Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1086/2022 29.06.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Mingəçevir regional “ASAN xidmət” X3 qarşı “Əliyeva (Aşirova) Səbinə Mübarək qızına məxsus doğum akt qeydində düzəliş edilərək adının Samiyə deyil “Səbinə”, ata adının Mubarək deyil “Mübarək” kimi qeyd edilməsi və bu barədə yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əliyeva (Aşirova) Səbinə Mübarək qızına məxsus doğum akt qeydində düzəliş edilərək adının Samiyə deyil “Səbinə”, ata adının Mubarək deyil “Mübarək” kimi qeyd edilməsi və bu barədə yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 10 avqust 1972-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda doğulmuşdur. İddiaçının atası X10, anası X4r. Doğum haqqında şəhadətnamədə iddiaçının adı Samiyə, atasının adı isə Mubarək kimi göstərilmişdir. İddiaçı adına və atasının adına düzəliş edilərək təkrar doğum haqqında şəhadətnamə verilməsi üçün Mingəçevir Regional «Asan Xidmət» X3 müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. İddiaçıya xx.xx.2022-ci il tarixli məktubla cavabdeh tərəfindən imtina verilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli 05/Q-815/13 nömrəli məktubunda qeyd etmişdir ki, iddiaçının atası X7 doğumu barədə akt qeydinin axtarılması məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə müraciət edilmiş, lakin barəsində doğum akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Əhalinin Dövlət Reyestrində olan məlumatlara əsasən vətəndaş X10 xx.xx.1942-ci il tarixdə Ermənistan Respublikası Sisian rayonunda doğulmuş, şəxsiyyət vəsiqəsi AZE №9243776, ünvan 1 ünvanında qeydiyyatdadır. Həyat yoldaşı X5 1938 təvəllüd, xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X1 xx.xx.1970, X9 xx.xx.1971, X6 xx.xx.1972, X8 xx.xx.1973-cü il təvəllüdlüdür. Mingəçevir regional “Asan Xidmət" mərkəzində qeydiyyat şöbəsi bildirir ki, vətəndaş X2 adına Naxçıvan MR Şurud icra Nümayəndəliyi tərəfindən qeydiyyata alınan xx.xx.1972-ci il tarixli 04 saylı akt qeydi nəzərdən keçirilmiş və akt üzərində adı Samiyə ata adı Mubarək kimi yazılmışdır. Akt qeydi yazılarkən təqdim edilən ilkin şəhadətnamə seriya A3N1984658 kimi qeyd edilmişdir. Vətəndaşın qeydiyyat şöbəsinə təqdim etdiyi şəhadətnamə eyni A3N1984658 nömrəli olmuşdur. Lakin şəhadətnamə üzərində yazılan məlumatlarda ad tam açıq oxunmadığı, ata adı Mubarək kimi yazılması, həmçinin vətəndaşın adına tərtib edilmiş və məhkəməyə təqdim edilən digər akt qeydlərində (nikah, övladların doğumu və s.) şəxsiyyətini təsdiq edən vəsiqədə adının Səbinə, ata adının Mübarək kimi qeyd edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci tarixli 52 saylı qərarının 3-cü və 4-cü bəndində göstərilən hallar və əsaslar olmadığı üçün Qeydiyyat şöbəsi ona aid doğum akt qeydində adının “Samiyə”dən “Səbinə”yə ata adının isə “Mubarək”dən “Mübarək”ə akta düzəliş edilməsi barədə rəy tərtib etməmiş və müvafiq düzəliş aparmamışdır. Nazirlər Kabinetinin həmin qərarının 1-ci bəndinə əsasən isə Vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və xx.xx.2022-ci il tarixli məktubla nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Bu səbəbdən də iddia rədd edilməlidir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı adına düzəlişin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu bundan imtina etmiş və tərəflər arasında hazırkı mübahisə yaranmışdır. İş materiallarında olan: Əhalinin Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli 2-18/169 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı barədə Reyestrin Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya sistemində hər hansı bir məlumat tapılmamışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş xx.xx.1972-ci il tarixli 4 nömrəli “Doğum haqqında” akt qeydinin surətindən görünür ki, iddiaçının soyadı “Əliyeva”, adı “Samiyə”, atasının adı “Mubarək” olaraq qeyd olunmuşdur. İddiaçıya məxsus АЗ ******* nömrəli Doğum haqqında şəhadətnamənin əslinə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Şəhadətnamənin hər iki üzü (vərəqi) ortadan parçalanaraq yararsız hala salınmış, sonradan yapışdırıcı lent vasitəsilə yapışdırılmışdır. Doğum haqqında şəhadətnamənin vətəndaş barədə məlumatlar olan qrafasında ad hissəsində kiril əlifbası ilə “Са“м”и“н”ə” formalı qeyd aparılmış, m və n hərfləri üzərində düzəliş edilmişdir. Düzəlişlər aşkar görünür. Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarına hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. İddia mahiyyət etibarı ilə əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Əsasnamənin 2.2-ci bəndinə görə vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının adı doğum akt qeydində və doğum haqqında şəhadətnamədə Samiyə olaraq qeyd edilmiş, şəxsiyyət vəsiqəsi və digər sənədlər doğum haqqında şəhadətnamə əsasında tərtib edilməli olduğu halda, iddiaçıya məxsus olan sənədlərdə adı Səbinə olaraq qeyd olunmuşdur. İlkin sənəd qismində məhz doğum haqqında şəhadətnamə çıxış etdiyindən və iddiaçıya məxsus doğum haqqında şəhadətnamə mövcud olduğundan məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərində ilkin sənədlərin deyil sonrakı sənədlərin ilkin sənədlərə uyğun olması dəqiq olaraq təsbit edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı “Əliyeva (Aşirova) Səbinə Mübarək qızına məxsus doğum akt qeydində düzəliş edilərək adının Samiyə deyil “Səbinə”, ata adının Mubarək deyil “Mübarək” kimi qeyd edilməsi və bu barədə yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Mingəçevir regional “ASAN xidmət” X3 qarşı “Əliyeva (Aşirova) Səbinə Mübarək qızına məxsus doğum akt qeydində düzəliş edilərək adının Samiyə deyil “Səbinə”, ata adının Mubarək deyil “Mübarək” kimi qeyd edilməsi və bu barədə yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-1086/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1086/2022
29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver