Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1099/2021 16.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə və cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Qax rayonu Turaclı bələdiyyəsinin 17.07.2002-ci il tarixli, 08 saylı qərarı ilə iddiaçıya satılmış və hal-hazırda istifadəsində olan 0,10 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının adına mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qax rayonu Turaclı bələdiyyəsinin 17.07.2002-ci il tarixli, 08 saylı qərarı ilə iddiaçıya satılmış və halhazırda istifadəsində olan 0,10 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının adına mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı Qax rayonu Turaclı bələdiyyəsinin 17.07.2002-ci il tarixli qərarı ilə 0,10 ha həyətyanı torpaq sahəsini satın almışdır. Həmin torpaq sahəsi hal-hazıradək iddiaçının istifadəsindədir. Torpaq sahəsinin alqı-satqısına dair sənədi ləğv edilmiş DTXK Qax rayon şöbəsi imza və möhürlə təsdiq etməmişdir. İddiaçının isə bundan xəbəri olmamış və zənn etmişdir ki, torpaq sahəsinin sənədləri qaydasındadır. İddiaçı cavabdehə müraciət edərək Qax rayonu Turaclı bələdiyyəsinin 17.07.2002-ci il tarixli 08 saylı qərarı ilə ona satılmış 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh 27.05.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, torpaq sahəsi ayrıldığı dövrdə qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinin redaksiyasına əsasən “Torpaqların alqı-satqısına dair akt” tərtib olunmalı idi (“Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 13-1-ci bəndinə əsasən “Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alqı-satqı qaydasında verilir”). Təqdim olunan sənədlərə əsasən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, “Torpaqların alqı-satqısına dair akt”da ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin nümayəndəsinin iştirakı təmin olunmamışdır. Qeyd olunanlar nəzərə alınaraq, 0,10 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması mümkün olmamışdır. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya qarşı rəsmi münasibət bildirilməsi barədə 09.07.2021-ci il tarixli məktubunda iddiaçıya ünvanladığı 27.05.2021-ci il tarixli imtina məktubunda göstərilənlərə əlavə olaraq qeyd etmişdir ki, Torpaqların alqı-satqısına dair akt 24.02.2016-cı il tarixdə tərtib olunmuş, bu da “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 23.10.2007-ci il tarixli Azərbaycan Respublikası Qanununun, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə 23.10.2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 01.12.2007-ci il tarixli 271 saylı Sərəncamından irəli gələn tələblərə cavab vermir. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, sözügedən akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsində qeydiyyatdan keçməmişdir. Eyni zamanda bildirilmişdir ki, Qax rayonu Turaclı bələdiyyəsinin 17.07.2002-ci il tarixli 08 saylı protokolundan çıxarışının gündəliyindəki məsələ hissəsində Turaclı kənd sakinləri X7 və X3 ərizələrinə baxılması nəzərdə tutulur. Ancaq qərar hissəsində X4 03.07.2002-ci il tarixli ərizəsi nəzərə alınaraq ona torpaq sahəsinin mülkiyyətinə verilməsi qərara alınmışdır. İş materiallarında olan 007414 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Qanuni nümayəndə və X5 arasında nikah müqaviləsi 08.01.2002-ci il tarixdə bağlanmış və bu barədə akt qeydləri kitabında 08.01.2002-ci il tarixdə 02 nömrə ilə qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra Rəşadə Əhmədovaya “Abdullayeva” soyadı verilmişdir. İş materiallarında olan Turaclı bələdiyyəsinin 17.07.2002-ci il tarixli 08 saylı iclas protokolundan çıxarışdan görünür ki, iclasın gündəliyində olan məsələ qismində Turaclı kənd sakinləri X7 və X3 ərizələrinə baxılmış və X4 03.07.2002-ci il tarixli ərizəsi nəzərə alınaraq ona Turaclı bələdiyyəsinə pulunu ödədiyi üçün 0,10 ha həyətyanı torpaq sahəsinin özəlləşdirilərək mülkiyyətinə verilməsi qərara alınmışdır. Qax rayon Dövlət arxivinin məhkəməyə ünvanladığı 09.07.2021-ci il tarixli 69 nömrəli məktubunda qeyd olunmuşdur ki, Turaclı bələdiyyəsi Qax rayon Dövlət arxivinə dövlət mühafizəsinə sənəd təhvil vermədiyindən həmin bələdiyyənin arxivdə fondu yoxdur. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin 15.06.2002-ci il tarixli, 44 nömrəli rəyində qeyd edilir ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 0,10 ha olmaqla Qax bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına az yararlı olmaqla olmaqla həyətyanı məqsədi üçün satılması qanunauyğundur. Rəyə baxış zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, rəyin nömrəsi üzərində qaralama edilərək dəyişiklik olunmuşdur. İşdə olan Qax Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 01.06.2012-ci il tarixli, 577 nömrəli rəyindən görünür ki, İddiaçı həyətyanı məqsədi üçün 0,10 ha torpaq sahəsinin satılmasına etiraz edilməmişdir. İş materiallarına əlavə olunmuş “Torpaqların alqı-satqısına dair” 24.02.2016-cı il tarixdə tərtib edilmiş Aktdan görünür ki, İddiaçı (AZE 0*******, Saatlı RPŞ, 29.08.2006) 25.06.2002-ci il tarixdə torpaq sahəsi almaq üçün ərizə ilə Turaclı bələdiyəsinə müraciət etmişdir. Bələdiyyənin 17.07.2002-ci il tarixli, 08 saylı qərarı ilə ona 0.10 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmış və iddiaçı 026407 nömrəli qəbzlə əvvəlcədən torpaq sahəsinin dəyəri olan 1.680.000 manat vəsaiti ödəmişdir. Aktda vəsaitin hansı bankın neçə saylı hesabına ödənilməsi barədə qeyd aparılmamışdır. Həmçinin akt tərtib edilərkən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin müdirinin iştirakı təmin edilməmiş, akt şöbənin möhürü ilə təsdiq edilməmiş, iddiaçı tərəfindən akt imzalanmamış və akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsində qeydiyyata alınmamışdır. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş ******* nömrəli qəbzin surətinə əsasən müəyyən edilmişdir ki, qəbz əhalidən vergilərin qəbulu ilə bağlı olmuş, 1.680.000 manat həyətyanı torpaq üçün 106 nömrəli qərar əsasında ödənilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini, cavabdehin nümayəndəsi isə iddianın təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının 29.06.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun: 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir; 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. O cümlədən, məhkəmə hesab edir ki, hazırkı mübahisəyə iddiaçı ilə bələdiyyə arasında mövcud mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş qanunvericilik normaların tətbiqi baxımından aşağıdakı müdəalara istinad olunmalıdır. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28.10.2008-ci il tarixli 709-İİİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərə qədər “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının 29.06.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun 6.5-ci maddəsinin qüvvədə olmuş mətninə görə torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23.10.2007-ci il tarixli 466-İİİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərə qədər “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının 29.06.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun 9.6-cı maddəsinin qüvvədə olmuş mətninə görə bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqısatqı aktı tərtib edilir. Həmçinin Azəbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 4-cü bəndinə görə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir; 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər; 13-1-ci bəndinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğısatqı qaydasında verilir; 15-ci bəndinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir; 17-ci bəndinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir; 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir; 23-cü bəndinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir; 25-ci bəndinə görə bələdiyyələr ayrılmış torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin hazırlanması üçün öz qərarından və torpaq sahəsinin planından (cizgisindən) çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərir; 26-cı bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərin vəsaiti hesabına 10 gün müddətində torpağa mülkiyyət, istifadə və ya icarə hüququna dair sənədi (dövlət aktı və ya şəhadətnamə) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı torpaq sahəsi üzərində hüquqları dövlət torpaq kadastrında, dövlət torpaq reyestrində qeydiyyata alır və müvafiq sənədləri torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə təqdim edir. Qeyd olunan normaların tələbindən də göründüyü kimi, bələdiyyə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra, torpaq sahəsinin iddiaçıya ayrılması barədə müvafiq qərar qəbul etməli, qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən bank hesabına ödənilməklə onunla bələdiyyə arasında müvafiq alqı-satqı aktı tərtib edilməli və akt müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmalı olduğu halda, iş üzrə bu prosedur qaydalarına əməl edilməmişdir. Belə ki, iş materiallarının araşdırması zamanı müəyyən edilir ki, bələdiyyənin 17.07.2002-ci il tarixli 08 saylı iclasına dair Qax dövlət arxivində müvafiq sənədlərin arxiv nüsxəsi mövcud deyildir. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş bələdiyyə qərarından çıxarışın əslinə əsasən müəyyən olunmuşdur ki, 17.07.2002-ci il tarixli iclasın gündəliyində duran məsələ qismində X3 ərizəsinə baxılması məsələsi olsa da, bələdiyyə iclasında ona münasibətdə torpaq sahəsinin satılması qərara alınmamışdır. İddiaçı 08.01.2002-ci il tarixdən artıq Abdullayeva soyadını daşımasına baxmayaraq, bələdiyyənin iclasının protokolunda onun soyadı Əhmədova kimi qeyd olunmuşdur. İşin araşdırılması zamanı iddiaçı tərəfindən təqdim edilmiş DTXK Qax rayon şöbəsinin 15.06.2002-ci il tarixli rəyində nömrə hissəsində qaralamanın olduğu müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Turaclı bələdiyyəsinin Qax rayon DTXK şöbəsinin müdirinə ünvanlanmış müraciətinin surətinə əsasən isə müəyyən edilir ki, bələdiyyə qərar qəbul edildikdən sonra 24.05.2012-ci il tarixli müraciətlə rəy verilməsini sonuncudan xahiş etmişdir. Həmçinin Turaclı bələdiyyəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 12.07.2021-ci il tarixli 71 nömrəli məktuba qoşma olaraq kserosurəti, iddiaçının 30.07.2021-ci il tarixli ərizəsinə isə notariat qaydada təsdiq olunmuş surəti əlavə edilmiş DTXK Qax rayon şöbəsinin 21.06.2012-ci il tarixli arayışında göstərilmişdir ki, İddiaçı satılması nəzərdə tutulan 0,10 ha torpaq sahəsinin qiyməti 340 manatdır. Rəy qərar qəbul edildikdən 10 ilə yaxın müddət keçdikdən sonra verilmişdir. Qax Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin rəyi isə, bələdiyyənin 17.07.2002-ci il tarixli qərarı qəbul olunduqdan 10 ilə yaxın müddət keçdikdən sonra 01.06.2012-ci il tarixdə verilmişdir. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş 026407 nömrəli qəbzin surətinə əsasən 1.680.000 manat vəsaitin bələdiyyənin bank hesabına ödənilmədiyi müəyyən olunmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş torpaqların alqı-satqısına dair aktın əslinə məhkəmə tərəfindən baxış keçirilən zaman müəyyən edilmişdir ki, akt 24.02.2016-cı il tarixdə tərtib edilmiş, aktda iddiaçıya məxsus AZE 0******* nömrəli Saatlı RPŞ tərəfindən 29.08.2006-cı il tarixdə verilmiş şəxsiyyət vəsiqəsi qeyd olunmuşdur. Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən iddiaçıya 25.04.2014cü il tarixdə Qax RPŞ QvŞV qrupu tərəfindən AZE 13759433 nömrəli şəxsiyyət vəsiqəsinin verildiyi aşkar olunmuşdur. Belə olan halda 24.02.2016-cı il tarixdə tərtib edilmiş alqı-satqı aktında iddiaçının artıq qüvvədən düşmüş şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi qeyd oluna bilməzdi. İddiaçı tərəfindən ödənişin hansı banka və hesaba köçürülməsi aktda öz əksini tapmamışdır. Həmçinin alqı-satqı aktı alıcı olan iddiaçı tərəfindən imzalanmamış, DTXK-nın nümayəndəsinin iştirakı təmin edilməmiş, alqı-satqı aktı DTXK rayon şöbəsində qeydiyyata alınmamışdır. Ümumiyətlə həmin tarixdə artıq “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 05.02.2015-ci il tarixli Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının 29.06.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun 9.6-cı maddəsinin mətnində dəyişiklik edilərək bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsinin müvafiq müqavilə ilə rəsmiləşdirilməsi qaydası müəyyən edilmişdir. Bu isə onu deməyə əsas verir ki, iddianın əsaslandırılması üçün təqdim edilmiş sənədlər əsassızdır. Məhkəmə işin araşdırılması çərçivəsində əldə olunmuş sübutlarla kifayətlənərək, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən mütəxəssis rəyinin verilməsi zərurəti aradan qalxdığından, rəyə istinad edilmədən iş üzrə qərar qəbul edilməsi qənaətindədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Qax rayonu Turaclı bələdiyyəsinin 17.07.2002-ci il tarixli, 08 saylı qərarı ilə iddiaçıya satılmış və hal-hazırda istifadəsində olan 0,10 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının adına mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-1099/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1099/2021
16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver