Məhkəmə qərarları › İş №2-1(116)-1110/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1110/2020

26.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1110/2020 26.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı Mingəçevir şəhər Hərbi komissarlığının çağırışına əsasən 1992-ci ilin may ayında zabit kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində qanunvericiliyin tələblərinə uyğun olaraq qulluq keçmişdir. İddiaçı N nömrəli hərbi hissənin tərkibində Ağdam, Fizuli, Gədəbəy və Ağstafa bölgələrində döyüş əməliyyatlarının iştirakçısı olmuşdur. İddiaçı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının hərbi hissələrdə tam xidmət keçməyi və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmağı faktının arxiv arayışına əsasən öz təsdiqini tapmadığını əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqana müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı müraciət etmişdir. Lakin cavabdeh orqan bundan imtina etmişdir. Cavabdehin etirazının dəlilləri: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan Ncü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir». Həmin Əsasnamənin 1-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, ««Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi... tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir...». İddiaçı hərbi xidmətinə N(982) №-li hərbi hissədə başlamışdır. Lakin N(982) №-li hərbi hissə döyüş tapşırığını yerinə yetirən hərbi hissələrin siyahısında yoxdur, yəni iddiaçı döyüş əməliyyatlarında iştirak etməyib. İddiaçının hərbi biletində döyüş zonasında olması qeyd edilməyib, birbaşa döyüşlərdə iştirak etməyib və döyüş tapşırığını yerinə yetirməsi haqqında hər-hansı bir sübut təqdim edilməyib. Bundan əlavə N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N №-li əmrinə əsasən hərbi hissəni özbaşına tərk etdiyi üçün hərbi hissənin ştatından çıxarılmışdır. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 14-cü maddəsinə əsasən hərbi xidmətin başlanğıcı və sonu birmənalı müəyyən edilmişdir: başlanğıc - hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün, sonu - hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi haqqında» 1992-ci il 19 fevral tarixli 313 №-li Fərmanı ilə elan olunmuş qismən səfərbərlik faktiki xx xxxxxx 1999-cu il tarixədək davam etmişdir. Yəni səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların ehtiyata buraxılmasının ilk mərhələsi «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1996-cı il tarixli 433 №-li Fərmanı ilə həyata keçirilmişdir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Prezidentinin «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» xx.xx.1996-cı il tarixli 433 nömrəli Fərmanına əsasən tərxis olunmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır. Odur ki, iddiaçıya komissiya tərəfindən haqlı olaraq imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 №- li Qərarına xx xxxxxxxx 2018-ci il tarixdə 422 nömrəli qərarla edilmiş dəyişiklikə əsasən hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə hərbi biletlə birlikdə təqdim ediliyi halda mötəbərdir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Məhkəmə iclasında iddiaçı iddianın təmin olunmasını xahiş etdi. İş materiallarında olan MN X1 Arxivinin xx.xx.2019-cu il tarixli 9/2-19598 nömrəli arxiv arayışının təsdiq edilmiş surətindən müəyyən edilir ki, N və N nömrəli hərbi hissə komandirlərinin may N-cü il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında İddiaçı şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat aşkar edilməmişdir. Həmçinin N nömrəli hərbi hissə komandirinin may 1992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafi Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İş materiallarında olan Tərtər Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 19HP2725 nömrəli məktubundan müəyyən edilir ki, N nömrəli hərbi hissədə xidmət keçmiş İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməmiş, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməmişdir. İş materiallarında olan Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 16/2344 nömrəli məktubundan müəyyən edilir ki, iddiaçı barəsində Prokurorluqda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. İş materiallarında olan Şəki şəhər(rayon) Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli 189- 20312-1220 nömrəli məktubu və ona əlavə edilmiş 9 saylı əlavədən müəyyən edilir ki, Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında iddiaçıya dair heç bir məlumat yoxdur. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli ş/v-nin təsdiqlənmiş surəti, cavabdehin xx.xx.2020-ci il tarixli 1/M- 1206 nömrəli imtina məktubu, MN X1 Arxivin xx.xx.2019-cu il tarixli 9/2-19598 nömrəli arxiv arayışının təsdiq edilmiş surəti, ******* nömrəli hərbi biletin təsdiq edilmiş surəti, iddiaçının qeydiyyat kartasının təsdiq edilmiş surəti, Tərtər Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 19HP2725 nömrəli məktubu, Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 16/2344 nömrəli məktubu, Şəki şəhər(rayon) Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli 189-20312-1220 nömrəli məktubu və ona əlavə edilmiş 9 saylı əlavə, cavabdehin xx.xx.2020-ci il tarixli 11/4105 nömrəli etirazı və ona əlavə edilmiş arxiv çıxarışlarının təsdiq edilmiş surətləri aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Cavabdeh orqan məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İşdə olan Müdafiə Naziliyinin xx.xx.2020-ci il tarixli 11/4105 nömrəli etiraz məktubundan görünür ki, iddiaçının xidmət etdiyi N(982) nömrəli hərbi hissə döyüş tapşırığı yerinə yetirən hərbi hissələrin siyahısında yoxdur. Həmçinin iddiaçının hərbi biletində onun döyüş zonasında olması qeyd edilməmiş və iddiaçı döyüş tapşırığının yerinə yetirilməsi haqqında hər-hansı sübut təqdim etməmişdir. Bu səbəblə məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı döyüş əməliyyatlarında iştirak etməmişdir. Cavabdeh orqanın etiraz məktubunda həmçinin qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 251 nömrəli əmrinə əsasən iddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün hərbi hissənin ştatından çıxarılmışdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı müharibə veteranı statusunu almaq üçün döyüş əməliyyatlarında iştirak etdiyini sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçının döyüşlərdə iştirak etməsi sübut edilmədiyindən, eyni zamanda hərbi hissəni özbaşına tərk etdiyindən inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar