Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1086/2021 02.11.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 27.04.2021-ci il tarixli 2-1(112)-5190/2021 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati iş 22.06.2021-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin dəftərxanasına daxil olmuş və həmin tarixdən icraata qəbul edilmiş sayılmışdır. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı 21.09.2020-ci ildə SHXÇDX-nin Qəbələ rayon şöbəsi tərəfindən hərbi xidmətə cəlb olunmuş, 31.12.2020-ci il tarixdə isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Vətən müharibəsi başlayandan sonra 27.09.2020-ci il tarixdən 10.11.2020-ci il tarixədək Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan 27.09.2020-ci il tarixdən erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də müvafiq dəyişikliklərin edilməsindən sonra müraciətə mahiyyəti üzrə baxılmasının mümkün olacağını bildirilmişdir. İddiaçı cavabdeh inzibati orqanın həmin cavabı ilə razılaşmamış və hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələb hüququnu “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi ilə əsaslandıraraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyinə görə ona “Müharibə veteranı” adının verilməli olmasını, buna görə də “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə dəyişikliklər edildikdən sonra müraciətinə baxılacağı ilə bağlı cavabdeh inzibati orqanın mövqeyini düzgün hesab etmədiyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi ilə, “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” arasında zidiyyət var və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.6-cı maddəsinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla zidiyyət təşkil etdikdə qanun tətbiq olunduğundan, onun barəsində də “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi tətbiq edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 03.09.2021-ci il tarixli iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddiaçı komissiyaya müraciət etmədən və komissiyanın rəyini almadan məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə tərəfindən hazırki iddia tələbinin mümkünsüzlüyü 02.11.2021-ci il tarixdə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı ilə müzakirə edilmiş, iddianın xüsusi mümkünlük şərti kimi cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtina etməsini təsdiq edən sənədin mövcud olmadığı, Müdafiə Nazirliyi Şəxsi Heyət İdarəsinin 09.02.2021-ci il tarixli məktubunda isə müraciətə baxılmasından imtina edilmədiyi, müvafiq Əsasnamədə dəyişikliklərin edilməsindən sonra müraciətə mahiyyəti üzrə baxılacağının qeyd olunduğu izah edilmişdir. İddiaçı, məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamışdır. İddianın mümkünlük şərtləri yoxlanılarkən aşağıdakı sənədlərin məzmununa istinad olunmuş, onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Müdafiə Nazirliyi Şəxsi Heyət İdarəsinin 09.02.2021-ci il tarixli məktubu, - SX ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surəti. Əsaslandırma hissəsi : Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh və üçüncü şəxsin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İş materiallarına əlavə edilmiş, Müdafiə Nazirliyi Şəxsi Heyət İdarəsinin 09.02.2021ci il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı anoloji tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinə mahiyyəti üzrə baxılmamışdır. İş materiallarına əlavə edilmiş, SX ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, müvafiq hərbi biletdə iddiaçının 21.09.2020-ci ildə SHXÇDX-nin Qəbələ rayon şöbəsi tərəfindən hərbi xidmətə cəlb edilməsi, 31.12.2020-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması, N saylı hərbi hissənin tərkibində 27.09.2020-ci il tarixdən 10.11.2020-ci il tarixədək Talış-Suqovuşan istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə nail olmaqdır. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi hal inzibati aktla bağlı deyil, cavabdehin üzərinə öhdəliyin qoyulması ilə bağlıdır. Belə olan halda iddianın növü “öhdəliyin icrası haqqında” iddiadır. Hazırkı iddia “öhdəliyin icrası haqqında” iddia olduğundan cavabdehin imtinasının olub-olmaması iddianın xüsusi mümkünlük şərti kimi yoxlanılmalı və iddia tələbi yalnız cavabdehin imtinası olduğu halda və ya cavabdehin hərəkətsizliyi səbəbindən iddiaçının müraciəti cavablandırılmadığı halda mümkün sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Odur ki, iddianın əsaslılığını yoxlamamışdan əvvəl iddiaçının müvafiq ərizə ilə cavabdehə müraciət edib-etmədiyi, həmçinin cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtina edib-etmədiyi müəyyən edilməlidir. İşin müəyyən edilən hallarından göründüyü kimi, iddiaçı, cavabdeh inzibati orqana ona “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün müraciət etmiş, cavadeh inzibati orqan isə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də müvafiq dəyişikliklərin edilməsindən sonra müraciətə mahiyyəti üzrə baxılmasının mümkün olacağı bildirilmiş, məhkəməyə ünvanladığı iddia tələbinə münasibətində də cavabdeh inzibati orqan eyni hüquqi mövqedə olmuşdur. Yəni, cavabdeh inzibati orqan iddiaçının müraciətinə mahiyyəti üzrə baxmamış və müraciətin təmin edilməsindən imtina etməmişdir. Odur ki, hazırki mərhələdə iddia tələbinə münasibətdə inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmir. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəyə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1086/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1086/2021
02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver