Məhkəmə qərarları › İş №2-1(116)-1104/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1104/2021

10.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1104/2021 10.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu İddiaçı Cavabdehnə qarşı “24 sentyabr 1976-cı ildə Füzuli rayonunun Seyidəhmədli kəndində anadan olmuş, 17 iyul 1993-cü ildə mülki şəxs kimi Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda Füzuli rayonu ərazisində gedən döyüşlərdə həlak olmuş oğlu X2 “Şəhid” statusu verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdeh Yevlax rayon İcra Hakimiyyətinin üzərinə qoyulması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi Təsviri hissə : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “24 sentyabr 1976-cı ildə Füzuli rayonunun Seyidəhmədli kəndində anadan olmuş, 17 iyul 1993-cü ildə mülki şəxs kimi Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda Füzuli rayonu ərazisində gedən döyüşlərdə həlak olmuş oğlu X2 “Şəhid” statusu verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdeh Yevlax rayon İcra Hakimiyyətinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, mərhum oğlu X1 17 iyul 1993-cü ildə mülki şəxs kimi Füzuli rayonu və ətraf ərazilərin müdafiəsində iştirak etdiyi zaman düşmən gülləsi ilə qətlə yetirildiyini bildirərək, ona mülki şəxs kimi şəhid statusunun verilməsi üçün Yevlax rayonu üzrə şəhidlərin siyahısına salınması və müvafiq arayışın verilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Bundan sonra iddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mərhum oğlu X2 “Şəhid adının” və statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iş məhkəmənin icraatında olduğu dövrdə - 04.06.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “mərhum oğlu X1 şəhid olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 04.06.2021-ci il tarixli iclasında ərizə icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin 04.06.2021-ci il tarixli 2-1(116)-618/2020 nömrəli qərarı ilə iddia təmin edilməmiş, qərar iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Hazırki iddia ərizəsinə hüquqi qiymət verilərkən aşağıda qeyd edilmiş sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Şəki İnzibati Məhkəməsinin 04.06.2021-ci il tarixli 2-1(116)-618/2020 nömrəli qərarı və həmin qərarın iddiaçıya təqdim edilməsi barədə poçt xəbərnaməsinin surəti. Əsaslandırma hissəsi : İddiaçı Cavabdehnə qarşı “24 sentyabr 1976-cı ildə Füzuli rayonunun Seyidəhmədli kəndində anadan olmuş, 17 iyul 1993-cü ildə mülki şəxs kimi Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda Füzuli rayonu ərazisində gedən döyüşlərdə həlak olmuş oğlu X2 “Şəhid” statusu verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdeh Yevlax rayon İcra Hakimiyyətinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə qəbul ediləcək qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyindən, məhkəmə İPM-nin 16.3-cü maddəsini rəhbər tutaraq şifahi məhkəmə baxışı keçirilmədən də iddia ərizəsinə hüquqi qiymət verilməsini mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş, Şəki İnzibati Məhkəməsinin 04.06.2021-ci il tarixli 2- 1(116)-618/2020 nömrəli qərarı və həmin qərarın iddiaçıya təqdim edilməsi barədə poçt xəbərnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdehnə qarşı “mərhum oğlu X1 şəhid olmasına dair arayışın verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Müvafiq qərar İddiaçı tərəfindən 24.06.2021-ci il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmiş və qərardan apelyasiya şikayəti verilməmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin həmin qərarı qanuni qüvvəyə minmişdir. İddiaçı 25.06.2021-ci il tarixdə Cavabdehnə qarşı təkrarən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “24 sentyabr 1976-cı ildə Füzuli rayonunun Seyidəhmədli kəndində anadan olmuş, 17 iyul 1993-cü ildə mülki şəxs kimi Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda Füzuli rayonu ərazisində gedən döyüşlərdə həlak olmuş oğlu X2 “Şəhid” statusu verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonuncu ərizəsinin texniki tərtibatını dəyişsə də, iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının hazırki iddianı qaldırmaqda olan hüquqi marağı əvvəlki iddia tələbini qaldırmaqda olan hüquqi marağı ilə eynidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının müvafiq iddia ərizələri ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı mərhum oğlu X2 “Şəhid” statusu verilməsi üçün arayışın cavabdeh inzibati orqan tərəfindən ona verilməsinə nail olmaqdır. Qeyd edilən mübahisəyə mahiyyəti üzrə baxıldığından və artıq iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul edildiyindən, hazırki hüquqi mübahisənin yenidən inzibati məhkəmə icraatı çərçivəsində araşdırılması mümkün deyildir. Belə ki, iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan inzibati məhkəmə icraatı çərçivəsində həmin qərar ilə müəyyən edilmiş hallara yenidən baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İddiaçının dinlənilmə hüququnu təmin etmək məqsədilə hazırki iddia tələbinin mümkünsüzlüyü ilə bağlı məhkəmənin mövqeyinə münasibət bildirilməsi üçün 10 (on) gün müddətində vaxt təyin edilməklə 02.07.2021-ci il tarixdə məktub göndərilmişdir. İddiaçı 22.07.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq mərhum oğlu X2 “Şəhid” statusu verilməsinə kömək edilməsini xahiş etmiş, iddia tələbinin mümkünsüzlüyü ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəyə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı “24 sentyabr 1976-cı ildə Füzuli rayonunun Seyidəhmədli kəndində anadan olmuş, 17 iyul 1993-cü ildə mülki şəxs kimi Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda Füzuli rayonu ərazisində gedən döyüşlərdə həlak olmuş oğlu X2 “Şəhid” statusu verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdeh Yevlax rayon İcra Hakimiyyətinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar