Məhkəmə qərarları › İş №2-1(116)-1103/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1103/2025

03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1103/2025 03.12.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı “iddiaçının işlədiyi 5 il müddətin ümumi iş stajına daxil edilməklə ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və yeni hesablamaya görə ödəniş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçə məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə təqdim edərək, xx.xx.2023-cü il tarixindən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinə əsasən xx.xx.1958-ci il təvəllüdlü İddiaçı hesab edir ki,onun xx.xx.2023-cü il tarixdə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, lakin ona sosial müavinət təyin olunmuşdur. İddiaçı hesab edir ki,ümumilikdə 25 ildən çox əmək stajı olduğundan onun yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: İddiaçının sosial sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət, eyni zamanda xx.xx.1980-cı il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixdək adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla) 20 il 3 ay 18 gün təşkil edir. İddiaçının mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1980-cı il tarixdən xx.xx.1996-cı il tarixədək Ağsu rayon “M.Ə.Sabir” adına sovxozda, xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək Ağsu rayon Aqrar İslahat kommersiya müəssisəsinin istehsalat kooperativində və xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “Ağsu rayon su tikinti idarəsində əmək fəaliyyəti dövlərinin araşdırılması zərurəti yaranmışdır. X4 regional filialının Ağsu Rayon Dövlət Arxivi (bundan sonra – Arxiv) ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta və Arxivin xx.xx.2024-cü il tarixli 3-48-5RA/2-xx-xx/2024 nömrəli məktubuna əsasən Ağsu rayon “M.Ə.Sabir” adına sovxozun 1980-1998-ci illərə dair əməyin ödənişi üzrə hesab kitablarına və əmrlər kitabına uyğun olaraq iddiaçının adına əməkhaqqı hesablanan aylar sığorta stajına daxil edilmiş, əməkhaqqı almadığı aylar mübahisələndirilərək sığorta stajına daxil edilməmişdir. İş materiallarına əlavə edilmiş Arxivin xx.xx.2024-cü il tarixli 3-48-5RA/2-xx-xx/2024 nömrəli məktubuna əsasən iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" ASC-də işləməsi barədə Arxivdə məlumat aşkar olunmadığı üçün sözügedən dövr mübahisələndirilərək sığorta stajına daxil edilməmişdir. İstinad olunan qanunvericilik normalarının tələbləri və isin faktiki hallarına əsasən, iddiaçının ümumi iş stajı 25 ildən az olduğundan ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir.Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Ağsu Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubları;

3. Milli Arxiv İdarəsi X2 Filialının xx.xx.2025-ci il tarixli məktubu;

4. İddiaçıya məxsus xx.xx.1976-cı il tarixli Əmək kitabçası.

5. Cavabdehin etirazı və ona əlavə olunan sənədlər.

6. DVX-nin 4 saylı ərazi vergilər idarəsinin xx.xx.2025-ci tarixli məktubu;

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İşin halalrından müəyyən edilir ki, iddiaçının 65 yaşı xx.xx.2023-cü il tarixində tamam olmuş, ona həmin tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təqdim edilən imtina məktubunda və məhkəmə icraatı gedişində təqdim edilən etiraza əsasən iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 20 il 3 ay 18 gün təşkil edir. Cavabdehin imtinasının dəlili əməkhaqqı alınmayan dövrlərin sosial sığorta stajına daxil edilməməsi və iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" ASC-də işləməsi barədə Arxivdə məlumat aşkar olunmamsası ilə bağlıdır. Məhkəmə tərəfindən iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı dövrünün araşdırılmaqla mötəbərliyi qiymətləndirilmişdir.Məhkəmə cavabdehin dəlilinə və iş materiallarına qiymət verərək hesab edir ki,cavabdehin imtinası əsassızdır. Belə ki, iddiaçıya məxsus Əmək kitabçasının 12-13-cü səhifələrində aparılmış qeydlərdən görünür ki, o, xx.xx.1998-ci il tarixli 83 nömrəli əmrə əsasən Ağsu Sutikinti müəssisində “çilingir” vəzifəsinə işinə qəbul edilmiş, xx.xx.2001-ci il tarixli 49 nömrəli əmrlə işdən azad edilmişdir. Əmək kitabçasında həmin qeydlərin arxiv idarələrində aşkar edilməməsi iddiaçının yerinə yetirdiyi əmək funksiyasının, işlədiyi dövrlərin mübahisələndirilməsinə hər hansı hüquqi və faktiki əsas vermədiyi halda cavabdeh tərəfindən sözügedən dövr ( 3 il 2 ay 23 gün) əsassız olaraq iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Həmin dövrə dair əmr kitabları və əmək haqqı cədvəllərinin aşkarlanmaması və arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilməməsi iddiaçının təqsiri hesab edilə bilməz. Həmçinin,iddiaçının əmək kitabçasına əsasən o, 1980-1996-ci illərdə Ağsu rayon keçmiş “M.Ə.Sabir” adına sovxozda işləmişdir.Həmin dövr ərzində iddiaçının işdən azad olunmasına dair hər hansı qeyd aparılmamışdır.İddiaçının işdən azad olunmasına dair qeyd Əmək kitabçasının 6-9-cu səhifələrində (kitabçanın 7-8-ci səhifələri yoxdur) aparılmışdır. Sözügedən dövrə aid əməkhaqqı hesablanan cədvəllərin bir hissəsinin aşkar edilməməsi iddiaçının əmək fəaliyyətini istisna etmir. Yuxarıda göstərilən xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövr 3 il 2 ay 23 gün təşkil edir. Məhkəmə iddiaçının 1979-1998-ci illərdə ümumi iş stajını,həmçinin 2 illik (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək) hərbi xidmətdə olduğu müddəti nəzərə alaraq cəmi 25 ildən artıq sosial sığorta stajının olduğu müəyyən edilir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. İddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının əmək kitabçası və digər sənədlərə əsasən iddiaçının 25 ildən artıq sığorta stajı olduğu təsdiq olunduğundan iddia tələbi təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar