Məhkəmə qərarları › İş №2-1(116)-109/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-109/2020

08.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-109/2020 08.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X4 qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx xxx 1967-ci il tarixdə Oğuz rayonu Kərimli kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. İddiaçı 1985-ci ilin may ayında Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdır. 1987-ci ilin iyul ayında hərbi xidmətdən qayıtmış və hərbi xidmətdən qayıtdıqdan sonra uzun müddət Mingəçevir şəhərində yaşamışdır.Mingəçevir şəhərində yaşadığı vaxtlarda 1992-ci ilin əvvəllərində Qarabağ hadisələri ilə əlaqədar “Mingəçevir" batalyonunun tərkibində könüllü olaraq cəbhə bölgəsinə getmişdir. İddiaçı 1992-ci ilin may ayından 1994-cü ilin may ayınadək Azərbaycan Milli Ordusunun N saylı hərbi hissəsinin tərkibində hərbi xidmətdə olmağı və döyüşlərdə iştirak etməyini təsdiq edən digər hər hansı rəsmi sənəd mövcud deyildir və bununla bağlı müvafiq qeydiyyatlar aparılmamışdır. Eyni zamanda, iddiaçının hərbi bileti itmiş və bunun əvəzində sonradan ona hərbi bileti əvəz edən müvafiq sənəd verilmişdir. Qeyd olunan sənəddə də onun 1992-1994-cü illər ərzində olan hərbi xidməti barədə hər hansı qeyd edilməmişdir. Həmin məsələ ilə əlaqədar iddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, həmin Xidmətin Mingəçevir şəhər Bölməsinə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edərək müvafiq rəsmi sənəd əldə etməyə təşəbbüs göstərmişdir. Müraciətlərinə əsasən verilmiş sorğuya cavab məktublarında iddiaçının hərbi xidməti və xidmətdən qanuni əsaslarla tərxis olunmağı barədə məlumat olmadığı qeyd edilmişdir. Halbuki o, 1992-ci ilin əvvəllərində könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün cəbhəyə getmişdir, lakin arxivdə saxlanılan sənədlərdə onun 1992-ci ilin may ayında cəbhə bölgəsinə getdiyi, ondan əvvəlki aylarda olan xidməti rəsmiləşdirilmədiyi üçün o, hazırki tələbində 1992-ci ilin may ayından sonrakı dövrdə hərbi xidmətdə olmamağı və döyüşlərdə iştirak etməyi faktının müəyyən edilməsi tələbini qeyd etmişdir. İddiaçının1992-ci ilin may ayından 1994-cü ilin may ayınadək Azərbaycan Milli Ordusunun N saylı hərbi hissəsinin tərkibində hərbi xidmətdə olmağı və döyüşlərdə iştirak etməyi faktını həmin dövrdə onunla birlikdə döyüşlərdə olmuş X2 və X1 da təsdiq edə bilərlər. Bunları cəmləyib iddiaçı Oğuz rayon Məhkəməsinə faktın təsdiqi ilə bağlı ərizə ilə müraciət edərək onun 1992-ci ilin may ayından 1994-cü ilin may ayınadək Azərbaycan Milli Ordusunun N saylı hərbi hissəsinin tərkibində hərbi xidmətdə olmağı və döyüşlərdə iştirak etməyi ilə bağlı ərizə ilə müraciət etmişdir. Ərizəsi təmin olunmuş və onun 1992- ci ilin may ayından 1994-cü ilin may ayınadək Azərbaycan Milli Ordusunun N saylı hərbi hissəsinin tərkibində hərbi xidmətdə olmağı və döyüşlərdə iştirak etməyi faktı müəyyən edilmişdir. Oğuz Rayon Məhkəməsi 08 may 2019-cu il tarixdə onun 1992-ci ilin may ayından 1994-cü ilin may ayınadək Azərbaycan Milli Ordusunun N saylı hərbi hissəsinin tərkibində döyüşlərdə iştirak etməyi faktı ilə bağlı ərizəsini təmin etmişdir. Həmin qətnamədən şikayət verilməmiş qanuni qüvvəsini almışdır. Cavabdehin etirazı: Arxiv arayışına əsasən İddiaçı hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığından ona “Müharibə veteranı” adının verilməsindən imtina olunmuşdur. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 17.07.2019-cu il tarixli 1/H-9910 nömrəli imtina məktubu, AA seriyalı ******* nömrəli ş/v-nin təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Oğuz Rayon Məhkəməsinin 08.05.2019-cu il tarixli 2(054)-269/2019 nömrəli qətnaməsinin təsdiqlənmiş surəti, H3 seriyalı ******* nömrəli qeydiyyat kartasının təsdiqlənmiş surəti,Şəki Şəhər Rayon Polis Şöbəsinin 23.09.2019-cu il tarixli 189-21939-1219 nömrəli məktubu, MN Hüquq İdarəsinin 24.09.2019-cu il tarixli 11/4619 nğmrəli etirazı, SHXÇDX-nin Oğuz rayon şöbəsinin 14.10.2019-cu il tarixli 655 nömrəli məktubu, SHXÇDX-nin Mingəçevir şəhər şöbəsinin 30.12.2019-cu il tarixli 1851 nömrəli məktubuaiddir.Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İşdə olan Azərbaycan Respublikası Oğuz Rayon Məhkəməsinin 08.05.2019-cu il tarixli 2(054)-269/2019 nömrəli qətnaməsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 1992-ci il may ayından 1994-cü ilin may ayınadək Azərbaycan Milli Ordusunun N saylı hərbi hissəsinin tərkibində hərbi xidmətdə olması və döyüşlərdə iştirak etməsi faktı müəyyən edilmişdir. İşdə olanSHXÇDX-nin Mingəçevir şəhər şöbəsinin 30.12.2019-cu il tarixli 1851 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 12.11.2018-ci il tarixli 9/2-18350 nömrəli məktubunda İddiaçı adının N saylı hərbi hissə üzrə 05.10.1993-cü il və 23.02.1994-cü il tarixli yoxlama əmrlərində olması göstərilib. Lakin İddiaçı N saylı hərbi hissədə hərbi xidmət keçməsi haqqında digər məlumat yoxdur. Məhkəmə iddiaçının İddiaçı 1992-ci il may ayından 1994-cü ilin may ayınadək Azərbaycan Milli Ordusunun N saylı hərbi hissəsinin tərkibində hərbi xidmətdə olması və döyüşlərdə iştirak etməsi ilə bağlı mübahisənin olmadığını qeyd edir. Belə ki, həmin hal Oğuz Rayon Məhkəməsinin 08.05.2019-cu il tarixli 2(054)-269/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə öz təsdiqini tapır. Lakin yuxarıda qeyd edildiyi kimi onun qanuni əsaslarla ehtiyata buraxılmasına dair məlumat yoxdur. Belə ki, Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar