Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-108/2024 17.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay rayonu Müskürlü Bələdiyyəsinin torpaq sahəsinin seçilməsinə dair baxış aktına, Göyçay rayonu Müskürlü Bələdiyyəsinin 11 nömrəli qərarına, yerquruluşu planına, torpaqların alqı-satqısına dair aktına, Göyçay rayon İcra Hakimiyyəti Baçşısının 27 noyabr 2006-cı il tarixli 152 nömrəli tikintiyə icazə Sərəncamına, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Göyçay rayon şöbəsi tərəfindən 40804048 2 16 000001 nömrəli torpaq sahəsinin Kadastr planına əsasən iddiaçıya satılmış 0,64 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayonu Müskürlü Bələdiyyəsinin torpaq sahəsinin seçilməsinə dair baxış aktına, Göyçay rayonu Müskürlü Bələdiyyəsinin 11 nömrəli qərarına, yerquruluşu planına, torpaqların alqısatqısına dair aktına, Göyçay rayon İcra Hakimiyyəti Baçşısının 27 noyabr 2006-cı il tarixli 152 nömrəli tikintiyə icazə Sərəncamına, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Göyçay rayon şöbəsi tərəfindən 40804048 2 16 000001 nömrəli torpaq sahəsinin Kadastr planına əsasən iddiaçıya satılmış 0,64 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə oktyabr 2006-cı il tarixdə torpaq sahəsinin seçilməsinə dair baxış aktı tərtib olunmuş, 08 noyabr 2006-ci ildə Göyçay rayon Müskürlü Bələdiyyəsinin 11 nömrəli qərarı ilə 0.64 hektar torpaq sahəsi satış məqsədi üçün ayrılmış, həmin tarixdə, yəni 08 noyabr 2006-cı il tarixdə sözügüdən torpaq sahəsinin yerqurluşu planı və sxematik plan hazırlanmışdır. Bundan sonra 14 noyabr 2006-cı il tarixdə Göyçay rayon Müskürlü Bələdiyyəsinin hesabına 184 manat pul ödədikdən sonra həmin tarixdə torpaqların alqı-satqısına dair aktla mənə satılmışdır. Göyçay rayon İcra Hakimiyyəti Başçısının 27 noyabr 2006-cı il tarixli 152 nömrəli Sərəncamı ilə tikintiyə icazə almışam. 10 yanvar 2007-ci il tarixdə isə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şəbəsi tərəfindən 40804048 2 16 000001 nömrəli torpaq sahəsinin Kadastr planı verilmişdir. Mən, Göyçay rayonunun Müskürlü kəndində yerləşən 0.64 hektar sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə imtina cavabı verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, Göyçay rayonu, Müskürlü kəndində yerləşən 0.64 ha sahibkarlıq məqsədi ilə ayrılmış torpaq sahəsinin əsas döngə nögtələrinin koordinatları müəyyən edilərək baza məlumatlarına əsasən yoxlanılmışdır. Aparılan araşdırma zamanı Göyçay rayonu, Müskürlü kəndində yerləşən 0.64 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən dövlət mülkiyyəti olmaqla meşə zolağı olması müəyyən edilmişdir. Torpaq İslahatı haqqında Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 11.8-ci maddəsinə əsasən bələdiyyənin ümumi istifadəsində olan torpaqlar alqı-satqı predmeti deyil.. Qeyd olunanlara əsasən iddiaçının ərizəsinin icrası tərəfimizdən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Göyçay rayon Müskürlü Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 11 saylı qərarından görünür ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 0.64 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır.
2. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
3. Göyçay rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 152 nömrəli sərəncamın surətindən görünür ki, iddiaçıya 0.64 ha torpaq sahəsi ərazisində istirahət zonası obyektinin tikilməsinə icazə verilmişdir.
4. Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, qarşı Göyçay rayon Müskürlü Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 11 saylı qərarı ilə İddiaçı Göyçay rayon Müskürlü Bələdiyyəsi ərazisindən 0.64 ha torpaq sahəsi ayrılmışdır.
5. İddiaçının təqdim etdiyi xx.xx.2006-ci il tarixli ödəniş qəbzindən görünür ki, torpağın dəyəri Göyçay rayon Müskürlü Bələdiyyəsinin hesabına ödənilmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylə Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-36/2-2492/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, Göyçay rayonu Müskürlü bələdiyyəsinin və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən təsdiq edilmiş ilə iddiaçıya satılmış 0.64 ha torpaq sahəsinin 1-10000 miqyasında tərtib edilmiş torpaqayırma sxemində 0.64 ha torpaq sahəsinin koordinatları mövcud olmadığı üçün sözügedən torpaq sahəsinin təyinatı, uqodiyası, statusu, rejimi, koordinatları, mülkiyyətçiləri, döngə nöqtələri, istifadəçiləri başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb- düşməməsi və sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsinin eyni olub-olmaması haqqında məlumat vermək mümkün olmadı. Əlavə olaraq bildiririk ki, mübahisəli torpaq torpaq sahəsinə baxış zamanı iddiaçı tərəfindən naturada göstərilən 0.64 ha torpaq sahəsi Meşə fondu torpaqları kateqoriyalı, meşə zolağı uqodiyalı, dövlət mülkiyyətinə aid torpaq sahəsidir.
7. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyi 13 saylı X2 Təsərrüfatı Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubu və əlavə olunan sənədlər.
8. Göyçay rayon Müskürlü Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubu və əlavə olunan ilkin aqrar islahat xəritəsindən çıxarış.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır.Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İddia ərizəsindən görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı 0,64 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına almasına nail olmaqdır. İddiaçı, sözügedən torpaq sahəsinin Göyçay rayonu Müskürlü Bələdiyyəsinin 11 nömrəli qərarına əsasən ona satıldığını iddia edir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsi TEKUİS-ə əsasən meşə fondu torpaqları olmaqla dövlət mülkiyyətinə aid torpaq sahəsidir. Həmin kateqoriya torpaq sahəsinin iddiaçıya satılması barədə qəbul edilmiş qərar əsassız olmuşdur. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsi X1 İnformasiya Sisteminə (TEKUİS) əsasən mübahisəli torpaq torpaq sahəsinə baxış zamanı iddiaçı tərəfindən naturada göstərilən 0.64 ha torpaq sahəsi Meşə fondu torpaqları kateqoriyalı, meşə zolağı uqodiyalı, dövlət mülkiyyətinə aid torpaq sahəsidir.Həmin hal bələdiyyənin ilkin islahat xəritəsi,mütəxəssis rəyi və həmin əraziyə dair səlahiyyətli orqan - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 13 saylı X2 Təsərrüfatı Mərkəzinin təqdim etdiyi xəritə məlumatlarına əsasən öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri-dövlət mülkiyyətində olan torpaq sahələri üzərində-Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində-bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində- Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin məcəllənin 16-cı maddəsinin 2-ci hissəsinə əsasən yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. 3-cü hissəsinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Maddə 9 Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6. Dövlət torpaq kadastrının məlumatları Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7.1-ci maddəsinin tələbləri baxımından bələdiyyənin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan, kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilməsinə səlahiyyətli vardır. İddia olunan torpaq sahəsi isə sözügedən torpaq sahələrinə aid olmadığından torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi əsas ola bilməz. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. İddiaçının torpaq sahəsindən istifadə etməsi, ona həmin torpaq sahəsinə mülkiyyət hüququnun əmələ gəlməsinə əsas vermir. Həmçinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin elektron kadastr məlumat bazasına əsasən bələdiyyə mülkiyyətində olan örüş olması müəyyən olunmuşdur ki, bu da yuxarıda qeyd olunan normalara əsasən də onun mülkiyyət hüququnun qeydə alınmasını istisna edir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun 5-ci maddəsinin 5-ci hissəsinə əsasən Dövlət torpaq kadastrı hazırkı iş üzrə cavabdeh orqan tərəfindən aparılmalı olduğundan və həmin Qanunun 6-cı maddəsinin 9-cu hissəsində Dövlət torpaq kadastrının məlumatlarının ... məhkəmələrin qərar qəbul etməsi üçün əsas olması birmənalı müəyyən edildiyindən, iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinə dair yalnız cavabdeh orqan tərəfindən verilən məlumatlar sübut qismində qəbul edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyəti hüququnun dövlət qeydiyyatına alınması üçün üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay rayonu Müskürlü Bələdiyyəsinin torpaq sahəsinin seçilməsinə dair baxış aktına, Göyçay rayonu Müskürlü Bələdiyyəsinin 11 nömrəli qərarına, yerquruluşu planına, torpaqların alqı-satqısına dair aktına, Göyçay rayon İcra Hakimiyyəti Baçşısının 27 noyabr 2006-cı il tarixli 152 nömrəli tikintiyə icazə Sərəncamına, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Göyçay rayon şöbəsi tərəfindən 40804048 2 16 000001 nömrəli torpaq sahəsinin Kadastr planına əsasən iddiaçıya satılmış 0,64 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə