Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1107/2025 02.12.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixdə əlillik dərəcəsi təyini ilə bağlı imtinasının və apardığı qiymətləndirmənin əsassız hesab edilməsi və iddiaçıya sağlamlıq dərəcəsinin və orqanizmin pozulması müəyyən edilməklə əlillik dərəcəsi təyin edilməsi və məhkəmə qərarlarında göstərilənləri nəzərə almadan süründürməçiliyə yol verdiyi və qəsdi qərəzçilik etdiyi səbəbindən cavabdeh orqan barədə xüsusi qərardad qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin xx.xx.2024-cü il tarixdə əlillik dərəcəsi təyini ilə bağlı imtinasının və apardığı qiymətləndirmənin əsassız hesab edilməsi və iddiaçıya sağlamlıq dərəcəsinin və orqanizmin pozulması müəyyən edilməklə əlillik dərəcəsi təyin edilməsi və məhkəmə qərarlarında göstərilənləri nəzərə almadan süründürməçiliyə yol verdiyi və qəsdi qərəzçilik etdiyi səbəbindən cavabdeh orqan barədə xüsusi qərardad qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: İddiaçıya xx.xx.2022-ci il tarixdən 1 il müddətinə orqanizmin funksiyalarının pozulmasının 40 faiz müəyyən edilməsi öhdəliyi qoyulmuşdur. Bundan sonra üzun sürən müalicə və müayinələr nəticəsində xəstəliyimdə düzəlmə, sümüklərin bitişməsi, çanağın düzəlməsi halı baş vermədiyindən mənə daha öncə də təyin edilmiş diaqnoz üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsi tərəfindən arayış təqdim edilmiş, həmin arayışda mənim xəstəliyimin düzəlmədiyi, daha da ağırlaşdığı qeyd edilmiş, funksiya pozğunluğunun artdığı, xəstəlik kodunun 436.4 W33. 291.0. M21.0. M16.0. M16.5. R52.0. M24.5. R26.8. M62.5. M21.7. M42. M43. G54.1. M47.8.298.8 olduğu,L5-S1 səviyyəsində fəqərələrarası məsafənin daraldığı, ön aşağı abdominal və pelvik divarda çox sayda 12 mm kiçik ölçülü metal yad cisimlərin aşkar edildiyi qeyd edilmişdir. Xəstəliyinin aparılan müayinə və müalicələrlə düzələn olmadığı səbəbindən əlillik təyini üçün Şəki Mərkəzi Rayon Xəstəxanasından yuxarıda qeyd edilən diaqnoz səbəbləri, xəstəliyin kodları ətraflı şəkildə qeyd edilməklə göndəriş verilmiş və əlillik təyini məsələsinə baxılması tələb edilmişdir. Cavabdeh orqan xx.xx.2024-cü il tarixdə “Əlavə müalicəyə ehtiyacın olması səbəbindən” imtina etmişdir. Cavabdeh iddia tələbinə etirazını belə əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış; Diaqnozun mətni: Digər posttravmatik koksartrozlar, Odlu silah yaralanması.Sağ bud çanaq oynağı nahiyyəsinin ov tüfəngindən yaralanmasından sonrakı vəziyyət. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşdırılmış bərpa müalicəsi davam etdirilsin səbəbi ilə imtina verilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina cavabı;
2. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli məktubu və arayışı;
3. Şəki Mərkəzi rayon Xəstəxanası phş-nin göndəriş məktubu;
4. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-684/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarı, Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-656/2023 nömrəli, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1218/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərarı;
5. Cavabdehin xx.xx.2024-cü il tarixli etirazı;
6. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkləmə-tibbi ekspertizası ekspertizası təyin edilmişdir.
7. “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsi xx.xx.2025-ci il tarixli 4039 nömrəli ekspert rəyi.
Əsaslandırma hissəsi:
İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddia ərizəsindən və işin hallarından müəyyən edilir ki, ifadə tərzindən asılı olmayaraq iddiaçının hüquqi marağı və məqsədi ona əlilliyin təyin edilməsinə nail olmaqdan ibarətdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı əlilliyinin müəyyən edilməsindən ibarətdir.İddiaçı iddia ərizəsində iki tələb göstərmişdir. Birincisi “cavabdehin xx.xx.2024-cü il tarixli əlillik dərəcəsi təyini ilə bağlı imtinasının əsassız hesab edilərək iddiaçıya sağlamlıq dərəcəsinin və orqanizmin pozulması müəyyən edilməklə əlillik dərəcəsi təyin edilməsi”, ikincisi “məhkəmə qərarlarında göstərilənləri nəzərə almadan süründürməçiliyə yol verilməsi səbəbindən cavabdeh orqan barədə xüsusi qərardad qəbul edilməsi”. İddiaçı həmin qərarı aldıqdan 30 gün müddət ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli Qərardadına əsasən iddia tələbi “məhkəmə qərarlarında göstərilənləri nəzərə almadan süründürməçiliyə yol verilməsi səbəbindən cavabdeh orqan barədə xüsusi qərardad qəbul edilməsi” hissəsində mümkün sayılmamışdır. Aşağıdakı normaları işin hallarına tətbiq edən məhkəmə hesab edir ki,iddia mümkün hesab edilən hissədə mahiyyət etibarı ilə də əsaslıdır. İşin hallarından müəyyən edilir ki, Şəki İnzibati Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli Qərarına əsasən Cavabdeh PHŞ-nin üzərinə İddiaçı xx.xx.2022-ci il tarixindən 1 il müddətinə orqanizmin funksiyalarının pozulmasının 40 faiz müəyyən edilməsi öhdəliyi qoyulmuşdur. Müəyyən edilmiş əlilliyin müddəti başa çatdıqdan sonra iddiaçı barəsində tibb müəssisəsi tərəfindən forma 88 göndərişi tərtib edilmişdir.Cavabdehin 22 avqust 2024-cü il qiymətləndirmə tarixli Qərarına əsasən “əlavə müalicəyə ehtiyacın olması” əsası ilə əlilliyin müəyyən edilməsindən imtina edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında “Məhkəmə Tibbi-Ekspertiza və X2” publik hüquqi şəxsinin 28 avqust 2025-ci il tarixli məktuba əlavə edilmiş ekspert rəyində aşağıdakılar qeyd edilmişdir : “31 iyul 2025-ci il tarixdə İddiaçı Birliyin Təkrar ekspertizalar şöbəsində TSEK nümayəndələri ilə birlikdə müayinədən keçirilərkən xx.xx.2023-cü il tarixdə dediklərini bir daha təsdiq etdi. Hazırda şikayəti sağ ayağında ağrılardandır. Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi qidalıdır. Sağ bud sümüyünün köhnə bitişmiş sınığı (2010), metal lövhə ilə ostiosintez əməliyyatından sonrakı vəziyyət müşahidə edilir. Sağ aşağı ətrafda bükmə-açma köhnə bitişmiş sınığa (2010) görə aparılmış ostiosintez əməliyyatı ilə bağlı bir qədər məhduddur, atrofiya müşahidə edilmədi. Yerişi pozulub, çəliksiz sağ ayağını çəkərək yeriyir”. İddiaçı barəsində tərtib olunmuş forma 88 göndərişində əsas diaqnoz M16.5 XBT koduna əsasən “Digər posttravmatik koksartrozlar, Odlu silah yaralanması.Sağ bud çanaq oynağı nahiyyəsinin ov tüfəngindən yaralanmasından sonrakı vəziyyət” kimi müəyyən edilmişdir.Həmin diaqnozun müxtəlif qiymətləndirici əlamətləri mövcuddur ki,bu da OFPnin müxtəlif dərəcələrinin müəyyən edilməsinə əsas verir. Həkim müayinəsi zamanı iddiaçınnın sağlamlıq vəziyyətində M21.0 Digər rubrikalarda təsnif olunmayan valqus deformasiya, Odlu silah yaralanması.Sağ bud çanaq oynağı nahiyyəsinin ov tüfəngindən yaralanmasından sonrakı vəziyyət.Yumşaq toxumalarda çox saylı yad cisimlər metal qəlpələr Sağ budun ön və arxa səthlərində çox saylı kelloid çapıqları.Sağ bud sümüyünün boynunun qeyri düzgün bitişmiş sınığı ,valqus deformasiyası ,metal lövhə ilə osteosintezi əməliyyatdan sonrakı vəziyyət.Sağ bud çanaq oynağının İİİ mərhələli koksoartrozu .Sol bud çanaq,oynağının İİ mərhələli kosoartrozu ağrı sindromu ilə.Sağ bud çanaq oynağının kontrakturası bükmə 160 ,açma tamdır.Sağ aşağı ətrafın 4 sm qısalığı,əzələ atrofiyası.Yerişin pozulması.Bel fəqərələrinin osteoxondrozu,spondilyozu, kökcük ağrıları ilə.Funksiya pozğunluğu” müəyyən edilmişdir. Məhkəmə müəyyən edir ki, iddiaçının mövcud sağlamlıq vəziyyəti, Forma 88-də qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması” Meyarlarının 13.4.30-cu yarımbəndində qeyd edilmiş “bud-çanaq oynağının rekonstruktiv əməliyyatdan sonrakı vəziyyəti, mülayim pozuntularla” xəstəliklərin əhatə dairəsinə uyğun olmuşdur. bud-çanaq oynağının rekonstruktiv 13.4.30. əməliyyatdan sonrakı vəziyyəti, mülayim 40-50 1 il pozuntularla
Qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.30-cu bəndində “Sağ bud çanaq oynağı nahiyyəsinin ov tüfəngindən yaralanmasından sonrakı vəziyyət” Orqanizmin funksiyalarının pozulması faizi 40-50 göstərilmişdir.Həmin diaqnoza əsasən xəstəyə OFP-nin 40-50 dərəcəsi və Orqanizmin funksiyalarının pozulması müddəti - 1 il əlilliyin müəyyən edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.10-cu bəndinə əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Hazırkı iş üzrə iddiaçının sağlamlıq vəziyyətinin aid olduğu OFP-nın məhdudlaşması halı istinad olunan “Meyar”lara əlavənin (həmin dövrdə qüvvədə olmuş redaskiyasında) 13.4.30-cu bəndində nəzərdə tutulmaqla konkret faiz dərəcəsi müəyyən edilməmiş, 40-50 % aralığında təsbit edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının OFP-nin 40-50 % aralığında konkret olaraq hansı faiz dərəcəsinə aid olmasının müəyyən edilməsi inzibati orqanın qiymətləndirmə azadlığına aiddir. İddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasında qeyd edilmişdir ki, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Beləliklə, Qaydalardan da göründüyü kimi əlilliyin təyini və ya bundan imtina yalnız bu barədə müvafiq qərarın qəbul edilməsi nəticəsində öz hüquqi qüvvəsini müəyyən edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-368/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqe) Cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir. Qeyd etmək lazımdır ki, əlavə müalicəyə ehtiyacın olması ilə bağlı tələbin heç də bütün hallarda imtinanı şərtləndirmədiyi nəzərə alınaraq cavabdeh tərəfindən belə ehtiyacı zəruri edən şərtlər açıqlanmalı və əsaslandırılmalıdır. Bu zaman iddiaçının dəyişməyən xəstəliyi və eləcə də ötən müddət ərzində xəstəliyin ağırlaşması, həmçinin iddiaçıya həmin diaqnoz əsasında əlilliyin artıq bir necə dəfə təyin olunduğu da cavabdeh tərəfindən nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qərar qəbul edərkən qeyd olunan xüsusatları nəzərə aldığı iş üzrə materiallarla təsdiq olunmur.Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-1038/2023 saylı Qərarında da əks olunmuşdur. Məhkəmə hesab edir ki,cavabdehin iddiaçıya əlilliyin müəyyən olunmasından imtina etməsi barədə 22 avqust 2024-cü il tarixli qərarı əsassız olmuşdur. İddiaçının barəsində tərtib edilmiş forma 88 göndərişi və onun sağlamlıq vəziyyəti qüvvədə olan Meyarlara Əlavəyə əsasən OFP-nin 40-50 % aralığında qiymətləndirilməli və müəyyən edilməlidir. Məhkəmə işin hallarına aşağıdakı normaları tətbiq etmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 1.0.2 Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları; 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”
3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
4. Əlilliyin müddətləri … 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3- cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh PHŞ üzərinə xx.xx.2024-cü il tarixindən 1 il müddətinə İddiaçı orqanizmin funksiyalarının pozulmasının 40-50 faizi müəyyən edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.