Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1095/2020 16.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Göyçay rayon Potu bələdiyyəsi və Cavabdeh2 qarşı “Göyçay rayonu Potu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli və xx.xx.2003 tarixli 08 nömrəli qərarlarının ləğv edilməsi” tələbi barədə işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Göyçay rayon Potu bələdiyyəsi və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Göyçay rayonu Potu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli və xx.xx.2003 tarixli 08 nömrəli qərarlarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Göyçay rayonu Potu kəndində yerləşən 1.92 ha torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixində qeydə alınıb və ona RX seriyalı ******* saylı çıxarış verilmişdir. Xüsusi mülkiyyətində olan kənd təsərrüfatlı təyinatlı və tikinti məqsədləri üçün ayrılmayan Potu kəndində yerləşən 1.92 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixdə ölçülərkən müəyyən edilmişdir ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan torpaq sahəsində qeyri-yaşayış binası inşa etmişdir və həmin bina onun istifadəsindədir. Bu səbəbdən Göyçay Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan torpaq sahəsində Cavabdeh2 tərəfindən inşa edilmiş qeyri-yaşayış binasının sökülməsi və onun həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə mahiyyəti üzrə baxılarkən DƏDRX-nin 16 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 tərəfindən inşa edilmiş qeyri-yaşayış binasına dair bütün sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərlə tanış olduqdan sonra məlum olmuşdur ki, mülkiyyətində olan torpaq sahəsinin 850 kv.m hissəsi Potu Bələdiyyəsinin 31.07.207-ci il tarixli 10 nömrəli qərarına əsasən Cavabdeh2 satılmışdır. Bu səbəbdən mülkiyyətində olan torpaq sahəsi ilə Cavabdeh2 tərəfindən inşa edilmiş qeyri-yaşayış binası üst-üstə düşür. Hesab edir ki, mülkiyyətində olan torpaq sahəsinin 850 kv.m hissədə Cavabdeh2 satılmasına dair Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarı və 30x24 kv.m hissədə Cavabdeh2 satılmasına dair Potu Bələdiyyəsinin xx.xx.2003-ci il tarixli 08 nömrəli qərarı ləğv edilməlidir. İddia ərizəsi xx.xx.2020-ci il tarixində məhkəməyə daxil olmuş və həmin tarixdən icraata götürülmüş sayılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasını xahiş etdi və əlavə olaraq qeyd etdi ki, hazırki iddia tələbi ilə 2018-ci il tarixində məhkəməyə o, bacısının nümayəndəsi kimi iddia ərizəsi ilə müraciət edib, sonradan atası 2019-cu il tarixində iddia ərizəsini geri götürsə də, özü həmin dövrdə hərbi xidmətdə olmuş, şəxsən bu işlərlə məşğul ola bilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh bələdiyyənin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri, həmçinin 2-1(84)-111/2019 saylı işin materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçının iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində (Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsi) qaldırıla bilər. Lakin iddiaçı qanunla müəyyən edilmiş həmin müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Mübahisələndirilən inzibati aktlar xx.xx.2007-ci və xx.xx.2003 tarixlərində qəbul edilmişdir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi iddiaçı Göyçay Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan torpaq sahəsində Cavabdeh2 tərəfindən inşa edilmiş qeyri-yaşayış binasının sökülməsi və onun həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə mahiyyəti üzrə baxılarkən DƏDRX-nin 16 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 tərəfindən inşa edilmiş qeyri-yaşayış binasına dair bütün sənədlər məhkəməyə təqdim edilmişdir. Hazırkı tələblə iddiaçı 2018-ci il tarixində də məhkəməyə müraciət etmiş, iddia ərizəsi xx.xx.2018ci il tarixində məhkəməyə daxil olmuş (iş nömrəsi 2-1(84)-1768/2018), xx.xx.2019-cu il tarixində məhkəmə iclası olmuş, X2, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X6, Göyçay rayon Potu Bələdiyyəsi və Göyçay rayon Dövlət Arxivinə sorğular verilmiş və sorğulara cavab gəldikdən sonra iş üzrə məhkəmə iclası xx.xx.2019cu il tarixinə təyin edilmişdir. Lakin iddiaçının nümayəndəsi (atası) X3 xx.xx.2019-cu il tarixli ərizə ilə iddianı geri götürdüyünü bildirərək, iddia ərizəsinə əlavə edilən sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli, 2- 1(84)-111/2019 saylı qərardadı ilə iddia geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi iddiaçı ən azından 2018-ci ilin noyabr ayından mübahisələndirilən qərarlardan məlumatlı olmuş, xx.xx.2019-cu il tarixli, 2-1(84)-111/2019 saylı məhkəmə qərardadını almış, ondan şikayət verməmiş, xx.xx.2019-cu il tarixində 2-1(84)-111/2019 saylı işdə olan sənədlərin əslini və təsdiqlənmiş surətini nümayəndəsi (atası) imza etməklə almışdır. İddiaçı yenidən xx.xx.2020-ci il tarixində məhkəməyə iddia ərizəsi verməklə (iddia ərizəsi xx.xx.2019-cu il tarixində məhkəməyə daxil olmuşdur.) qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürmüşdür. İddiaçının nümayəndəsinin hərbi xidmətdə olması ilə bağlı dəlili isə müddətin üzürlü səbəbdən buraxılması qənaətinə gəlməyə əsas vermir. Belə ki, nümayəndə iddiaçını təmsil edir və onun adından hərəkət edir. Buradan da göründüyü kimi iddiaçı sözügedən inzibati aktların qəbul edilməsindən xəbərdar olmuş, lakin o, qanunla müəyyən edilmiş müddət ərzində bələdiyyə qərarlarını mübahisələndirməmiş, həmin aktları mübahisələndirmə imkanını itirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Göyçay rayon Potu bələdiyyəsi və Cavabdeh2 qarşı “Göyçay rayonu Potu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli və xx.xx.2003 tarixli 08 nömrəli qərarlarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1095/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1095/2020
16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver