Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1106/2022 05.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu Nərimanov küçəsi ilə Vidadi küçəsinin kəsişməsində 20 m2 torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binasına (mağazaya) dair mülkiyyət hüququnun tanınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qax rayonu Nərimanov küçəsi ilə Vidadi küçəsinin kəsişməsində 20 m2 torpaq sahəsi üzərində inşa edilmiş qeyriyaşayış binasına (mağazaya) dair mülkiyyət hüququnun tanınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - Qax XDS-nin xx.xx.1994-cü il tarixli, 47/2 saylı qərarına əsasən kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün Qax rayonu Nərimanov küçədi ilə Vidadi küçəsinin kəsişməsində 20 m2 torpaq sahəsi ayrılmış və həmin ərazidə smeta lahiyəsinə uyğun mağaza tikilmişdir. Adıçəkilən ünvanda ona məxsus obyektə dair “Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın verilməsinə köməkliyin göstərilməsi üçün tərəfindən 5 avqust 2021 -ci il tarixdə cavabdehə müraciət edilmiş və müraciətə torpaq sahəsinin ayrılması barədə Qax XDS-in 6 may 1994-cü il tarixli, 47/2 saylı qərarı, torpaq sahəsinin baş memar tərəfindən təsdiqlənmiş yerləşmə sxemi və qeyri-yaşayış binasının baş memar tərəfindən təsdiqlənmiş eskizi əlavə edilmişdir. Lakin buna baxmayaraq, ona göndərilən cavab məktubunda müraciətin təmin edilməsindən imtina edilmişdir. Daha sonra adıçəkilən ünvanda inşa edilmiş və istifadəsində olan həmin obyektin (tikilinin) inşa edilməsinə icazə barədə qərarı və istismara qəbul aktının təqdim edilməsi üçün rəsmi məktubla Qax rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin sonuncu, onun müraciətini təmin etməmişdir. Göründüyü kimi, hər iki səlahiyyətli orqan tərəfindən ona sənədlərin təqdim edilməsindən imtina edilmişdir. Torpaq sahəsinin ayrılması barədə Qax XDS-in 6 may 1994-cü il tarixli, 47/2 saylı qərarı, torpaq sahəsinin baş memar tərəfindən təsdiqlənmiş yerləşmə sxemi və qeyri-yaşayış binasının baş memar tərəfindən təsdiqlənmiş eskizi alınmış və 1996-cı ildə təsdiq olunmuş layihə-smeta sənədləri əsasında qeyd olunan qeyri-yaşayış binası həmin ildə inşa edilmişdir. Həmin vaxt isə Qax rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 1391 nömrəli cavab məktubunda qeyd olunan normalar qüvvədə olmamışdır. Belə ki Şəhərsalma və Tikinti Məcəlləsi 2012-ci ildə qəbul edilmiş və onun müddəaları 2013-cü il yanvarın 1-dən qüvvəyə minmişdir. Məhkəmə iclasında, iddiaçı, iddia tələbi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı Qax şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən mağaza binasına çıxarış verilməsi məqsədilə xx.xx.2021-ci il tarixdə ********** nömrəli məktubla ərazi idarəsinə müraciət etmişdir. İddiaçı tərəfindən müraciətə torpaq sahəsinin ayrılması barədə Qax XDS-in 06 may 1994-cü il tarixli,47/2 saylı qərarı, torpaq sahəsinin baş memar tərəfindən təsdiqlənmiş yerləşmə sxemi və qeyri-yaşayış binasının baş memar tərəfindən təsdiqlənmiş eskizi təqdin olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən əsaslar - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazəsi barədə qərarı və istismara qəbul aktı təqdim edilmədiyindən vətəndaşın ərizəsinin icrası mümükün olmamışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Qax rayon XDS-nin xx.xx.1994-cü il tarixli 47/2 nömrəli qərarından görünür ki, İddiaçı Nərimanov küçəsi ilə Vidadi küçəsinin kəsişdiyi ərazidə mağaza tikintisi üçün ölçüləri 4.0x5.0 olmaqla 20 kv.m torpaq sahəsi ayrılmışdır. - iddia olunan tikiliyə aid layihə smeta sənədlərindən görünür ki, mağazanı 20 kv.m ərazidə inşa edilməsi nəzərdə tutulmuşdur. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə etdiyi mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı tərəfindən Qax rayonu Nərimanov küçəsi ilə Vidadi küçəsinin kəsişməsində 20 kv.m torpaq sahəsi üzərində inşa edilmiş mağazə binası Qax rayon X3 xx.xx.1994 cü il tarixli 47/2 nömrəli qərarı əsasında iddiaçıya ayrılmış 20 kv.m torpaq sahəsi üzərində yerləşir. Bina Layihəyə uyğun inşa edilməyib. Layihəsində eni 4 m,uzunluğu 5 m göstərilsədə faktiki yerində eni 8.54 m, uzunluğu 5.7 m dir. 20 kv.m torpaq sahəsi ayrılsada, faktiki torpaq sahəsi 48.7 kv.m dir. 28.7 kvm torpaq sahəsi əlavə zəbt olunub. - Qax RİH-nin xx.xx.2022-ci il tarixli, 4/650 nömrəli məktubunda qeyd edilmişdir ki, Qax rayon X5 Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli 47/2 saylı qərarı ilə İddiaçı şəhərin N.Nərimanov küçəsi ilə M.V.Vidadi küçəsinin kəsişməsində mağaza binasının tikintisi üçün 20 m2 torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində 1996-cı il tarixdə hazırlanmış və Qax rayon Baş memarı tərəfindən təsdiqlənmiş smeta sənədləri əsasında mağaza binası tikilmişdir. Yerdə olarkən İddiaçı məxsus 20 m2 torpaq sahəsində tikilmiş mağaza binasında ölçmə işləri aparılmışdır. Məlum olmuşdur ki mövcud mağaza binasının tikintialtı sahəsi 5.7x8.5m olmaqla 48.45 m2 ərazini əhatə edir. Belə ki, mağaza binasının tikintisi başa çatdıqdan sonrakı dövrdə (2013-cu ilin yanvar ayının 1- dən) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcələsi qüvvəyə minmişdir. Məktubda qeyd olunan sualla bağlı bildiririk ki, “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2018-ci il tarixli 274 nömrəli Fərmanına uyğun olaraq iddia olunan qeyri- yaşayış binasının şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə, baş plana uyğun tikilməsi və tikili istifadə növünə və miqyasına görə mövcud tikintilərə uyğun olub olmaması barədə rəyi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilir. Komitənin tikili üçün şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikilməsi barədə müsbət rəyi alındıqdan sonra onun istismarı və təyinatı üzrə istifadəsi mümkündür. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materialları ilə müəyyən edilir ki, müvafiq tikili Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (1996-cı ildə) inşa edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Göründüyü kimi iddiaçının, sözgedən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi üçün istinad olunan Qanunun 8.0.9.2-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetirilməlidir. İş materiallarından görünür ki, iddia olunan qeyri-yaşayış sahəsi ilə bağlı yalnız, həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin iddiaçıya ayrılması ilə bağlı Qax rayon XDS-nin xx.xx.1994-cü il tarixli qərarı mövcuddur. Yəni, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun mövcudluğu müəyyən edilir. Həmin torpaq sahəsinin iddiaçıya ayrılmasına baxmayaraq, torpaq sahəsi üzərində mağaza binasının inşa edilməsinə icazə barədə qərar qəbul edilməmişdir. Eyni zamanda 1996-cı ildə tərtib edilmiş, rayonun baş memarı tərəfindən təsdiq edilmiş mağaza binasının layihə-smeta sənədlərini təqdim etsə də, müəyyən edilir ki, Qax rayon XDS-nin xx.xx.1994-cü il tarixli qərarı ilə iddiaçıya 20 kv.m torpaq sahəsi (4x5m) ayrılmasına baxmayaraq, o, faktiki olaraq eni 8.54 m, uzunluğu 5.7 m olmaqla, 28.7 kv.m torpaq sahəsini zəbt edərək, layihəyə uyğun olmayan tikinti işləri aparmışdır. Yəni, iddiaçının hazırda təqdim etdiyi layihə, üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaq istədiyi tikiliyə aid deyil. Bu isə onu deməyə əsas verir ki, mövcud tikilinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi yoxdur. Həmçinin iş materialları ilə müəyyən edilir ki, sözgedən tikilinin istismara qəbul aktı tərtib edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi qeyri-yaşayış sahəsi özbaşına tikinti olmaqla tikintisinə və istismarına Qax RİH tərəfindən icazə verilmədiyindən, həmçinin təqdim edilən layihə mövcud tikiliyə aid olmadığından, cavabdehin orqan, iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu Nərimanov küçəsi ilə Vidadi küçəsinin kəsişməsində 20 m2 torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binasına (mağazaya) dair mülkiyyət hüququnun tanınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1106/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1106/2022
05.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver