Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1091/2025 12.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2007-ci il tarixli 83 nömrəli ölüm haqqında akt qeydində ölən şəxs haqqında məlumat qrafasının soyadı hissəsində “Yusifov” soyadından “Abdullayev” soyadına dəyişiklik edilməsi atasının adı qrafasına isə “Abdulla” adının əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2007-ci il tarixli 83 nömrəli ölüm haqqında akt qeydində ölən şəxs haqqında məlumat qrafasının soyadı hissəsində “Yusifov” soyadından “Abdullayev” soyadına dəyişiklik edilməsi atasının adı qrafasına isə “Abdulla” adının əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı cavabdehə müraicət edərək cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2007-ci il tarixli 83 nömrəli ölüm haqqında akt qeydində ölən şəxs haqqında məlumat qrafasının soyadı hissəsində “Yusifov” soyadından “Abdullayev” soyadına dəyişiklik edilməsi atasının adı qrafasına isə “Abdulla” adının əlavə edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən ona ərizənin icrasından imtina edilməsi ilə bağlı məktub təqdim etmişdir. Cavabdeh iddiaçının ərizəsinə münasibətində bildirmişdir ki, Cavabdeh arxivində saxlanılan iddiaçının doğum haqqında akt qeydində (N° 21,xx.xx.1966, Cavabdeh) atasının soyadı "Abullayev", ata adı "Abdulla'’, atasının nikah haqqında şəhadətnaməsində ata adı "Abdulla”, soyadı “Abdullayev” kimi qeyd edilmiş, atasının ölüm haqqında akt qeydində isə (N° 83, xx.xx.2007, Cavabdeh) atasının adı qrafası boş buraxılmış, soyadı isə "Yusifov” kimi yazılmışdır. Buna görə sənədlər arasında ziddiyətlər yaranmışdır. Həmçinin, Dağıstan Respublikası “Axtı rayon" Bələdiyyə rayon Adminstrasiyası Arxiv şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 04-03/81 nömrəli məktubda Axtı rayon Xnov kənd sovetinin arxiv fondunda {təsərrüfat dəftəri) 1940-1942-ci illər üçün ailə başçısı kimi Abdullayev Əli, onun arxasında isə 1933-cü il təvəllüdlü Abdullayev Xəlifət olaraq qeyd edilmişdir.Doğum haqqında akt qeydi mövcud deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 2-ci bəndinə, aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır.Bildiririk ki, iddiaçının atasının ölüm haqqında akt qeydində ölən şəxs haqqında məlumat qrafasında soyadına dəyişiklik edilməsi və ata adının əlavə edilməsi üçün əsas olan doğum haqqında akt qeydinin olmamasına görə ölüm haqqında akt qeydində müvafiq dəyişikliyin edilməsi mümkün olmamış və qeyd edilənlərə əsasən məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş, tələbin icrasından imtina edilmişdir.
2. Cavabdehin 26 oktyabr 2024-cü il tarixli məktubu və ona əlavə edilən iddiaçının atası barəsində tərtib edilmiş Doğum haqqında bərpa və ölüm haqqında akt qeydləri və digər akt qeydləri ;
3. Ədliyyə Nazirliyini VVAA-nın xx.xx.2024-cü il tarixli məktubu;
4. Şəki RŞPŞ-nin xx.xx.2024-cü il tarixli məktubu;
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur, həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi : Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Maddə 191. Adını, ata adını və soyadını dəyişdirmiş şəxslərin uşaqlarının doğulması haqqında qeyddə dəyişikliklər aparılması 191.1. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Mülki Məcəllənin 26-cı maddəsi ad və soyadın dəyişdirilməsi hüququnun qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsini təsbit edir. Qanunla müəyyənləşdirilmiş həmin “qayda” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarında nəzərdə tutulmuşdur. Həmin Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. İddiaçının hüquqi marağı cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2007-ci il tarixli 83 nömrəli ölüm haqqında akt qeydində ölən şəxs haqqında məlumat qrafasının soyadı hissəsində “Yusifov” soyadından “Abdullayev” soyadına dəyişiklik edilməsi atasının adı qrafasına isə “Abdulla” adının əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və iddiaçının mərhum atasının digər övladıarına aid akt qeydlərində,eləcə də digər sənədlərdə ata adı X2 olaraq qeyd edilmişdir. Cavabdehin də bildirdiyi kimi ilkin əldə edilən Dağıstan Respublikası “Axtı rayon" Bələdiyyə rayon Adminstrasiyası Arxiv şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 04-03/81 nömrəli məktubda Axtı rayon Xnov kənd sovetinin arxiv fondunda {təsərrüfat dəftəri) 1940-1942-ci illər üçün ailə başçısı kimi Abdullayev Əli, onun arxasında isə 1933-cü il təvəllüdlü Abdullayev Xəlifət olaraq qeyd edilmişdir.Habelə,iddiaçının mərhum atasının doğum haqqında akt qeydi mövcud deyildir.Bu baxımdan da iddiaçının atasının digər sənədləri ilə müqayisədə ölüm haqqında akt qeydində olan uyğunsuzluq daha əvvəlki sənədlərə uyğunlaşdırılmaqla aradan qaldırılmalıdır.Odur ki,hazırkı mübahisənin həlli zamanı yuxarıdakı hallar nəzərə alınmaqla Ölüm haqqında akt qeydinə düzəliş edilməsinə dair iddia uğurlu hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
Cavabdeh üzərinə Yusifov Xəlifət barəsində tərtib edilmiş xx.xx.2007-ci il tarixli, 83 nömrəli ölüm haqqında akt qeydinin ölən şəxs haqqında məlumat qrafasının soyadı hissəsində “Yusifov” soyadından “Abdullayev” soyadına dəyişiklik edilməsi, “atasının adı” qrafasına isə “Abdulla” adının yazılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə