,28 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının mümkün olması üçün həmin torpaq sahələrinə çıxarışların tərtib olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, torpaq islahatı zamanı iddiaçı və ailə üzvlərinin adına Zaqatala rayonu Uzunqazmalar kəndindən 3166 kv.m, 2701 kv.m, 1,29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahələri və 0,28 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsindən İddiaçı adına verilmiş Dövlət torpaq kadastrı kitabında xx.xx.2009-cu il tarixdə 50 nömrə ilə uçota alınmış A seriyalı 208488 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilərək, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömərli qərarı ilə ona kənd təsərrüfatı məhsullarının istehsalı üçün Zaqatala rayonu Uzunqazmalar kəndində yerləşən 3166 kv.m torpaq sahəsi ayrılmışdır. Bundan başqa Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsindən İddiaçı adına verilmiş Dövlət torpaq kadastrı kitabında xx.xx.2011-ci il tarixdə 325 nömrə ilə uçota alınmış A seriyalı 372925 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilərək, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömərli qərarı ilə ona kənd təsərrüfatı məhsullarının istehsalı üçün Zaqatala rayonu Uzunqazmalar kəndində yerləşən 2701 kv.m torpaq sahəsi ayrılmışdır. Belə ki, torpaq sahələrinə çıxarış əldə etmək istəyərkən müəyyən olundu ki, Zaqatala rayonu Uzunqazmalar kəndində yerləşən 1,29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə və 0,28 ha həyətyanı torpaq sahəsinə dair iddiaçının adına qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənəd (torpaq sahəsinin planı və ölçüsü və yaxud torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) tərtib edilməmişdir. Məlumat üçün bildirilir ki, torpaq islahatından hal-hazıradək həmin torpaq sahələri iddiaçının istifadəsindədir. Torpaq sahələrinin vergisini ödəyir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********62 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsinin 18 saylı Zaqatala ərazi idarəsində Zaqatala rayonu, Uzunqazmalar kəndində aparılmış torpaq islahatı nəticəsində vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələrinə dair siyahılarda (DBF siyahısı) Zaqatala rayonu, Uzunqazmalar kəndində yerləşən iddiaçının istifadəsində olan pay torpaq sahəsinin (fındıq bağı) iddiaçı və ailə üzvlərinə verilməsi barədə hər-hansı bir məlumat aşkar edilməmişdir. Ərizəyə əlavə edilmiş “Təhkim aktı” qeyd olunan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədlər deyildir. Odur ki, ərizəyə əlavə etdiyi “Təhkim aktı” torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd olmadığından və X1 qərarı ilə təsdiq edilmiş torpaq sahəsi almış şəxslərin siyahısında qeyd olunan torpaq sahələrinin iddiaçı və ailə üzvlərinə verilməsi barədə hər-hansı bir məlumat aşkar edilmədiyi üçün sözügedən torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-108/2023 nömrəli qərardadı ilə zəruri qaydada məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş Karatova (Ramazanova) Ramilə Seyid qızı və Karatova (Ramazanova) Samirə Seyid qızı məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxslər Karatova (Ramazanova) Ramilə Seyid qızı və Karatova (Ramazanova) Samirə Seyid qızının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək iddianı geri götürdüyünü bildirmiş, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Zaqatala rayonunun Aşağı Çardaxlar bələdiyyəsinin sədri X7 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X3 və X4 ərizənin təmin olunmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iddiaçının ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, o, müraciəti ilə faktiki olaraq iddianı geri götürmək niyyətini ifadə etmişdir. İddianın geri götürülməsi qanuna zidd olmadığı, digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı üçün qəbul edilməli, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, iddia tərəfi iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də, öz aktiv hərəkəti ilə iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini ifadə etmiş olur. Belə olan halda, məhkəmə iddiaçının iradəsinə uyğun olaraq iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir; 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İPM-də iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi nəzərdə tutulmasa da, iddianın geri götürülməsinin bu formada həyata keçirilməsi iddiaçının maraqlarının müdafiəsi baxımından normativ tənzimetmənin hüquqi məzmununa zidd deyildir. Belə ki, hər iki hal son nəticədə iddiaçının ərizəsinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini, işin nəticəsində hüquqi marağının olmadığını ifadə edir. Eyni mövqedən yanaşan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-21/2021 nömrəli inzibati iş üzrə xx.xx.2021-ci il tarixli qərardadında göstərmişdir ki, “...Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir...”. Həmçinin məhkəmə bildirir ki, M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən, “...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X5 şikayətinə dair” 8 iyul 2013cü il tarixli Qərardadı). İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır... İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...”. Sözügedən qərarın apellyasiya şikayətinə münasibətdə mövqeyinin ifadə olunduğu nəticə hissəsinə görə, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənlərə əsasən və İPM-in 55, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddianın geri götürülməsi barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “torpaq islahatı zamanı İddiaçı Zaqatala rayonunun Uzunqazmalar kəndində yerləşən 1,29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə və 0,28 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının mümkün olması üçün həmin torpaq sahələrinə çıxarışların tərtib olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar