Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1084/2021 12.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Müdafiə Nazirliyi nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın”-nın 30.12.2020-ci il tarixli qərarının ləğv edilməsi və ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 18.05.2021-ci il tarixli 2-1(112)-5817/2021 nömrəli qərardadı ilə iddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikası SHÇÜDX əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmiş və inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati iş 22.06.2021-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin dəftərxanasına daxil olmuş və həmin tarixdən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı tələbini 1974-cü ildə Oğuz rayon Hərbi Komissarlığının çağırışına əsasən hərbi xidmətə getməsi, N-cü ilin yanvar ayının 31-də döyüşlərdə yaralanması, xidmət etdiyi hərbi hissənin göndərişi ilə X3 Xəstəxanasında müayinə və müalicə olunması, lakin, SHXÇÜDX-nin Oğuz rayon Bölməsində və digər orqanlarda onun torpaqların müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etməsi ilə bağlı müvafiq qeydiyyatın aparılmaması, buna görə də müharibə veteranlarının imtiyazlarından istifadə edə bilməməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 03 yanvar N-cü ilin tarixdə N nömrəli hərbi hissəyə təhvil verilmiş, hərbi hissədən Seyfəli poliqonuna aparılmış, 1 həftə orada qaldıqdan sonra Murov dağında və Kəlbəcər rayonunda gedən döyüşlərdə iştirak etmiş, 31.01.N-cü il tarixdə Murov dagında gedən döyüşdə yaralandığına görə 20 gün müddətində X3 Xəstəxanasında müalicə olunmuş, bundan sonra N nömrəli hərbi hissədə müalicəsi davam etdirilmiş və ona 2 ay müddətində məzuniyyət verilmişdir. Müalicədən sonra onu heç kimin çağırmadığına və onunla heç kimin maraqlanmadığına görə yenidən hərbi hissəyə və döyüş zonasına qayıtmamışdır. Hesab edir ki, əgər hərbi hissəyə qayıtmaması qanunsuz olsa idi, həmin vaxt barəsində cinayət işi qaldırılar və müvafiq tədbirlər görülərdi. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı 12.07.2021-ci il tarixli etirazında iddia tələbinə etiraz etdiyini bildirmiş və etirazını iddiaçının yanvar N-cü il tarixdən sonrakı dövrdə xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində məlumatın aşkar edilməməsi ilə əsaslandırmış və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 02.11.2020-ci il tarixli məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 24.10.2019-cu i l tarixli məktubu, Tərtər Hərbi Prokurorluğunun 13.07.2021-ci il tarixli 22HP3707 nömrəli məktubu, Qarabağ Hərbi Prokurorluğunun 26.07.2021-ci il tarixli 18/3640 nömrəli məktubu, Şəki Şəhər Rayon Polis Şöbəsinin 26.07.2021-ci il tarixli 189-19879-1221 nömrəli məktubuna əlavə edilmiş tələbnamə, Füzuli Hərbi Prokurorluğunun 19.08.2021-ci il tarixli 16/3972 nömrəli məktubu, Azərbaycan Respublikası Hərbi Prokurorluğun 06.082021-ci il tarixli HP12/30-7673 nömrəli məktubu, H3 seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surəti. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia ərizəsində cavabdehin 30.12.2020-ci il tarixli qərarının ləğv edilməsi tələbi öz əksini tapsa da, iş materiallarından və tələbin məzmunundan görünür ki, hazırki iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlıdır. Belə ki, hazırki iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan cavabdehin imtinasının ləğv edilməsi tələbi özlüyündə iddiaçının arzuladığı məqsədə nail olmasına və hüquqi marağına xidmət etmir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmadığından hazırki iddia tələbinə iddiaçının hüquqi marağına uyğun olaraq ““Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Lakin, iddia əsassızdır. İş materiallarında olan, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 06.08.2021-ci il tarixli HP12/30-7633 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. İş materiallarında olan, Qarabağ Hərbi Prokurorluğunun 26.07.2021-ci il tarixli 18/3640 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Qarabağ Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. İş materiallarında olan, Füzuli Hərbi Prokurorluğunun 19.08.2021-ci il tarixli 16/3972 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Füzuli Hərbi Prokurorluğunda təqsirləndirici material və cinayət işi yoxdur. İş materiallarında olan, Tərtər Hərbi Prokurorluğunun 13.07.2021-ci il tarixli 22HP3707 nömrəli məktubundan görünür ki, 1971-ci il təvəllüdlü, N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməmiş, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməmişdir. Lakin N nömrəli hərbi hissənin şəxsi heyətinin qrup halında fərarilik etməsi və silah sursatın itirilməsi faktı üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində dayandırılmış cinayət işi olmuşdur. İş materiallarında olan, H3 seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması barədə heç bir qeyd yoxdur. İş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 02.11.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının N nömrəli hərbi hissədə 31.01.N-cü il tarixdən sonrakı xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığından, “Müharibə Veteranı” adının verilməsindən imtina edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 24.10.2019-cu il tarixli məktubunda qeyd olunub: - N №-lli hərbi hissə komandirinin 31.01.N-cü il tarixli 31 nömrəli nizami hissə üzrə əmrilə (əsas: §-4, sıra-7, əmrdə adı Əlfiəddin yazılmışdır) sıravi X1 hərbi hospitala göndərildiyi üçün qazan təminatından çıxarılmışdır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin yanvar N-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı şəxsi heyətin siyahısına daxil edilməsi barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan, Şəki Şəhər Rayon Polis Şöbəsinin 26.07.2021-ci il tarixli 189-19879-1221 nömrəli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, İddiaçı barəsində DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan N-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may N-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddia tələbinin əsassız olmasının səbəbi iddiaçının qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılmasının iş materialları ilə təsdiq edilməməsi ilə bağlıdır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 24.10.2019-cu il tarixli məktubu ilə müəyyən olunur ki, N saylı hərbi hissənin nizami hissə üzrə əmrlərində iddiaçının N-cü ilin yanvar ayından sonrakı xidməti barədə məlumat yoxdur. İddiaçı özü də, məhkəmə iclasında izahat verərəkən 31.01.N-cü ildə yaralandıqdan və müalicə olunduqdan sonra hərbi hissəyə və döyüş zonasına qayıtmadığını etiraf etmiş, geri qayıtmamasının səbəbini isə müalicədən sonra onunla heç kimin maraqlanmaması ilə izah etmişdir. Məhkəmə izah edir ki, iddiaçı hər bir halda müalicədən sonra xidmət etdiyi hərbi hissəyə qayıtmalı və qanuni əsaslarla ehtiyata buraxılanadək hərbi xidmətini davam etdirməli idi. Bu isə Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 24.10.2019-cu il tarixli məktubunda göstərilən qeydlərin doğru olduğunu, N №-li hərbi hissənin nizami hissə üzrə əmrlərində iddiaçı barəsində məlumatların olmamasının səbəbinin faktiki olaraq iddiaçının müalicədən sonra həmin hərbi hissəyə qayıtmaması ilə bağlı olduğunu göstərir. Qeyd edilən fakt həm də, iddiaçının qanuni əsaslarla ehtiyata buraxılmadığını sübut edir. Belə ki, şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Nəzərə alınmalıdır ki, hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23 yanvar 1996-cı il tarixli, 433 nömrəli Fərmanından sonra başlamışdır. Odur ki, iddiaçının müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması şərti sübuta yetirilmir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı hərbi hissədən qanuni əsaslarla tərxis edilməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1084/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1084/2021
12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver