Məhkəmə qərarları › İş №2-1(116)-11/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-11/2024

20.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-11/2024 20.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 16 saylı Ucar ərazi idarəsinə qarşı “ilkin plan-ölçü sənədlərinə uyğun olaraq X8 məxsus **********44 saylı çıxarışın iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşən hissədə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X8 verilmiş qeydiyyat nömrəsi ******* saylı çıxarışda və iddiaçıya verilmiş qeydiyyat nömrəsi ********** nömrəli çıxarışda ilkin yerquruluşu sənədləri nəzərə alınmaqla dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1191/2022 nömrəli qərardadı ilə X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə hüquqi yardım edilərək iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi izah edilmişdir. Daha sonra İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək “X8 verilmiş **********44 saylı çıxarış iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşən hissədə dəyişdirilməsi, həmin çıxarışın ilkin plan-ölçü sənədlərinə uyğun dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-11/2024 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçının 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqları Şəki İnzibati Məhkəməsinin qərarı əsasında cavabdeh tərəfindən qeydə alınaraq, daşınmaz əmlakın dövlət reyesterindən çıxarış verilmişdir. Onun həyətyanı sahəsinə bitişik sahəyə mülkiyyət hüququ vətəndaş X8 tanınıb və **********44 saylı çıxarış verilib. Çıxarışlar verilərkən ilkin yerquruluşu sənədləri nəzərə alınmamış, nəticədə ona və vətəndaş X8 verilmiş çıxarışlar ikin yerquruluşu sənədlərinə uyğun tərtib edilmədiyindən tərəflər arasında mübahisə yaranmışdır. Bu səbəbdən də X11 ona qarşı "maneənin aradan qaldırılması tələbinə dair" iddiası əsasında başlanmış 2(035)-352/2020 saylı mülki iş Zərdab rayon Məhkəməsinin icraatındadır. X8 verilmiş, qeydiyyat nömrəsi ********** saylı, ******* saylı "Çıxarış"da və ona verilmiş qeydiyyat nömrəsi ********** nömrəli "Çıxarış"da dəyişiklik edilərək həmin sənədlərin ilkin yerquruluşu sənədləri əsasında yenidən tərtib edilməsinə dair cavabdehin **********80 saylı 16 mart 2022-ci il tarixli məktubu ilə rədd edilmiş, əsas olaraq **********96 saylı Çıxarışda təqdim etdiyi Zərdab rayon Zərdab bələdiyyəsi və Zərdab rayon İcra Hakimiyyəti Başçısının Tikinti və Memarlıq şöbəsi tərəfindən verilmiş yerquruluşu sənədlərinə istinad edildiyi göstərilmişdir. Yuxarıda göstərildiyi kimi X8 verilmiş qeydiyyat nömrəsi ********** saylı, ******* saylı "Çıxarış"da və ona verilmiş qeydiyyat nömrəsi ********** nömrəli "Çıxarış"da ilkin yerquruluşu sənədləri nəzərə alınmayıb, nəticədə ona və vətəndaş X8 verilmiş çıxarışlar ikin yerquruluşu sənədlərinə uyğun tərtib edilməyib, həmin sənədlərə baxış zamanı bunu asanlıqla müəyyən etmək olar. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, X1 Bayram Arif oğluna və ona verilmiş çıxarışa düzəliş olunaraq, sənədlərinin ilkin yerquruluşu sənədləri əsasında yenidən tərtib edilməsi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı sənədlərin qanunamüvafiq qaydada verilməsi müəyyən olunmuş, bu səbəbdən də vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək iddia ələbinin təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Zərdab rayonu Qoşaoba kəndi X15 H.Cavid küçəsi 13A ünvanında yerləşən 0,10 ha torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Zərdab rayonu X15 ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində X5 tam mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır. - Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli xx.xx.2020-ci il tarixli 2-1(116)- 509/2020 nömrəli qərarından çıxarışından görünür ki, Zərdab rayonu Qoşaoba bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 nömrəli qərarı ilə İddiaçı satılmış 0,10 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. - Zərdab rayon Qoşaoba bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 saylı iclas protokolundan çıxarışdan görünür ki, Zərdab rayonu Bəyimli qəsəbə sakini İddiaçı xx.xx.2006-cı il tarixdə bələdiyyəyə daxil olmuş ərizəsi, həyətyanı sahə üçün ayrılmış 0,10 ha torpaq sahəsinin planı nəzərə alınmış, şəhərin X15 ərazisindən 0,10 ha torpaq sahəsi dəyəri ödənilməklə fərdi ev tikintisi üçün Bəyimli qəsəbə sakini İddiaçı satılmış, ayrılmış torpaq sahəsinin ölçülüb verilməsi Zərdab rayon Qoşaoba bələdiyyəsinin yerli iqtisadi inkişaf məsələləri daimi komissiyasının sədri A.Kərimova həvalə edilmiş, müvafiq sənədlərin təsdiqi Respublika Torpaq və Xəritəçəkmə komitəsindən xahiş olunmuşdur. - üçüncü şəxsin, cavabdeh orqanın əməkdaşlarının və Zərdab bələdiyyəsinin nümayəndəsinin iştirakı ilə tərtib edilmiş xx.xx.2017-ci il tarixli aktda qeyd edilmişdir ki, X2in müraciəti və təqdim etdiyi sənədlər əsasında ona məxsus Zərdab şəhəri X15 ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə yerində baxış keçirilmiş və həmin torpaq sahəsinin 28,0 m uzunu, 21,65 m eni (yerdəki maili vəziyyət nəzərə alaraq) olmaqla yerdə ölçüsü qoyuldu. Mərz nişanı vurularaq vətəndaşa tanıtdırıldı və həmin mərz nişanların koordinatları götürüldü. X2 qoyulmuş mərz nişanları ilə heç bir etiraz etmədən razılaşdı. Sözügedən torpaq sahəsinin götürülmüş 1) 730897.435.4456718.745; 2) 730918.955.4456721.114; 3) 730925.871.4456693.981; 4) 730904.351.4456691.613 koordinatlar daxilində Dövlət Reyestri tərəfindən mülkiyyət hüququnun qeydiyyata alınması məqsədəuyğun hesab edilmişdir. - cavabdeh orqanın xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəylərində aşağıdakılar qeyd edilmişdir:

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********96 reyestr (**********) nömrəli çıxarışla iddiaçının mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsi Zərdab rayonu Qoşaoba bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 12 saylı iclas protokolu və ona əlavə olunmuş “Zərdab bələdiyyəsinin xəritəsindən çıxarış” və digər torpaqayırma sənədləri əsas olmaqla Şəki inzibati Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli 2-1 (116)-509/2020 nömrəli qərarı ilə idarənin üzərinə qoyulan öhdəlik əsasında verilmişdir və “Zərdab bələdiyyəsinin xəritəsindən çıxarış"da koordinatlar mövcud olmadığı üçün dəqiqliklə üst-üstə düşüb-düşməməsini etmək mümkün olmamışdır.

2. Zərdab bələdiyyəsinin tərtib etdiyi 1:10000 miqyasında ilkin yerquruluşu sənədində qeyd edilmiş torpaq sahəsinin yerləşmə yerinin koordinatları qeyd olunmadığı üçün Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********44 reyestr nömrəli (qeydiyyat nömrəsi **********) çıxarışla X5 mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşüb- düşməməsini müəyyən etmək mümkün olmadı.

3. Zərdab bələdiyyəsinin tərtib etdiyi 1:10000 miqyasında ilkin yerquruluşu sənədində qeyd edilmiş torpaq sahəsinin yerləşmə yerinin koordinatları mövcud olmadığı üçün Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********96 reyestr nömrəli (qeydiyyat nömrəsi **********) çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Əlavə olaraq bildirilmişdir ki, Zərdab bələdiyyəsinin möhürlə təsdiq etdiyi xx.xx.2017-ci il tarixli aktda qeyd edilmiş koordinatlar İddiaçı adına tərtib edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** (**********96 reyestr nömrəli) qeydiyyat nömrəli çıxarışa əlavə olunmuş A672216 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla uyğun deyildir.

Əsaslandırma hissəsi:

Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə teleqram göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçı və üçüncü şəxsin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İş materiallarından və iddia ərizəsinin məzmunundan görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı X8 məxsus **********44 saylı çıxarışın özünə məxsus torpaq sahəsi ilə üst-üstə düşən hissədə dəyişdirilməsinə (ləğv edilməsinə) nail olmaqdır. Məhkəmə iddia tələbinin əsaslılığına hüquqi qiymət verilməsi üçün həm iddiaçıya, həm də üçüncü şəxsə məxsus torpaq sahələrinin yerləşmə vəziyyətini ilkin yeruquruluşu sənədləri əsasında yoxlamışdır. Müəyyən edilmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli xx.xx.2020ci il tarixli 2-1(116)-509/2020 nömrəli qərarına əsasən Zərdab rayonu Qoşaoba bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 nömrəli qərarı ilə İddiaçı satılmış 0,10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır. Bununla belə həmin torpaq sahəsinin yerləşmə vəziyyəti barədə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Zərdab bələdiyyəsinin tərtib etdiyi 1:10000 miqyasında ilkin yerquruluşu sənədində qeyd edilmiş torpaq sahəsinin yerləşmə yerinin koordinatları mövcud olmadığı üçün Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********96 reyestr nömrəli (qeydiyyat nömrəsi **********) çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsinin ilkin sənəddə qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyil. Eyni zamanda mütəxəssis rəyində üçüncü şəxsə münasibətdə də, Zərdab bələdiyyəsinin tərtib etdiyi 1:10000 miqyasında ilkin yerquruluşu sənədinə istinad edilərək qeyd edilmişdir ki, tərtib edilmiş sənədlərin ilkin sənədlərlə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi mümkün deyil. Bununla belə iş materiallarında mövcud olan üçüncü şəxsin, cavabdeh orqanın əməkdaşlarının və Zərdab bələdiyyəsinin nümayəndəsinin iştirakı ilə tərtib edilmiş xx.xx.2017-ci il tarixli aktdan görünür ki, üçüncü şəxsə məxsus 0,06 ha həyətyanı torpaq sahəsinə yerində baxış keçirilmiş və həmin torpaq sahəsinin 28,0 m uzunu, 21,65 m eni (yerdəki maili vəziyyət nəzərə alaraq) olmaqla naturada yerləşmə vəziyyəti müəyyən edilərək tanıdılmış, sözügedən torpaq sahəsinin götürülmüş 1) 730897.435. 4456718.745; 2) 730918.955. 4456721.114; 3) 730925.871 4456693.981; 4) 730904.351. 4456691.613 koordinatlar daxilində Dövlət Reyestri tərəfindən mülkiyyət hüququnun qeydiyyata alınması məqsədəuyğun hesab edilmişdir. Odur ki, üçüncü şəxsə məxsus torpaq sahəsinin yerləşmə vəziyyəti xx.xx.2017-ci il tarixdə tərtib edilmiş aktda öz əksini tapdığından ilkin yeruquruluşu sənədi olaraq həmin akt qəbul edilməlidir. Belə ki, sözügedən akt torpaq sahəsini ayrıran qurumun və hazırkı cavabdehin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş, bələdiyyə məhz həmin torpaq sahəsinin üçüncü şəxsə satılmasını müəyyən etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Zərdab rayon Məhkəməsinin icraatında olan 2(035)-120/2021 nömrəli mülki iş üzrə verilmiş mübahisəli torpaq sahəsinin yerquruluşu planından görünür ki, üçüncü şəxsin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə Zərdab bələdiyyəsinin xx.xx.2017-ci il tarixli aktla təsdiq etdiyi koordinatlar uyğunluq təşkil edir. Mübahisəli torpaq sahəsinə dair tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, Zərdab bələdiyyəsinin təsdiq etdiyi xx.xx.2017-ci il tarixli aktda qeyd edilmiş koordinatlar iddiaçının adına tərtib edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** (**********96 reyestr nömrəli) qeydiyyat nömrəli çıxarışa əlavə olunmuş A672216 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla uyğun deyildir. İşin hallarından göründüyü kimi hər bir halda üçüncü şəxsə məxsus torpaq sahəsinin koordinatları iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşmür və üçüncü şəxsə məxsus **********44 saylı çıxarış ilkin yerquruluşu sənədinə uyğundur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 16 saylı Ucar ərazi idarəsinə qarşı “ilkin plan-ölçü sənədlərinə uyğun olaraq X8 məxsus **********44 saylı çıxarışın iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşən hissədə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar