Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1107/2022 29.06.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2, üçüncü şəxs X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "ünvan 1 ünvanında yerləşən evin 0,06 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Oğuz şəhəri Q.Atakişiyev küçəsi dalan 3-də yerləşən 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 6 nömrəli fərdi yaşayış evinə X4 tam mülkiyyət hüququ xx.xx.2006-cı ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. X4 adına 2006-cı ilin sentyabr ayında həmin evlə bağlı "Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu" da tərtib edilmişdir. X7 xx.xx.2006-cı ildə bağlanmış 257954 nömrəli müqaviləyə əsasən, Oğuz şəhəri Q.Atakişiyev küçəsi dalan 3 ev 6-da 0,06 ha torpaq sahəsində yerləşən yaşayış evini 14960 manata İddiaçı satmışdır. Həmin müqavilə Oğuz Rayon Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, göstərilən fərdi yaşayış evinə və evin yerləşdiyi 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin həmin İdarə xx.xx.2020-ci il tarixli **********43 nömrəli cavab məktubu ilə bundan imtina edərək bildirmişdir ki, təqdim olunmuş alqı-satqı müqaviləsində torpaq sahəsinin alqı-satqısı aparılmamış, eyni zamanda, iddiaçı Rusiya Federasiyasının vətəndaşı olduğuna görə Azərbaycan Respublikası ərazisində yerləşən torpaq sahəsinə onun mülkiyyət hüququ qeydiyyata alına bilməz. Məktubda həmçinin göstərilmişdir ki, fərdi yaşayış evinə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması mümkündür və bununla əlaqədar müvafiq sənədlər Oğuz rayon şöbəsinə təqdim edilməlidir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "ünvan 1 ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra o, məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək iddia tələbini "ünvan 1 ünvanında yerləşən evin 0,06 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi ifadə etmişdir. Göründüyü kimi, iddiaçı əvvəlki tələbinin evlə bağlı hissəsini iddia tələbindən xaric etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmənin eyni tarixli digər qərardadı ilə X7 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi hüquq varisi olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, o, evi və torpaq sahəsini Azərbaycan Respublikasının vətəndaşı olduğu zaman əldə etdiyinə görə onun mülkiyyət hüququ qeydiyyata alınmalıdır. Eyni zamanda, o, qeydiyyat aparıldıqdan sonra evi və torpaq sahəsini özgəninkiləşdirmək niyyətindədir. Cavabdeh iddiaya qarşı xx.xx.2022-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Üçüncü şəxs X7 iddia ilə bağlı məhkəməyə göndərdiyi ərizədə bildirmişdir ki, Oğuz şəhəri Q.Atakişiyev küçəsində yerləşən evini İddiaçı satan zaman evlə birlikdə həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsini də satmışdır, hal-hazırda həmin evə və həyətyanı torpaq sahəsinə dair heç bir iddiası yoxdur və gələcəkdə də olmayacaq. Üçüncü şəxs X7 şifahi məhkəmə baxışı zamanı da eyni məzmunlu izahat verdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Oğuz şəhəri Q.Atakişiyev küçəsi dalan 3-də yerləşən 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 6 nömrəli fərdi yaşayış evinə X4 tam mülkiyyət hüququ xx.xx.2006-cı ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan "Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu"ndan görünür ki, həmin sənəd X4 adına Oğuz şəhəri Q.Atakişiyev küçəsi dalan 3-də yerləşən 6 nömrəli evlə bağlı 2006-cı ilin sentyabr ayında tərtib edilmişdir. - İşdə olan, xx.xx.2006-cı il tarixli 257954 nömrəli müqavilədən görünür ki, X3 şəhəri Q.Atakişiyev küçəsi dalan 3 ev 6-da 0,06 ha torpaq sahəsində yerləşən yaşayış evini 14960 manata İddiaçı satmışdır. - İşdə olan, üçüncü şəxs X7 tərəfindən məhkəməyə yazılmış ərizədən göründüyü kimi, o, Oğuz şəhəri Q.Atakişiyev küçəsində yerləşən evini İddiaçı satan zaman evlə birlikdə həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsini də satmışdır, hal-hazırda həmin evə və həyətyanı torpaq sahəsinə dair heç bir iddiası yoxdur və gələcəkdə də olmayacaq. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia əsaslıdır. İşdən görünür ki, cavabdehin imtinasının iki dəlili vardır: 1) təqdim olunmuş xx.xx.2006-cı il tarixli 257954 nömrəli alqı-satqı müqaviləsində torpaq sahəsinin alqı-satqısının aparılmaması, 2) İddiaçı Rusiya Federasiyasının vətəndaşı olması. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci və 404.2-ci maddələrində deyilir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. (404.1-ci maddə) Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. (404.2-ci maddə) "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Müəyyən edildi ki, üçüncü şəxs X7 ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli 257954 nömrəli alqı-satqı müqaviləsində müqavilənin predmeti kimi Oğuz şəhəri Q.Atakişiyev küçəsi dalan 3 ev 6-da 0,06 ha torpaq sahəsində yerləşən yaşayış evi göstərilsə də, üçüncü şəxs X7 məhkəməyə verdiyi ərizədə evi satan zaman evlə birlikdə İddiaçı həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsini də satdığını bildirmişdir. Ona görə də məhkəmə müqavilə şərtlərini təfsir edərkən, təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, üçüncü şəxs X4 evlə birlikdə həm də torpaq sahəsini satması barədə məhkəməyə verdiyi ərizəni nəzərə alaraq, bu nəticəyə gəlir ki, istinad olunan müqavilə evlə yanaşı həm də evin yerləşdiyi torpaq sahəsinin İddiaçı satılmasını ehtiva edir. Belə olan halda, həmin müqavilə torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas hesab edilməlidir. İddiaçı Rusiya Federasiyasının vətəndaşı olması barədə cavabdehin dəlilinə gəldikdə isə məhkəmə qeyd edir ki, qanunverici əcnəbinin adına torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun qeydiyyatını istisna etmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələri üzərində mülkiyyət hüququ vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçə bilər, lakin həmin şəxslər bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq torpaq sahəsini özgəninkiləşdirməlidirlər. Torpaq Məcəlləsinin 49-cu maddəsində əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş, lakin sonradan digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüquqları (gözlənilən mülkiyyət hüququ) ilə bağlı norma öz əksini tapmamışdır. Hazırkı halda, iddiaçı torpaq sahəsini Azərbaycan Respublikasının vətəndaşı olduğu vaxt qanuni əsaslarla - alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmaqla, sözügedən torpaq sahəsini əldə etdikdən sonra mülkiyyət hüququnun qeydiyyata alınmasına onun qanuni gözləntisi yaranmış, lakin o, torpaq üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmadan başqa dövlətin vətəndaşlığını qəbul etmişdir. Belə olan halda, məhkəmə tərəfindən qiymət verilməli olan məsələ, iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına qanuni gözləntisinin hazırkı halda ona sözügedən torpaq üzərində mülkiyyət hüququnu qeydə aldırmaq imkanı verib-verməməsidir. Bu hala qiymət verilməsi isə mülkiyyət hüququnun anlayışının təhlilini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən isə, hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan "ədalətli balans" prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında "ədalətli balans" gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın xx.xx.2004-cü il tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın xx.xx.2006-cı il tarixli Qərarı, § 93). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, "mülkiyyət" ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. "Əmlak"a "mövcud əmlak" və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı "qanuni gözləntisi" olan iddialar ola bilər. (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); "Mülkiyyət" anlayışı "mövcud mülkiyyətlə" məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi" olan əmlakı da əhatə edə bilər. "Gözlənti" mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda "qanunidir" (Saghinadze və başqaları Gürcüstana qarşı). Hazırkı halda, iddiaçı ona məxsus torpaq sahəsi üzərində hüququnu qeydiyyata aldırmadan vətəndaşlığını dəyişsə də, yuxarıda qeyd olunan hüquqi mövqe baxımından iddiaçının ona məxsus torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydiyyata almağa dair legitim gözləntisi olmuşdur və bu gözlənti ona həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmağa hüquqi imkan verir. İddiaçının ona verilmiş hüquqlardan vaxtında istifadə etməməsi, artıq əldə edilmiş hüquqların itirilməsi anlamına gəlməyə əsas verə bilməz. Lakin iddiaçının hal-hazırda xarici ölkənin vətəndaşı olması nəzərə alındıqda, Torpaq Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulan 1 (bir) il ərzində özgəninkiləşdirmək öhdəliyi iddiaçıya da şamil olunmalıdır və bu məhdudiyyət legitim məqsəd daşıyır, o cümlədən "ədalətli balans"a xidmət edir. Analoji hüquqi mövqe 2-1(102)-1521/2021 nömrəli başqa bir oxşar inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarında da ifadə edilmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən evin 0,06 ha həyətyanı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun, bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə, qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarış verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən evin 0,06 ha həyətyanı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun, bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə, qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-1107/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1107/2022
29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver