Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1109/2022 26.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə qarşı “cavabdehin 18 noyabr 2021-ci il tarixli **********7 nömrəli əmrinin ləğv edilməsi, onunla cavabdeh təşkilat arasında müddətsiz əmək müqaviləsi bağlanmaqla öz işinə bərpa olunması və əmək münasibətlərinin davam etdirilməsi, habelə işdən azad edildiyi vaxtdan işə bərpa ediləcəyi günədək məcburi işburaxmaya görə dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək cavabdehin 18 noyabr 2021ci il tarixli **********7 nömrəli əmrinin ləğv edilməsi, onunla cavabdeh təşkilat arasında müddətsiz əmək müqaviləsi bağlanmaqla öz işinə bərpa olunması və əmək münasibətlərinin davam etdirilməsi, habelə işdən azad edildiyi vaxtdan işə bərpa ediləcəyi günədək məcburi işburaxmaya görə dəymiş zərərin ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçıya 07.04.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (“İPM”) 13-cü maddəsinə əsasən, mülkiprosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi məhkəmədə iddia qaldırmaq hüququ izah edilmiş və qeyd olunan məsələyə yazılı münasibətini 10 gün müddətində Məhkəməyə təqdim etmək təklif olunmuşdur. Belə ki, iddia ərizəsində iddiaçının istinad etdiyi 14.08.2020-ci il tarixli əmək müqaviləsinin tarixindən də göründüyü kimi cavabdehlə yeni əmək müqaviləsi artıq Fondun sosial xidmət göstərilməsi ilə bağlı hüquq və öhdəlikləri Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsə keçdikdən sonra bağlanmışdır. Yardım məktubunu aldıqdan sonra iddiaçı məhkəməyə 26.04.2022-ci il tarixdə ərizə ünvanlayaraq məhkəmənin hüquqi mövqeyi ilə razılaşdığını bildirmiş və təqdim etdiyi sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçı hazırkı müraciəti ilə faktiki olaraq iddianı geri götürmək niyyətini ifadə etmişdir. İddianın geri götürülməsi qanuna zidd olmadığı, digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı üçün qəbul edilməli, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə ünvanladığı müraciətindən görünür ki, o, iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də, öz aktiv hərəkəti ilə iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini ifadə etmiş olur. Belə olan halda, məhkəmə iddiaçının iradəsinə uyğun olaraq iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”): 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İPM-də iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi nəzərdə tutulmasa da, iddianın geri götürülməsinin bu formada həyata keçirilməsi iddiaçının maraqlarının müdafiəsi baxımından normativ tənzimetmənin hüquqi məzmununa zidd deyildir. Belə ki, hər iki hal son nəticədə iddiaçının ərizəsinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini, işin nəticəsində hüquqi marağının olmadığını ifadə edir. Həmçinin məhkəmə bildirir ki, M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29.04.2014-cü il tarixli qərarına əsasən, “...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə dair” 8 iyul 2013cü il tarixli Qərardadı). İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır... İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...”. Sözügedən qərarın apellyasiya şikayətinə münasibətdə mövqeyinin ifadə olunduğu nəticə hissəsinə görə, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Göstərilənlərə əsasən və İPM-in 16.3, 55, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə qarşı “cavabdehin 18 noyabr 2021-ci il tarixli **********7 nömrəli əmrinin ləğv edilməsi, onunla cavabdeh təşkilat arasında müddətsiz əmək müqaviləsi bağlanmaqla öz işinə bərpa olunması və əmək münasibətlərinin davam etdirilməsi, habelə işdən azad edildiyi vaxtdan işə bərpa ediləcəyi günədək məcburi işburaxmaya görə dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-1109/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1109/2022
26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver