Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1092/2022 29.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X1, cavabdehin nümayəndəsi iskəndərli Emil İsmayıl oğlunun iştirakı ilə, İddiaçı cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinə kimi keçmiş "xxxx" ATSC-də sürücü vəzifəsində işlədəyi dövrü və xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixinədək "xxxx" ASC-də işlədiyi dövrləri sığorta stajı kimi nəzərə alınması və əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinə kimi keçmiş "xxxx" ATSC-də sürücü vəzifəsində işlədəyi dövrü və xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixinədək "xxxx" ASC-də işlədiyi dövrləri sığorta stajı kimi nəzərə alınması və əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı əmək kitabçasını, hərbi biletini və digər sənədləri təqdim edərək həmin sənədlərdə qeyd edilən müddətlərin sosial sığorta stajı kimi nəzərə alınmasını, 65 yaşının bitdiyi xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı, tələb hüququnu əmək fəaliyyəti ilə məşğul olduğu müddətin və digər müddətlərin təqdim etdiyi sənədlərlə (əmək kitabçası, arayış, hərbi bilet) sübuta yetirilməsi ilə əsaslandırmışdır. Cavabdeh orqan, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərdən xx.xx.1992-xx.xx.2000-ci illərdə "xxxx" ATSCdə olan əmək fəaliyyəti müddətini mübahisələndirmiş, iddia tələbinə etirazını müvafiq əmək fəaliyyəti müddətinin yoxlanılması mümkün olmadığından həmin müddətin sosial sığorta stajına daxil edilməsinin mümkünsüzlüyü ilə əsaslandırmışdır. Cavabdeh qeyd etmişdir ki, mübahisələndirdiyi dövrlər nəzərə alınmadan sosial sığorta stajı hesablandıqda iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün azı 25 illik sığorta stajı yaranmır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - ИТ-1460145 nömrəli əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müddət aşağıdakı kimidir: xx.xx.1977 – xx.xx.1991 (14 il 1 ay 24 gün), xx.xx.1999-xx.xx.2000 (1 il, 1 ay, 29 gün), xx.xx.1991 – xx.xx.1992 (7 ay, 2 gün), xx.xx.2001-xx.xx.2004 (3 il 2 ay 14 gün), xx.xx.1992 – xx.xx.1999 (6 il 10 ay 17 gün), - H3 ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı, xx.xx.1975xx.xx.1977-ci illərdə hərbi xidmətdə olmuşdur. - "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 19 nömrəli arayışında qeyd edilmişdir ki, iddiaçı, həqiqətən xx.xx.2001-ci il tarixindən xx.xx.2004-cü il tarixinə kimi "xxxx"ASC-də işləmişdir. xx.xx.2001-ci il tarixindən - xx.xx.2002-ci il tarixinə kimi sürücü, xx.xx.2002-ci il tarixindən- xx.xx.2004-cü il tarixinə kimi təmir tikinti sahəsində fəhlə kimi çalışıb. xx.xx.2013-cü il tarixində zavoda yanğın baş verdiyindən zavodun arxiv sənədləri saxlanılan otağında bütün sənədlər yanmışdır. İşçilərin əmək haqqları, əmrləri və T2 kartoçkaları yanıb. İddiaçının sənədləri yandığı üçün zavod ona heç bir sənəd verə bilmir. Arayış İT-İ № ******* əmək kitabındakı əmrlər əsasında verilib. - Kommersiya qurumların dövlət reyestri məlumatları haqqında internet vergi idarəsinin məlumatlarından görünür ki, "xxxx" ASC (VÖEN: **********) xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. - Kommersiya qurumların dövlət reyestri məlumatları haqqında internet vergi idarəsinin məlumatlarından görünür ki, "xxxx" ASC (VÖEN: **********) xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. - 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X3 zavodunun bazası əsasında yaradılmış və onun hüquq varisi olan "xxxx" ASC (VÖEN: **********) xx.xx.1988-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Vergi ödəyicisinin vergi orqanında fəaliyyəti xx.xx.2012-ci ildə dayandırılmış, xx.xx.2017-ci ildə aktivləşmiş, xx.xx.2018-ci ildə yenidən dayandırılmışdır. - Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixə olan uçot məlumatlarına əsasən "xxxx" ASC (VÖEN: **********) xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatına, xx.xx.2003-cü ildə ********* saylı 9 rəqəmli VÖEN-lə, xx.xx.2004-cü il tarixdə ********** saylı VÖEN-lə uçota alınması və hazırda fəaliyyətinin dayandırılmış vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1956-cı ildə doğulmuşdur. - Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X3 zavodunun sənədləri arxivə təhvil verilməmişdir. - Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Qəbələ rayon Dövlət Arxivində saxlanılan Avtobazanın əmr kitablarına əsasən İddiaçı 17 oktyabr 1977-ci il tarixli,131 saylı əmrlə 2 həftəlik sınaq şərtilə yük avtomaşınları parkına ehtiyat sürücülüyünə işə qəbul edilmiş, 11 dekabr 1991-ci il tarixli, 112 saylı əmrlə işdən azad edilmişdir Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək, sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1956-cı ildə doğulub). İş materiallarında olan, ИТ-1460145 nömrəli əmək kitabçasında və hərbi biletdə qeyd edilmiş iddiaçının ümumilikdə əmək stajı 28 il 12 günə bərabərdir. Cavabdeh orqan, iddiaçının əmək fəaliyyəti müddətinin xx.xx.1992-xx.xx.2000-ci illərdə "xxxx" ATSC-də olan əmək fəaliyyəti müddətini mübahisələndirir və bunu müəssisəyə dair sənədlərin arxivə təhvil verilməməsi, buna görə də qeyd edilən dövrün yoxlanılmasının mümkün olmaması ilə əsaslandıdır. Bununla belə, cavabdeh orqan, əmək kitabçasında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması, həmin qeydlərin əlavə araşdırılması zərurəti və əmək kitabçasının mötəbərliyinin şübhəli olması ilə bağlı hər hansı sübut təqdim edə bilmir. Belə ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən, müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını, məhkəmə, iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe). İddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müəssisənin sənədlərinin arxivdə mövcud olmamasına gəldikdə isə məhkəmə hesab edir ki, həmin sənədlərin arxivə təhvil verilməsi və lazımi qaydada saxlanılmasının təmin edilməsi iddiaçının vəzifəsi olmadığından, qeyd edilən hal iddiaçının ziyanına şərh edilə bilməz. Eyni zamanda qeyd edilməlidir ki, X3 zavodunun həmin dövrdə faktiki olaraq mövcud olması və fəaliyyət göstərməsi 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə də sübuta yetirilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmiş 28 il 12 gün sosial sığorta stajı iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etdiyindən, məhkəmə hesab edir ki, cavabdeh orqan, iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinə kimi keçmiş "xxxx" ATSC-də sürücü vəzifəsində işlədiyi və xx.xx.2000-ci il tarixdən xx.xx.2004cü il tarixinədək "xxxx" ASC-də işlədiyi dövrləri sığorta stajı kimi nəzərə alaraq, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.