Məhkəmə qərarları › İş №2-1(116)-110/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-110/2023

28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-110/2023 28.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 17 saylı ünvan 1 ünvanda xüsusi mülkiyyətində olan, azalmadan sonra faktiki naturada mövcud olan 0,0250 ha torpaq sahəsinin, həmin torpaq sahəsinə bitişik bələdiyyəyə məxsus 181 kv.m torpaq sahəsi hesabına tamamlanmaqla A464388 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin sərhədlərinin və döngə nöqtələrinin dəyişdirilərək bütövlükdə 431 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Yevlax şəhəri Q.Quliyev küçəsi 14V nömrəli ünvanda iddiaçının xüsusi mülkiyyətində olan 0.0450 ha yaşayış məntəqələri torpaq sahəsinin sərhədlərinin və döngə nöqtələrinin koordinatlarının mövcud vəziyyətə uyuğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-110/2023 nömrəli qərardadı ilə Yevlax bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “Yevlax şəhəri Q.Quliyev küçəsi 14V nömrəli ünvanda xüsusi mülkiyyətində olan, azalmadan sonra faktiki naturada mövcud olan 0,0250 ha torpaq sahəsinin, həmin torpaq sahəsinə bitişik bələdiyyəyə məxsus 0,02 ha torpaq sahəsi hesabına tamamlanmaqla A464388 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin sərhədlərinin və döngə nöqtələrinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iddiaçı yenidən tələbini dəqiqləşdirərək “Yevlax şəhəri Q.Quliyev küçəsi 14V nömrəli ünvanda xüsusi mülkiyyətində olan, azalmadan sonra faktiki naturada mövcud olan 0,0250 ha torpaq sahəsinin, həmin torpaq sahəsinə bitişik bələdiyyəyə məxsus 181 kv.m torpaq sahəsi hesabına tamamlanmaqla A464388 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin sərhədlərinin və döngə nöqtələrinin dəyişdirilərək bütövlükdə 431 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddia ərizəsinin əsaslarına görə, ünvan 2 ünvanda iddiaçının xüsusi mülkiyyətində 0.0450 ha yaşayış məntəqələrinin torpaqları mövcuddur. Həmin torpaq sahəsinə dair Mülkiyyət hüququ hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi olan Çıxarış tərtib edilmişdir. Mülkiyyətində olan 0.0450 ha torpaq sahəsinə dair işlənmiş Torpaq sahəsinin planı və ölçüsü sənədində uyğunsuzluq vardır. Belə ki, torpaq sahəsinin koordinatları düzgün işlənmədiyi üçün həyətyanı torpaq sahəsində 0.0250 ha ölçüdə əskiklik vardır. Həyətyanı sahəsinin sağ tərəfində kifayət qədər boş həyətyanı torpaq sahəsi vardır. Bununla bağlı, yəni həyətyanı torpaq sahəsinə dair işlənmiş torpaq sahəsinin planı və ölçüsü sənədində düzəliş edilməsi barədə cavabdeh inzibati orqana – cavabdehə müraciət etmiş, cavabdeh 18 mart 2022-ci il tarixli **********1 nömrəli məktubla bildirmişdir ki, Ərazi İdarəsinin arxiv materiallarına və elektron xəritə bazasına (DWJ) istinadən notariat kontorunun alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 0.0450 ha həyətyanı torpaq sahəsi, 15.04. 2014-cü il tarixində əvvəlki mülkiyyətçinin adına daşınmaz əmlakın Dövlət reyestrində ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında qeydiyyata alınmışdır. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilməsi və ya onun ləğv olunması 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Habelə, həmin məktubda əlavə edilmiş ki, torpaq sahəsinin faktiki vəziyyətə uyğun döngə nöqtələrinin koordinatlarının faktiki vəziyyətə uyğun dəyişdirilməsi mümkünsüzdür və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1.1 və 15.1.1- ci maddələrinə əsasən ərizənin icrasından imtina edilmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddia tələbində iddiaçının mülkiyyətində olan 450 kv.m. torpaq sahəsinin 0.0250 ha ölçüdə əksik olması nə elektron xəritə baza məlumatlarında nə də mövcud vəziyyətdə əks olunmur. İddiaçının mülkiyyətində olan torpaq sahəsi elektron xəritə baza məlumatlarına uyğundur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, qonşu torpaq sahələrinin mülkiyyətçiləri özlərinə məxsus torpaq sahələrinin ərazilərini sürüşdürdüyünə görə ardıcıl olaraq hər bir qonşu digər qonşunun torpaq sahəsinə müdaxilə etməli olmuş, sonuncu torpaq sahəsi ona aid olduğundan onun həmin torpaq sahəsini tamamlamaq imkanı olmamış, bununla da çıxarışda qeyd edilən torpaq sahəsi faktiki azalmaya məruz qalmışdır. Buna görə də o, azalmaya məruz qalan torpağının bələdiyyə torpağı hesabına tamamlanmasını istəyir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - xx.xx.2020-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0,0450 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. - A464388 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, daşınmaz əmlakın alqı-satqı müqaviləsinə (4Ə-555) əsasən İddiaçı adına 0,045 ha torpaq sahəsinə plan-ölçü sənədi tərtib edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli **********68 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, A 464388 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş koordinatlar daxilində yerləşən 450 kv. m torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, Sözügedən torpaq sahəsinin 194.2 kv. m hissəsi iddiaçının naturada göstərdiyi torpaq sahəsinin, 34.8 kv. m hissəsi başqa şəxsin istifadəsində olan torpaq sahəsinin, 175.7 kv.m hissəsi ümumi istifadədə olan (gediş-gəliş yol) torpaq sahəsinin, 46 kv. m hissəsi Yevlax rayonu, Yevlax bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsinin üzərinə düşür. İddiaçının tamamlanmasını tələb etdiyi həyətyanı torpaq sahəsinə bitişik (A 464388 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən 4 -1 döngə nöqtələrinə paralel olmaqla) naturada gösstərdiyi 181.0 kv m torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyətçisi Yevlax rayonu, Yevlax bələdiyyəsi. Torpaq sahəsinin 54 kv m hissəsi **********0800 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə üst-üstə düşür. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında iştirakını təmin etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxs iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0,0450 ha torpaq sahəsi iddiaçının tam xüsusi mülkiyyətindədir. Cavabdeh orqanın təqdim etdiyi mütəxəssis rəyi ilə müəyyən olunur ki, A 464388 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş koordinatlar daxilində yerləşən 450 kv. m torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, Sözügedən torpaq sahəsinin 194.2 kv. m hissəsi iddiaçının naturada göstərdiyi torpaq sahəsinin, 34.8 kv. m hissəsi başqa şəxsin istifadəsində olan torpaq sahəsinin, 175.7 kv.m hissəsi ümumi istifadədə olan (gediş-gəliş yol) torpaq sahəsinin, 46 kv. m hissəsi Yevlax rayonu, Yevlax bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsinin üzərinə düşür. Göründüyü kimi iddiaçı mülkiyyətində olan torpaq sahəsinə dair tərtib edilmiş planölçü sənədində qeyd edilmiş torpaq sahəsinin 256.5 kv.m torpaq sahəsindən həmin torpaq sahəsinin digər şəxsin istifadəsində olması və gediş-gəliş yolunun üzərinə düşməsi səbəbindən istifadə edə bilmir. İddiaçı, bunun qonşu torpaq sahələrinin istifadəçiləri tərəfindən torpaq sahəsinin faktiki istifadə vəziyyətində sürüşdürülməsi, bununla da mülkiyyətində olan torpaq sahəsinin faktiki azalmaya məruz qalması ilə əsaslndırır. Buna görə də faktiki naturada mövcud olan 0,0250 ha torpaq sahəsinin, həmin torpaq sahəsinə bitişik bələdiyyəyə məxsus 181 kv.m torpaq sahəsi hesabına tamamlanmaqla A464388 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin sərhədlərinin və döngə nöqtələrinin dəyişdirilərək bütövlükdə 431 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb edir. Bununla belə bələdiyyəyə məxsus 181 kv.m torpaq sahəsi hesabına tamamlanmasını tələb etdiyi torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edə bilmir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi iddia olunan 181 kv.m torpaq sahəsinin iddiaçıya ayrılması ilə bağlı hər hansı hüquqi əsas mövcud olmadığından cavabdeh orqan haqlı olaraq A464388 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin sərhədlərinin və döngə nöqtələrinin dəyişdirilərək bütövlükdə 431 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 17 saylı ünvan 1 ünvanda xüsusi mülkiyyətində olan, azalmadan sonra faktiki naturada mövcud olan 0,0250 ha torpaq sahəsinin, həmin torpaq sahəsinə bitişik bələdiyyəyə məxsus 181 kv.m torpaq sahəsi hesabına tamamlanmaqla A464388 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin sərhədlərinin və döngə nöqtələrinin dəyişdirilərək bütövlükdə 431 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar