Məhkəmə qərarları › İş №2-1(116)-1106/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1106/2024

11.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1106/2024 11.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “mülkiyyətində olan torpaq sahəsində təqdim edilən layihə üzrə tikinti aparmağına icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, mülkiyyətində olan torpaq sahəsində təqdim edilən layihə üzrə tikinti aparmağına icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı Zərdab şəhər Bələdiyyəsi 30 kv.m. (0,003 ha) torpaq sahəsi sahibkarlıq məqsədi ilə satıması üçün qeydiyyat proseduru başlanılmışdır. 13 sentyabr 2017-ci ildə Zərdab rayon İcra Hakimiyyəti memarlıq və tikinti şöbəsi Bələdiyyə ərazisindən ayrılmış hazırda mübahisənin predmetini təşkil edən 30 kv.m. torpaq sahəsinin sahibkarlıq məqsədi üçün ayrılmasına etiraz etmədiyini bildirmişdir. Həmçinin bildirilmişdir ki, nəzərdə tutulmuş torpaq sahəsimühəndis kommunikasiya zonasında verləşmir. 13 noyabr 2019-cu ildə Əmlak Məsələləri Dövlət Komitəsinin Ucar Ərazi şöbəsinin rəhbərliyi rəy verərək qeyd olunan 30 kv.m. (0,003 ha) torpaq sahəsinin bələdiyyə təyinatlı olmaqla, bələdiyyə mülkiyyətinə aid, yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, uqodiyası sair torpaqlara aid olmasını və şəhərin İİ zonasında yerləşməsini göstərmişdir. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə qeyri-yaşayış sahəsi inşa etmək üçün qeyd olunan 30 kv.m. torpaq sahəsini Zərdab şəhər Bələdiyyəsindən almaq qərarına gəlmişdir. Bu məqsədlə iddiaçı 05 mart 2020-ci ildə torpaq müsabiqə və hərracda iştirak edərək həmin torpaq sahəsini almış (şəhədətnamə seriya AM, No 011171), daha sonra həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarını 22 iyun 2020-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə aldıraraq müvafiq çıxarış almışdır. 2021-ci ildə iddiaçı həmin torpaq sahəsində inşa edəcəyi qeyri-yaşayış sahəsinin Mamarlıq-planlaşdırma həllini tikintiyə icazə almaq üçün cavabdehə təqdim etmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzi iddiaçıya tikintiyə icazə verməkdən imtina etmişdir. İmtinanı onunla əsaslandırmışdır ki, sözü gedən torpaq sahəsi Zərdab şəhərinin Baş Planında avtovağzal ərazisi kimi təsdiq edilmiş və həmin ərazi avtovağzal meydanları,avtobusların, taksi xidməti avtomobillərinin, fərdi avtomobillərin hərəkətlərinin və parklanmasının təşkili üçün nəzərdə tutulmuşdur. İddiaçı cavabdehin tikintiyə icazə verməkdən imtinasını qanunsuz və əsassız hesab edərək məhkəməyə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, sözügedən torpaq sahəsində qeyri-yaşayış binasının tikintisinə dair iddiaçı tərəfindən Komitəyə heç bir müraciət daxil olmamışdır. Əlavə olaraq bildiririk ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qanuni qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli 392-İVQ nömrəli Qanunun tətbiqi barədə “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 695 nömrəli Fərmanının 4.7-ci bəndinə əsasən neçə şəhər və (və ya)rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi ərazisində yerləşən tikinti obyektlərinə münasibətdə - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, digər inzibati ərazo vahidlərində tikinti obyektlərinə münasibətdə tikintiyə icazə icraatı üzrə səlahiyyətlər yerli icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmişdir. Lakin cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bununla bağlı məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edimişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

2. Zərdab Rayon İcra Hakimiyyətinin xx.xx.20240-cü il tarixli məktubu.

3. 2720004417 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Zərdab şəhəri, 4 yol ərazisi, Zərdab Mollakən yolunun sol tərəfində ki 0.003 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.

4. A seriyalı 501102 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən müəyyən edilir ki, Zərdab şəhəri, 4 yol ərazisi, Zərdab Mollakən yolunun sol tərəfində ki 0.003 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir.

5. 088728 nömrəli Lisenziya sənədi.

Əsaslandırma hissəsi:

Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş,iddiaçının iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı mülkiyyətində olan 30 kv.m torpaq sahəsində təqdim edilən layihə üzrə tikinti aparmağına icazə verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə qoyulmasından ibarətdir. Məhkəmə bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Göstərilən Plenum qərarından da göründüyü kimi, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı iddia üzrə tələbi düzgün cavabdehə yönəlməmişdir.Belə ki, Şəhərsalma və tikinti Məcəlləsinin 47.4.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan (reklam qurğularının tikintisi zamanı isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan) tikintiyə icazə alır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Fərmanının 4.7-ci maddəsində qeyd olunur ki, həmin Məcəllənin 34.4-cü maddəsinin birinci cümləsində (birinci halda), 35.1-ci maddəsinin birinci (birinci halda) və üçüncü (birinci halda) cümlələrində, 35.3-cü maddəsində (birinci halda), 38-ci maddəsində (birinci halda), 40-cı maddəsinin ikinci cümləsində (birinci halda), 41-ci maddəsində (birinci halda), 42.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 43.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 43.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 43.3-cü (birinci halda), 44.3-cü (birinci halda), 47.4.5-ci (birinci halda), 47.4.6-cı (birinci halda), 48.3.3-cü (birinci halda) maddələrində, 80.4-cü maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində, 80.6-cı maddəsinin birinci cümləsində (birinci halda), 82.2-ci (birinci halda), 89.2-ci (birinci halda) maddələrində, 90.1-ci maddəsinin ikinci cümləsində (birinci halda), 90.3-cü (birinci halda), 94.3-cü (birinci halda), 102.6-cı (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər; Yuxarıda qeyd olunan müddəlara əsasən iddiaçıya izah edilir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Zərdab rayonuna münasibətdə tikiliyə icazə verməni həyata keçirmir.İddiaçı müvafiq layihə ilə Zərdab rayon icra hakimiyyətinə müraciət etmək hüququna malikdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “mülkiyyətində olan torpaq sahəsində təqdim edilən layihə üzrə tikinti aparmağına icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar