Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1081/2025 21.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Qax rayonunun Çinarlı kənd sakini İddiaçı Çinarlı bələdiyyəsinin 24 noyabr 2005-ci il tarixli 11 saylı iclasının protokolu (qərarı) ilə fərdi yaşayış evinin tikintisi məqsədilə 0,10 ha torpaq sahəsi satılmışdır. Qərar qəbul olunarkən Qax RİH başçısı aparatının Memarlıq və tikinti şöbəsinin və DTXK Qax rayon şöbəsinin müvafiq razılıq məktubları nəzərə alınmışdır. Torpağın dəyəri bələdiyyənin bank hesabına köçürülmüşdür. İddiaçı həmin qərar əsasında ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 26 iyul 2024-cü il tarixli məktubla məsələnin həllindən imtina etmiş və imtinasını torpaq sahəsinin alqı-satqısına dair aktın olmaması ilə əsaslandırmışdır. İddiaçı cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. Məhkəmənin 17 sentyabr 2024-cü il tarixli qərardadı ilə Qax rayonu Qum bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçının mövqeyi belədir ki, ona bələdiyyənin qərarı ilə torpaq ayrılarkən sahənin sərhədləri yerində ölçülmüş, akt və sxematik planlar tərtib edilmişdir. O, həmin torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını mübahisələndirir və torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh inzibati orqan iddiaya etiraz edir. Qurumun mövqeyi belədir ki, İddiaçı Qax rayonu Çinarlı bələdiyyəsinin qərarı ilə ona satılmış torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı İdarəyə müraciət etmiş, lakin «Torpaqların alqısatqısı Qaydaları»na əlavədə göstərilmiş torpaqların alqı-satqısına dair aktın olmadığı müəyyən edilmişdir. Bu səbəbdən ərizəçiyə 26 iyul 2024-cü il tarixli imtina məktubu verilmişdir. Göstərilənlərə və «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 9.6-cı maddəsinə, «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 13-1-ci bəndinə əsaslanaraq, İddiaçı torpaq sahəsinə mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınması mümkün olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə məhkəmə icraatının iştirakçılarına bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf və üçüncü şəxs (nümayəndəsi) gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsi iddiaçının müvafiq müraciətinə baxaraq qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Qax rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Qax rayonu ərazisində yerləşir. Belə olan halda, məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.1-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin iddiaçıya Qax rayonu Çinarlı bələdiyyəsinin 24 noyabr 2005-ci il tarixli 11 saylı iclasının protokolu (qərarı) ilə satılmış 1.000 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. İş materiallarından görünür ki, Qax RİH başçısının Aparatının Memarlıq və tikinti şöbəsi Qax rayonu Qum bələdiyyəsinə ünvanlanmış rəydə aşağıdakılar bildirilmişdir: - Qum bələdiyyəsinə məxsus Qum kənd ərazisindən həyətyanı məqsədi üçün satılması nəzərdə tutulan 0,10 ha torpaq sahəsi kəndin perspektiv inkişaf planına uyğun ərazidədir. Ərazidə başqa tikinti nəzərdə tutulmamışdır. Torpaq sahəsinin mülkiyyətçisini müəyyən edərək qanunauyğun qaydada satılmasına etiraz edilmir. İş materiallarından görünür ki, DTXK Qax rayon şöbəsinin Çinarlı bələdiyyəsinə ünvanlanmış müvafiq məktubu ilə aşağıdakılar qeyd olunmuşdur: - İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 0,10 ha olmaqla Çinarlı bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına yararlı olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. İş materiallarında olan Qax rayonunun Çinarlı bələdiyyəsinin qərarının surətindən görünür ki, Çinarlı kənd sakini İddiaçı Çinarlı bələdiyyəsinin 24 noyabr 2005-ci il tarixli 11 saylı iclasının protokolu (qərarı) ilə fərdi yaşayış evinin tikintisi məqsədilə 0,10 ha torpaq sahəsi satılmışdır. Məhkəmənin müvafiq müraciətinə əsasən iş üzrə DƏDKR 12 saylı Şəki Ərazi İdarəsindən alınmış mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur: - Naturada göstərilən torpaq sahəsi faktiki olaraq 1.000 kv.m olub döngə nöqtələri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Torpaq sahəsi TEKUİS (X1 X2) məlumat bazasına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, uqodiyası – tikinti altında olan torpaqlar olmaqla Qum bələdiyyəsinin mülkiyyətinə aid ərazi kimi göstərilmişdir. İddiaçının bildirdiyinə görə torpaq sahəsi onun tərəfindən istifadə olunur. Necas proqramına əsasən başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşməsi yoxdur. Məhkəmə tərəfindən təqdim olunmuş ayrılmış torpaq sahəsinə dair sxemdə göstərilən torpaq sahəsi ilə faktiki istifadə olunan torpaq sahəsinin qonşuluqlarının yerləşməsi qismən uyğunluq təşkil edir. «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Həmin Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.2). Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və bələdiyyə tərəfindən ona məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu əsaslar sırasında nəzərdə tutmuşdur. Məhkəmə qeyd edir ki, surəti iş materiallarında olan Qax rayinu Çinarlı bələdiyyəsinin 24 noyabr 2005-ci il tarixli 11 saylı iclasının protokolu (qərarı) 1.000 kv.m torpaq sahəsinin hazırkı İddiaçı mülkiyyətində olmasını təsdiqləyən inzibati aktdır. Qax rayonu Çinarlı bələdiyyəsinin 24 noyabr 2005-ci il tarixli 11 saylı protokoluna (qərarına) münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı həmin qərarla ayrılmış 1.000 kv.m torpaq sahəsinə münasibətdə etimadın qanunla qorunması hüququna malikdir. Həmin qərar ləğv edilmədiyindən, geri çağırılmadığından və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Qanunun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, cavabdehin özü həmin qərarın həqiqiliyini şübhə altına almamış, yəni sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Qurumun imtina əsası kimi istinad etdiyi dəlil odur ki, iddia olunan torpaq sahəsinə dair DTXK tərəfindən təsdiq edilmiş “Torpaq sahəsinin alqı-satqına dair akt” təqdim edilməmişdir. Bu dəlillə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, Qax rayonu Çinarlı bələdiyyəsinin mötəbər sayılan 24 noyabr 2005-ci il tarixli 11 saylı protokoluna (qərarına) əsasən iddiaçı torpaq sahəsinə münasibətdə mülkiyyət hüququ əldə etdiyindən, cavabdehin hüququn qeydiyyatını həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir. Bundan başqa, məhkəmə icraatında alınmış və tədqiq olunmuş mütəxəssis rəyi ilə mübahisə obyekti olan torpaq sahəsinin ayrılan dövrdə bələdiyyə mülkiyyətində olması, eləcə də yaşayış məntəqəsi torpaqlarına aid olması, digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməməsi təsdiqlənir. Hazırkı işin hallarına görə məhkəmə vurğulayır ki, İddiaçı Qax rayonu Çinarlı bələdiyyəsinin 24 noyabr 2005-ci il tarixli qərarı ilə ayrılan torpaq sahəsi ilə bağlı “Torpaq sahəsinin alqı-satqısına dair akt” DTXK-nın yerli qurumu tərəfindən təstiq olunmasa da, həmin aktı tərtib etməli olan qurumların, yəni Çinarlı bələdiyyəsinin və DTXK Qax rayon şöbəsinin bununla əlaqədar qabaqcadan alınmış mövqeləri məlum olmuşdur və bu mövqelər razılıq əlamətləri daşımış və alqı-satqı aktının növbəti qısa müddət ərzində təsdiqlənməsinə yönəlmişdir. Bu aktın təsdiqi torpaq sahəsinin ayrılmasından sonrakı icraatın nəticəsi kimi maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından, inzibati akt xüsusiyyətlərinə malik deyil. Çinarlı bələdiyyəsinin 24 noyabr 2005-ci il tarixli 11 saylı iclas protokolunun (qərarının) qəbulu üzrə alqı-satqı aktının tərtib olunmaması və DTXK-nın yerli qurumu tərəfindən təsdiq edilməməsi inzibati akt kimi həmin qərarın hüquqi qüvvəsinə təsir etmir. Bununla da belə nəticə əldə olunur ki, İddiaçı Qax rayonu Çinarlı bələdiyyəsinin 24 noyabr 2005-ci il tarixli 11 saylı iclas protokolu (qərarı) ilə ona satılmış 1.000 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üzrə əsas mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqan DƏDKR 12 saylı Şəki Ərazi İdarəsi İddiaçı müraciəti üzrə torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə haqlı olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın verilməsini birmənalı şəkildə nəzərdə tutur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı ona Qax rayon Çinarlı bələdiyyəsinin 24 noyabr 2005-ci il tarixli, 11 saylı iclas protokolundan çıxarışa əsasən satılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı ona Qax rayon Çinarlı bələdiyyəsinin 24 noyabr 2005-ci il tarixli, 11 saylı iclas protokolundan çıxarışa əsasən satılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 4legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №2-1(116)-1081/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1081/2025
21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver