Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1108/2025 19.06.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayonu AİK-nin xx.xx.2002-ci il tarixli qərarı ilə verilmiş 0.01 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və plan-ölçü sənədinin hazırlanıb verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı məhkəməyə müraciət edərək, “Qəbələ rayonu AİK-nin xx.xx.2002-ci il tarixli qərarı ilə verilmiş 0.01 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və plan-ölçü sənədinin hazırlanıb verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2002-ci il tarixli 17 saylı qərarı ilə ailə üzvlərinin mülkiyyətinə 1 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi mərhum ailə başçısı X2 və onun ailə üzvlərinin adına JN 239G nömrəli və 40616028 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. X4 vəfat etdikdən sonra Şəhadətnamədə adı qeyd edilən şəxslərin hər birinin razılığı ilə sözügedən torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən Çıxarışın verilməsi üçün cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 9 saylı Qəbələ Ərazi idarəsinə müraciət edilmişdir. Lakin cavabdeh inzibati orqan mübahisəli torpaq sahəsinə çıxarışın verilməsinə imtina etmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 qız, Gəraybəyli X1 Gülşad Faiq qızı, və Gəraybəyli, İnci Elşad qızının iddia etiyi 1 ha torpaq sahəsinə dair JN-239G saylı, Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə Ərazi İdarəsində mövcud olan elektron kadstr məlumat bazasında öz əksini tapmamışdır. Sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq olduğu müəyyən olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunnmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. AZ-İ 422139 nömrəli Ölüm haqqında şəhadətnamə;
3. JN-239 kod, JN-239G, JN-239F kod kod JN-3061 kod nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr;
4. Qəbələ Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş təsərrüfatbaşına kitabdan çıxarış;
5. 1913007209 qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli,. ********* qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarışlar;
6. AA 008949, A 009829 nömrəli Torpaq sahəsinin plan-ölçü sənədləri;
7. 20.07.2007-ci il tarixli Torpaqların alqı-satqı aktı;
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi;
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı qismən əsaslı hesab edir. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 adına JN-239G kod 40616028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə müraciət etməkdə hüquqi marağı Qəbələ rayonu AİK-nin xx.xx.2002-ci il tarixli qərarı ilə verilmiş 1 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və plan-ölçü sənədinin hazırlanıb verilməsindən ibarətdir. Cavabdeh imtinasının əsasını iddia olunan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 iddia etiyi 1 ha torpaq sahəsinə dair JN-239G saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasında öz əksini tapmaması təşkil edir. Məhkəmə imtinanı əsassız sayaraq qeyd edir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun əsası kimi hüquqmüəyyənedici sənəd təqdim edilmişdir.Belə ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 17 saylı qərarı əsasında 1,00 ha torpaq sahəsi iddiaçılara ayrılmışdır. JN-239G kod 40616028 nömrəli “Torpağa mülkiyyət hüququna dair şəhadətnamə” əsasında həmin torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Cavabdeh tərəfindən həmin sənədin ləğv edildiyi və ya etibarsız hesab edildiyinə dair sübut təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da belə əsas müəyyən edilməmişdir. Qeyd olunan “Torpağa mülkiyyət hüququna dair şəhadətnamə”nin əsasında iddia oluna torpaq sahəsi aqrar islahat zamanı mülkiyyətə verildiyindən hazırda cavabdehin faktiki hərəkəti (vəzifəsi) təkrar mülkiyyət hüququnun qeydə alınması və yeni nümunəli çıxarışın verilməsindən ibarət olmuşdur.Bu baxımdan da məhkəmə hesab edir ki, JN-239G kod 40616028 nömrəli “Torpağa mülkiyyət hüququna dair şəhadətnamə” torpaq üzərində mülkiyyət hüququnun yaranması əsası kimi (hüquqmüəyyənedici sənəd kimi) qəbul edilməli və onun əsasında mülkiyyət hüququ qeydə alınmalıdır. İşin araşdırılması ilə bağlı mütəxəsis rəyində qeyd edilir ki, İddiaçı1 istifadəsində olan faktiki naturada ölçülmüş 0,77 hektar torpaq sahəsinin yerquruluşu planı təqdim edilir. İddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 0,77 ha torpaq sahəsinin üzərindən yüksək gərginlikli hava elektirik xətti (UnKv 35) keçir. X4 və digərlərinə verilmiş JN-239G saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi barədə Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) məlumat mövcud olmadığına görə xüsusiyyətlərini təyin etmək mümkün deyil. İddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 0,57 hektar torpaq sahəsi, Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Nohurqışlaq kənd inzibati ərazi dairəsinin sərhədləri daxilində kənd təsərrüfat təyinatlı torpaqlarına aid, uqodiyası örüş olan JN-3061 nömrəli şəhadətnamə ilə icarəyə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür.X5 X6 (TEKUİS) əsasən sözügedən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfat təyinatlı torpaqlar, uqodiyası çoxillik əkmələr, xüsusi mülkiyyətdə (JN-239G) olan ərazi kimi göstərilmişdir. Həmçinin faktiki istifadə olunan torpaq sahəsinin yaxınlığından sərhəd boyu yüksək gərginlikli hava elektirik xətti (UnKv 35) keçir. JN-239G nömrəli Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi barədə Nohurqışlaq kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) məlumat olmadığına görə faktiki istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşməsini təyin etmək mümkün deyil. İddia olunan torpaq sahəsinin yerləşmə vəziyyətinə dair DWG və TEKUİS-ə uyğun müqayisəli sxem tərtib edilmişdir. JN-239G saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi barədə Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) məlumat mövcud olmadığına görə başqa şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsini müəyyən etmək mümkün deyil. İddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 0,57 hektar torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 9 saylı Qəbələ Ərazi İdarəsində məlumat bazasına əsasən JN-3061 nömrəli şəhadətnamə ilə icarəyə verilmiş torpaq sahəsi ilə üstüstə düşür.İddia olunan torpaq sahəsi metal tor ilə hasarlanmış qapalı həyət daxilindədir və üzərində təsərrüfat tikililəri (talvar və yeməkxana) mövcuddur. JN-239G saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi barədə Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) məlumat mövcud olmadığına görə faktiki istifadə olunan torpaq sahəsi ilə müqayisə etmək mümkün deyil. Göründüyü kimi, iddiaçıların iddia etdikləri torpaq sahəsi naturada 0,77 hektardır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissəyə münasibətdə təmin edilməli və JN-239G kod 40616028 nömrəli “Torpağa mülkiyyət hüququna dair şəhadətnamə”nin TEKUİS bazası əsasında qeyd olunan koordinatları əsasında iddiaçı və ailə üzvlərinin mülkiyyət hüququ qeydə alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsi: 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının məqsədi torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək etməkdən ibarətdir. Fərmanın 2.3-cü bəndinə əsasən X5 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki .... torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X5 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydalarının 1.3-cü bəndinə əsasən Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd – torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində (uqodiyaları), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir. Yuxarıda qeyd olunanlara əsasən iddia qismən təmin edilməli, JN-239G saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətə verilmiş torpaq sahəsindən 0,77 ha torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6,habelə mərhum X2 ümumi birgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və plan-ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilir. Cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə JN-239G saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətə verilmiş,Qəbələ rayon Nohurqışlaq kəndində yerləşən 0,77 ha torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6,habelə mərhum X2 ümumi birgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və Torpaq sahəsinin plan-ölçüsü sənədinin verilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə