Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1100/2025 10.12.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Balakən rayonu Qullar Bələdiyyəsinin 30 noyabr 2006-cı il tarixli 12 saylı qərarına əsasən iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarış və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Balakən rayonu Qullar Bələdiyyəsinin 30 noyabr 2006-cı il tarixli 12 saylı qərarına əsasən iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarış və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-3219/2024 nömrəli qərardadı ilə Balakən rayonu Qullar Bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada məhkəmə icraatına cəlb edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Balakən rayonu Qullar Bələdiyyəsinin 30 noyabr 2006-cı il tarixli 12 saylı qərarına əsasən iddiaçıya 0.10 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı, tələb hüququnu sözügedən torpaq sahəsinin ona bələdiyyə qərarı ilə satılması, satılan torpaq sahəsinin dəyərinin ödənilməsi və satıldığı vaxtdan faktiki istifadəsində və sahibliyində olması ilə əsaslandırmışdır. Cavabdehin iddia tələbinə etirazını aşağıdakı qaydada əsaslandırmışdır : Balakən rayonu, Qullar Bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış reyestr nömrəsi **********5 olan ünvan 1i ünvanında yerləşən 0,10 ha torpaq sahəsi, Balakən rayon Notariat kontorunda xx.xx.2018-ci il tarixində bağlanılmış 4Ə-447 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən başqa vətəndaşa satılmış və daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə həmin vətəndaşın adına qeydiyyata alınmışdır. Buna görə də, onun ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2024-cü il tarixli, 3-21-3-47/2- B-0015-8/2024 (**********32) nömrəli məktub ünvanlanmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmədə iştiraklarını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu;
2. Balakən rayonu, Qullar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli Sərəncamı;
3. Balakən rayonu, Qullar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 saylı iclasının protokolundan çıxarış;
4. Balakən RİHB-nin Qullar KİƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli arayışı;
5. xx.xx.2016-cı il tarixli AN-İ nömrəli ******* Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi;
6. Balakən rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlər;
7. Balakən rayonu Qullar Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli məktubu;
8. cavabdehin xx.xx.2025-ci il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyi.
9. Cavabdehin etiraz məktubu və ona əlavə edilmiş sənədlər.
Əsaslandırma hissəsi:
İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Balakən rayonu Qullar Bələdiyyəsinin 30 noyabr 2006-cı il tarixli 12 saylı qərarına əsasən iddiaçıya 0.10 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır. Cavabdehin iddiaya qarşı dəlili – ünvan 1u ünvanında yerləşən 0.10 ha torpaq sahəsi Balakən rayon Notariat kontorunda xx.xx.2018-ci il tarixində bağlanılmış 4Ə-447 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən başqa vətəndaşa satılmış və daşınmaz əmlakın dövlət reystrində xx.xx.2018-ci il tarixində ********** qeydiyyat nömrə ilə həmin vətəndaşın adına qeydiyyata alınmasından ibarətdir. Məhkəmə İPM-in 12-ci maddəsinin tələbləri baxımından işi hərtərəfli araşdırlmalıdır.Torpaq sahəsinin xüsusiyyətlərinin araşdırılması ilə bağlı sorğuya əsasən cavabdeh orqan tərtib etdiyi mütəxəssis rəyində qeyd etmişdir ki, İddiaçı Balakən rayon Qullar bələdiyyəsinin 30 noyabr 2006-cı il tarixli 12 saylı qərarı ilə ayrılmış 0.10 ha torpaq sahəsi hazırda iddia etdiyi (iddiaçının fərdi yaşayış evi tikdiyini iddia etdiyi) torpaq sahəsi ilə eyni ərazidir. İddiaçı Balakən rayon Qullar bələdiyyəsinin 30 noyabr 2006-cı il tarixli 12 saylı qərarı ilə ayrılmış 0.10 ha torpaq sahəsinin üzərində sonradan Balakən rayon Qullar bələdiyyəsinin adına qeydiyyat nömrəsi ********** olan çıxarışla mülkiyyət hüququ qeydiyyata alınmışdır. 15 mart 2016-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışda göstərilən torpaq sahəsi ilə iddia olunan (iddiaçının fərdi yaşayış evi tikdiyini iddia etdiyi) və ya iddiaçıya ayrılan torpaq sahəsi eyni ərazidə yerləşmir. Torpaq sahəsinin naturada yerləşmə vəziyyəti ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Verilmiş sorğuya cavab olaraq torpaq sahəsini iddiaçıya ayırmış və iş üzrə üçüncü şəxs Balakən rayon Qullar bələdiyyəsi aşağıdakılar qeyd etmişdir : Balakən rayon Qullar bələdiyyəsi məhkəməyə bildirir ki, bələdiyyənin 30 noyabr 2006-cı il tarixli 12 saylı iclasının qərarı ilə Torpaq Məcəlləsinin həmin dövrdə qüvvədə olan 56.6-cı maddəsinin tələbinə əsasən bələdiyyənin ehtiyat fondunun özəlləşdirilə bilən 0,10 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə alğı-satqı əsasında verilmişdir. İddiaçı 2010-cu ildə həmin torpaq sahəsində fərdi yaşayış evi tikmiş və həmin vaxtdan ailəsi ilə orada yaşayır. Eyni zamanda məhkəməyə məlum edirik ki, mübahisə obyekti olan həmin 0,10 ha torpaq sahəsi təkrar olaraq Balakən rayon Qullar bələdiyyəsinin adına 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən verilən, dövlət reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam mülkiyyət üzrə xx.xx.2016-cı il tarixli notarial qaydada bağlanmış alğı-satqı müqaviləsi ilə İddiaçı satılmışdır. Göründüyü kimi hazırda iddia olunan torpaq sahəsi üzərində Balakən rayon Qullar bələdiyyəsinin adına 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən verilən, xx.xx.2016-cı il tarixli, dövlət reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarış mövcuddur.Həmin Çıxarış isə Balakən rayon Qullar bələdiyyəsinin xx.xx.2016-cı il tarixli Qərarı əsasında aparılmışdır. Odur ki, iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım qaydasında izah edilmişdir ki,arzuladığı hüquqi məqsədə nail olmaq üçün torpaq sahəsi ilə üst-üstə düşən reyestr qeydiyyatının əsasında dayanan Balakən rayon Qullar bələdiyyəsinin xx.xx.2016-cı il tarixli Qərarı mübahisələndirilə bilər. Beləliklə, iddia olunan torpaq sahəsi üzərində dövlət qeydiyyatına alınmış hüquq mövcud olduğundan, həmin qeydiyyat ləğv edilmədən hər hansı digər subyektin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı tələbə mahiyyəti üzrə baxılması mümkün deyildir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə” dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Balakən rayonu Qullar Bələdiyyəsinin 30 noyabr 2006-cı il tarixli 12 saylı qərarına əsasən iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarış və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə.