Məhkəmə qərarları › İş №2-1(116)-1093/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1093/2020

18.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1093/2020 18.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X12 (üçüncü şəxslər Oğuz Rayon Xalxal Bələdiyyəsi, "xxxxxxxxxxxxxxxx" MMC) qarşı "Oğuz Rayon Xalxal Bələdiyyəsinin adına hazırlanmış xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışın və A seriyalı 446706 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin ləğv edilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 59 nömrəli qərarına əsasən, İddiaçı və onun ailə üzvləri X6, X3, X4, X5 mülkiyyətinə 0,08 ha həyətyanı torpaq sahəsi verilmiş və bununla bağlı JN-022A kod 40508028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" tərtib edilmişdir. Lakin elektron kadastr məlumat bazasında həmin şəhadətnamə barədə məlumat mövcud olmadığına görə göstərilən 0,08 ha torpaq sahəsinə qeyd olunan şəxslərin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı "Oğuz rayonu Ərmənət kəndinin ərazisində JN-022A kod 40508028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə ailəsinin mülkiyyətinə verilmiş 0,08 ha həyətyanı torpaq sahəsinin sərhəd koordinatlarının naturada müəyyən edilərək elektron kadastr məlumat bazasına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)-1268/2018-ci il nömrəli qərarına əsasən, iddia təmin edilmiş, Oğuz rayonu Ərmənət kəndi ərazisində yerləşən JN-022A kod 40508028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,08 ha həyətyanı torpaq sahəsinin sərhəd koordinatlarının naturada müəyyən edilərək elektron kadastr məlumat bazasına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərar qanuni qüvvəyə mindikdən sonra xx.xx.2019-cu ildə icra edilmiş, 0,08 ha torpaq sahəsinin koordinatları yerquruluşu qaydasında naturada müəyyən edilərək koordinatlar torpaqların elektron kadastr məlumat bazasına daxil edilmişdir. Bundan başqa, Oğuz Rayon Ərmənət Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 nömrəli qərarına əsasən, bələdiyyəyə məxsus 150 kv.m torpaq sahəsinin 10 il müddətinə "xxxxxxxxxxxxxxxx MMM" birgə müəssisəsinə icarəyə verilməsi qərara alınmışdır. Həmin 150 kv.m əkin torpaq sahəsinə "xxxxxxxxxxxxxxxx MMM" birgə müəssisəsinin adına Azərbaycan Respublikası DTXK tərəfindən A-359631 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və xx.xx.2011-ci ildə qeydə alınmışdır. Bundan sonra cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X15 tərəfindən Oğuz Rayon Xalxal (əvvəlki adı - Ərmənət) Bələdiyyəsinin adına həmin 0,015 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı xx.xx.2019-cu il tarixli A-446706 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" verilmiş, eyni zamanda, həmin 0,015 ha torpaq sahəsinə Oğuz Rayon Xalxal Bələdiyyəsinin mülkiyyət hüququ xx.xx.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək Oğuz Rayon Xalxal Bələdiyyəsinin adına verilmiş xx.xx.2019-cu il tarixli A-446706 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün və eyni tarixli ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv olunmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın və "Torpaq sahəsinin plan və ölçüsü"nün ləğv edilməsi İdarənin səlahiyyətləri daxilində deyil. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, Oğuz Rayon Xalxal Bələdiyyəsinin adına qeydiyyata alınmış 0,015 ha torpaq sahəsi onun və ailə üzvlərinin adına olan JN-022A kod 40508028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,08 ha torpaq sahəsi ilə üstüstə düşür. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə "xxxxxxxxxxxxxxxx" MMC üçüncü şəxs qismində iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh iddiaya xx.xx.2020-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə əsaslanmış və bildirmişdir ki, Oğuz Rayon Xalxal Bələdiyyəsinin adına 150 kv.m torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilən zaman İddiaçı və ailə üzvlərinin adına tərtib edilmiş "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" mövcud elektron baza məlumatlarına daxil edilməmişdir. Əgər belə bir hal olsaydı, Oğuz Rayon Xalxal Bələdiyyəsinin adına 150 kv.m torpaq sahəsinin qeydə alınması mümkün olmazdı. Üçüncü şəxs "xxxxxxxxxxxxxxxx" MMC xx.xx.2020-ci il tarixli etirazında bildirmişdir ki, mübahisələndirilən torpaq sahəsinin bələdiyyə torpağı kimi "xxxxxxxxxxxxxxxx" MMC-nin icarəsinə verilməsinin müvafiq sənədlərlə təsdiq edilməsi iddiaçının təqdim etdiyi "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən torpaq sahəsi ilə "xxxxxxxxxxxxxxxx" MMC-nin icarəsində olan torpaq sahəsinin üst-üstə düşməsi ehtimalını aradan qaldırır və iddianın əsassız olduğunu göstərir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, JN-022A kod 40508028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 59 nömrəli qərarına əsasən, İddiaçı və onun ailə üzvləri X6, X3, X4, X5 mülkiyyətinə 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. - İşdə olan, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)-1268/2018-ci il nömrəli qərarından görünür ki, Oğuz rayonu Ərmənət kəndi ərazisində yerləşən JN-022A kod 40508028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,08 ha həyətyanı torpaq sahəsinin sərhəd koordinatlarının naturada müəyyən edilərək elektron kadastr məlumat bazasına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərar alınmışdır. - İşdə olan, A-446706 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü"ndən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X15 tərəfindən Oğuz Rayonu Xalxal Bələdiyyəsinə Oğuz rayonu Ərmənət kəndində kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0,015 ha bələdiyyə mülkiyyətində olan torpaq sahəsi verilmişdir. - İşdə olan, "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0,015 ha torpaq sahəsi üzərində Oğuz Rayonu Xalxal Bələdiyyəsinin tam mülkiyyət hüququ xx.xx.2019-cu ildə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, A-359631 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, Oğuz Rayon Ərmənət Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 nömrəli qərarı və xx.xx.2006-cı il tarixli torpaq icarə müqaviləsi ilə "xxxxxxxxxxxxxxxx" MMC-ə teleqüllə tikintisi üçün 150 kv.m torpaq sahəsi 10 il müddətinə icarəyə verilmişdir. - İşdə olan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X11 xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Oğuz Rayonu Xalxal Bələdiyyəsinin adına hazırlanmış xx.xx.2019-cu il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da və həmin torpaq sahəsinə dair tərtib edilmiş "Torpaq sahəsinin plan və ölçüsü" sənədində göstərilmiş 0.015 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin adına tərtib olunmuş "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,08 ha torpaq sahəsi ilə üst-üstə düşür. Həmin 0,015 ha torpaq sahəsi üzərində "xxxxxxxxxxxxxxxx" MMC-yə məxsus ötürücü qurğu yerləşir. Bundan başqa, İddiaçı və ailə üzvülərinin adına tərtib olunmuş "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,08 ha torpaq sahəsinin elektron kadastr (DWJ) məlumat bazasında qeydiyyatı aparılmadığından xx.xx.2019-cu il tarixdə 0,015 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan zaman torpaq sahələrinin üst-üstə düşməsi faktı aşkar edilməmişdir. - İşdə olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X11 xx.xx.2020-ci il tarixli **********88 nömrəli etiraz məktubundan görünür ki, Oğuz Rayon Xalxal Bələdiyyəsinin adına 150 kv.m torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilən zaman İddiaçı və ailə üzvlərinin adma tərtib edilmiş "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" mövcud elektron baza məlumatlarına daxil edilməmişdir. Əgər belə bir hal olsaydı, Oğuz Rayon Xalxal Bələdiyyəsinin adına 150 kv.m torpaq sahəsinin qeydə alınması mümkün olmazdı. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Müəyyən edildi ki, torpaq islahatı zamanı iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,08 ha torpaq sahəsinə aid olan JN-022A kod 40508028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" barədə elektron kadastr məlumat bazasında məlumat mövcud olmadığına görə həmin torpaq sahəsinə onların mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına uyğun olaraq, JN-022A kod 40508028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,08 ha torpaq sahəsinin koordinatları xx.xx.2019-cu ildə yerquruluşu qaydasında naturada müəyyən edilərək torpaqların elektron kadastr məlumat bazasına daxil edilmişdir. Bundan bir neçə gün əvvəl, xx.xx.2019-cu ildə isə 0,015 ha torpaq sahəsinə Oğuz Rayon Xalxal Bələdiyyəsinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən məhkəməyə verilmiş xx.xx.2020-ci il tarixli məktubdan və əlavə olunmuş sxemdən görünür ki, Oğuz Rayonu Xalxal Bələdiyyəsinin adına qeydiyyata alınmış 0,015 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin adına tərtib olunmuş "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,08 ha torpaq sahəsi ilə üst-üstə düşür, həmin 0,015 ha torpaq sahəsi üzərində "xxxxxxxxxxxxxxxx" MMC-yə məxsus ötürücü qurğu yerləşir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Sözügedən "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" 2006-cı il iyulun 6-dək verildiyinə görə göstərilən maddələrin təsiri altına düşür və adları göstərilən şəxslərin mülkiyyət hüququna münasibətdə öz hüquqi qüvvəsini saxlayır. Belə olan halda, həmin şəhadətnamədə göstərilən torpaq sahəsinə özgəsinin, o cümlədən Oğuz Rayon Xalxal Bələdiyyəsinin mülkiyyət hüququ qeydiyyata alına bilməzdi. Ona görə də iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Oğuz Rayon Xalxal Bələdiyyəsinin adına hazırlanmış xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və A-446706 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X11 üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar