Məhkəmə qərarları › İş №2-1(116)-1090/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1090/2021

17.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1090/2021 17.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi Hacı-X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "Şəki Bələdiyyəsinin 24.12.2005-ci il tarixli 13 nömrəli iclas protokolundan çıxarış qərarı ilə ayrılan 35 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 2005-ci ildə ərizə ilə Şəki Bələdiyyəsinə müraciət edərək, Şəki şəhəri S.Rəhman küçəsi ərazisindən mağaza tikmək məqsədi ilə torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Şəki Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi 01.12.2005-ci il tarixli 13/1565 nömrəli məktubla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki şəhər şöbəsinə müraciət edərək, İddiaçı 35 kv.m torpaq sahəsinin satılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi də Şəki Bələdiyyəsinə rəy verərək, İddiaçı ayrılmış torpaq sahəsinin qanunauyğun satılmasına və hüquqi sənəd, şəhadətnamə alınaraq dövlət qeydiyyatından keçdikdən sonra təyinatı üzrə istifadə olunmasına etiraz etmədiyini bildirmişdir. Bundan sonra Şəki şəhərinin baş memarı tərəfindən "Mağaza tikintisi üçün İddiaçı ayrılması nəzərdə tutulmuş torpaq sahəsi yerləşən ərazinin sxematik planı" adlı sənəd tərtib olunmuş və baş memar tərəfindən təsdiq edilmişdir. İddiaçı da daxil olmaqla müvafiq komissiya təşkil olunaraq Şəki şəhəri S.Rəhman küçəsi ilə A.Məmmədov küçəsinin kəsişməsindən və memarlıq xidmətinin təsdiq etdiyi ərazidən 35 kv.m torpaq sahəsi seçilmiş, bu barədə "Torpaq sahəsinin ayrılmasına dair sahəni seçmə aktı" tərtib edilmişdir. Şəki Bələdiyyəsinin 24.12.2005-ci il tarixli 13 nömrəli qərarı ilə şəhərin S.Rəhman küçəsi ilə A.Məmmədov küçəsinin kəsişdiyi ərazinin şimal qərbindən 35 kv.m torpaq sahəsinin dəyəri ödənilməklə mağaza tikmək üçün İddiaçı satılması, şəhərin baş memarı tərəfindən razılaşdırılmış layihə sənədləri olduqdan sonra ayrılmış torpaq sahəsində tikinti işlərinə başlanılmasına icazə verilməsi qərara alınmışdır. Eyni zamanda, torpağın dəyəri ödənildikdən sonra "Torpaqların alqısatqısına dair tərtib edilmiş akt"ın qeydiyyata alınması və torpaq sahəsinə müvafiq hüquqi sənədin hazırlanıb İddiaçı verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilmişdir. İddiaçı tərəfindən Şəki Bələdiyyəsinin bank hesabına 11.01.2006-cı ildə 21 manat pul ödənilmişdir. İddiaçı sözügedən 35 kv.m torpaq sahəsinə çıxarışın və plan-ölçü sənədinin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 17.05.2021-ci il tarixli **********04 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqısı qaydaları"na əlavədə göstərilmiş "Torpaqların alqısatqısına dair akt" ərizəyə əlavə edilməmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatından imtinası qanunsuz olmaqla mülkiyyət hüquqlarını pozur. Cavabdeh iddiaya 14.07.2021-ci il tarixli **********66 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Üçüncü şəxs Şəki Bələdiyyəsi 14.07.2021-ci il tarixli 631 nömrəli məktubunda bildirmişdir ki, həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, bələdiyyənin qərarından sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən alqı-satqı aktı tərtib edilməli idi. Lakin İddiaçı tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsinə müraciət olunmadığından alqı-satqı aktı tərtib edilməmişdir. Eyni zamanda, üçüncü şəxs işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Şəki Bələdiyyəsinin 24.12.2005-ci il tarixli 13 nömrəli qərarından görünür ki, şəhərin S.Rəhman küçəsi ilə A.Məmmədov küçəsinin kəsişdiyi ərazinin şimal qərbindən 35 kv.m torpaq sahəsinin dəyəri ödənilməklə mağaza tikmək üçün İddiaçı satılması, şəhərin baş memarı tərəfindən razılaşdırılmış layihə sənədləri olduqdan sonra ayrılmış torpaq sahəsində tikinti işlərinə başlanılmasına icazə verilməsi qərara alınmışdır. - İşdə olan, 11.01.2006-cı il tarixli 11 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Şəki Bələdiyyəsinin bank hesabına 21 manat pul ödənilmişdir. - İşdə olan, cavabdehin 17.05.2021-ci il tarixli **********04 nömrəli imtina məktubundan görünür ki, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərin qanunauyğunluğu yoxlanılarkən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqısatqısı qaydaları"na əlavədə göstərilmiş "Torpaqların alqı-satqısına dair akt" ərizəyə əlavə edilməmişdir. - İşdə olan, Şəki Bələdiyyəsinin 14.07.2021-ci il tarixli 631 nömrəli məktubundan görünür ki, həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, bələdiyyənin qərarından sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən alqı-satqı aktı tərtib edilməli idi. Lakin İddiaçı tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsinə müraciət olunmadığından alqı-satqı aktı tərtib edilməmişdir. Eyni zamanda, üçüncü şəxs işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 15.02.2016-cı ilədək qüvvədə olmuş "Torpaqların alqısatqısı qaydaları"nın 8-ci bəndinin iyirmi dördüncü abzasının 08.07.2014-cü ilədək qüvvədə olmuş redaksiyasında deyilirdi ki, bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqısatqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Bundan başqa, "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin altıncı (hazırda dördüncü) hissəsinin 28.10.2008-ci ilədək qüvvədə olmuş redaksiyasında deyilirdi ki, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqısatqı aktı tərtib edilir. Göründüyü kimi, torpaq sahəsi Şəki Bələdiyyəsi tərəfindən İddiaçı satıldığı zaman qüvvədə olmuş maddi hüquq normalarına görə, Şəki Bələdiyyəsi və İddiaçı tərəfindən torpaqların alqı-satqısına dair akt tərtib edilməli idi. Lakin iddiaçı nə cavabdehə, nə də məhkəməyə belə bir akt təqdim edə bilməmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, cavabdeh iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur və hazırda torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas yoxdur. Belə olan halda, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "Şəki Bələdiyyəsinin 24.12.2005-ci il tarixli 13 nömrəli iclas protokolundan çıxarış qərarına əsasən, ayrılan 35 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar