Məhkəmə qərarları › İş №2-1(116)-109/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-109/2021

15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-109/2021 15.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 9 saylı X12 qarşı “Qəbələ rayon X4 xx xxxxxx 1997-ci il tarixli, 26 saylı qərarı ilə 0.70 ha mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 9 saylı X12 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qəbələ rayon X4 xx xxxxxx 1997-ci il tarixli, 26 saylı qərarı ilə 0.70 ha mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Qəbələ rayon X4 xx xxxxxx 1997-ci il tarixli, 26 saylı qərarı ilə 0.70 ha həyətyanı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, həmin torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli **********60 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı təqdim etdiyi JN-119A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin arxiv nüsxəsi Ərazi İdarəsində olan arxiv materiallarında mövcud deyil. X10 təhvil verilıniş Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin qeydiyyat kitabında müvafiq qeydiyyat aparılmamışdır. Qeyd olunan səbəbə görə də iddiaçının müraciətinin icrası mümkün olmamışdır. Eyni zamanda bildirilir ki, Şəhadətnamədə torpaq sahəsinin sənəd üzrə ölçüsü 0.70 ha, faktiki torpaq sahəsi 0.68 ha torpaq sahəsi təşkil edir. Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında torpaq sahəsinnin 0.40 ha hissəsi kənd təsərrüfatı təyinatlı kolluq ərazi, 0.10 ha hissəsi kənd təsərrüfatı təyinatlı ərazi, 0.18 ha hissəsi isə yol yeri kimi öz əksini tapmışdır. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan JN-119A kod 40608018 nömrəli Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.1997-ci il tarixli 26 saylı qərarı ilə 0.70 ha həyətyanı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Şəhadətnamədə onun kitabda qeydə alındığı nömrə qeyd edilməmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, **********98 nömrəli məktubuna əlavə edilən vətəndaşların istifadəsində olan qanuni həyətyanı və normadan artıq torpaq sahələrinin Siyahısının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı adı həmin siyahıda 518 nömrəli aktla qeydə alınmış, ailə üzvü 5 nəfər, sahə 0.10 ha, zəbt 0.44 ha göstərilmişdir. Məktuba əlavə edilmiş subyektlərin Siyahısının təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı və onun ailə üzvlərinin adları siyahıda 232-ci sırada göstərilmiş, qaytanlanmış kitabda həyətyanı sahə 0.10 ha, faktiki torpaq sahəsi 0.26 ha qeyd edilmişdir. Məktuba əlavə edilmiş Vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid Cədvəlin təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı və onun ailə üzvlərinin adları cədvəldə 119-cu sırada qeyd edilmiş, qanuni istifadəsində olan torpaq sahəsinin 0.10 ha olduğu göstərilmişdir. Həmçinin iddiaçının ailə üzvü olan oğlu Orxan Nəbiyevin adının qarşısında ailə üzvü 1 nəfər olmaqla qanuni istifadəsində 0.12 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. İş materiallarında olan JN-119F kod 40608018 nömrəli Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.1997-ci il tarixli 26 saylı qərarı ilə 0.26 ha həyətyanı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş, 6861 nömrə ilə kitabda qeydə alınmışdır. İş materiallarında olan JN-5xx xxx 40608018 nömrəli Dövlət Aktının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qəbələ rayon AİK-nın xx.xx.2002-ci il tarixli 03 saylı qərarı ilə 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş, 9746 nömrə ilə kitabda qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********09 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, İddiaçı nümayəndəsi X7 tərəfindən göstəriiən, faktiki naturada ölçülmüş torpaq sahəsi Qəbələ rayonu Zarağan kənd X8 sərhəddi daxilində kənd təsərrüfatı təyinatlı, Bələdiyyə mülkiyyətinə aid torpaqlarda yerləşir. Faktiki naturada ölçülmüş 0.657 ha torpaq sahəsinin koordinatları sxem üzrə göstərilmişdir, İddiaçı nümayəndəsi X3 bildirdiyinə görə sözügedən torpaq sahəsi İddiaçı istifadəsindədir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. İş materiallarında olan mütəxəssis rəyində qeyd edilir ki, faktiki naturada ölçülmüş torpaq sahəsi Qəbələ rayonu, Zarağan kənd X8 sərhəddi daxilində kənd təsərrüfatı təyinatlı, Bələdiyyə mülkiyyətinə aid torpaqlarda yerləşir. Belə ki, cavabdeh tərəfindən surətləri təsdiq edilərək məhkəməyə təqdim edilən JN-119F nömrəli Şəhadətnamə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin müdiri “T.Məmmədov” tərəfindən imza edildiyi halda, eyni tarixli və nömrəli qərara əsasən verilən 0.70 ha torpaq sahəsinə dair tərtib edilmiş və iddiaçı tərəfindən iş materiallarına əlavə edilən JN-119A nömrəli Şəhadətnamə digər şəxs, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin müdiri “İ.Hacıyev” və Dövlət Yerquruluşu və Layihə İnstitutunun əməkdaşı “H.Əlisoltanov” tərəfindən imzalanmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi şəhadətnamədə tərtib olunma (hazırlanma) tarixi qeyd olunmamışdır. Həmin şəhadətnamənin nə zaman verildiyini müəyyən etmək mümkün deyil. Həmçinin həyətyanı torpaq sahələrinə aid Cədvəlin təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı və onun ailə üzvlərinin qanuni istifadəsində 0.10 ha, faktiki istifadəsində 0.26 ha həyətyanı torpaq sahəsinin olması qeyd olunmuşdur. İddiaçının JN- 119A nömrəli Şəhadətnamə əsasında 0.70 ha həyətyanı torpaq sahəsinə malik olması öz təsdiqini tapmır. Bundan başqa cavabdeh orqanın etiraz məktubuna əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilən JN-119A saylı Şəhadətnamənin arxiv nüsxəsi Ərazi İdarəsinda olan arxiv materiallarında mövcud deyil və İdarəyə təhvil verilmiş Şəhadətnamələrin qeydiyyat kitabında müvafiq qeydlər aparılmamışdır. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 9 saylı X12 qarşı “Qəbələ rayon X4 xx xxxxxx 1997-ci il tarixli, 26 saylı qərarı ilə 0.70 ha mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilmir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 120 manat 95 qəpik İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu X2 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar