Məhkəmə qərarları › İş №2-1(116)-1111/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1111/2020

21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1111/2020 21.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi, dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq 100000 (yüz min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “cavabdehin imtinasının əsassız hesab edilməsi, dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq 100000 (yüz min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-821/2020 nömrəli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-1111/2020 nömrəli qərardadı ilə iş ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(107)-260/2020 nömrəli qərardadı ilə iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş, xx.xx.2020-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin dəftərxanasına daxil olmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı anadangəlmə təkböyrəklidir (sağ böyrəyi yoxdur), lakin buna baxmayaraq xx.xx.2002-ci il tarixdə Göyçay RHK tərəfindən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdır. 01 il 6 ay müddətində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2003-cü il tarixdə ordudan tərxis olunmuşdur. İddiaçı həqiqi hərbi xidmət dövründə hərbi hospitalda cərrahiyyə əməliyyatı keçirmişdir, bunun da nəticəsində QİÇS virusuna yoluxmuşdur. Lakin iddiaçının bu barədə məlumatı olmamış, hərbi xidmətdən qayıtdıqdan sonra X2 ilə ailə həyatı qurmuşdur. Bu nikahdan xx.xx.2007-ci il təvəllüdlü X3 doğulmuşdur. İddiaçının həyat yoldaşı qeyd olunan xəstəliyə yoluxmuş, bu səbəbdən də dünyasını dəyişmişdir. Həmçinin, izdivacdan doğulmuş iddiaçının övladı da anadangəlmə həmin virusa yoluxaraq daşıyıcısı olmuşdur. Belə ki, iddiaçı 2008-ci ildə tibbi müayinədən keçərkən ona məlum olmuşdur ki, QİÇS-ə yoluxub. Bundan sonra xx xxxxxxx 2008-ci il tarixdə Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-08/347 kodu ilə götürülmüş və bu barədə iddiaçının ailəsinə məlumat verilmiş, daha sonra iddiaçının həyat yoldaşı və qızı müayinə edilmiş və məlum olmuşdur ki, onlar da QİÇS-lə yoluxmuşlar. İddiaçının qızı QİÇS-lə Mübarizə Mərkəzində xx xxxx 2011-ci il tarixdə İİV-11/225 kodu ilə qeydiyyata götürülmüşdür. Uzun illərdir ki cavabdeh orqanın məsuliyyətsizliyi səbəbindən iddiaçı və onun ailə üzvləri məlum xəstəliklə bağlı əziyyət çəkir, həyat yoldaşı isə dünyasını dəyişmişdir. İddiaçının həyat yoldaşının ölümü və azyaşlı övladının onun gözləri önündə ağır xəstəlikdən əziyyət çəkməsi onun mənəvi sartıntı, iztirab keçirməyinə səbəb olmuş və bununla da cavabdeh orqanın ona mənəvi zərər vurduğunu iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqanın məhkəməyə göndərdiyi iddia tələbinə münasibət məktubunda qeyd edilir ki, iddiaçı iddia ərizəsində xx.xx.2002-ci ildə hərbi xidmətə çağırıldığını, xx.xx.2003-cü ildə hərbi xidmətdən buraxıldığını göstərir. Tibb Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 4/2213 №-li məktubunda göstərilir ki, İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “Xroniki qanayan babasil” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuş, xx.xx.2002-ci ildə cərrahi əməliyyat keçirmiş və əməliyyatdan sonra kafi vəziyyətdə öz hərbi hissəsinə göndərilmişdir. İddiaçı əməliyyatdan sonra bir il hərbi xidmətdə olmuş, səhhəti ilə əlaqədar şikayəti olmamışdır. Tibb Baş İdarəsinin yuxarıda göstərilən məktubuna əsasən əməliyyatdan altı il keçdikdən sonra güya həmin əməliyyat zamanı iddiaçının QİÇS-ə yoluxması xəstəliyin epidemioloji xüsusiyyətlərinə uyğun deyil. Belə ki, QİÇS-in törədicisi olan virus insana yalnız bu yolla deyil, qanköçürmə, cinsi əlaqə, bərbərxana xidməti, stomotoloji xidmət və sair yollarla ötürülə bilər. Bundan başqa, iddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanladığı xx xxx 2019-cu il tarixli iddia ərizəsində 1 il 6 ay müddətli həqiqi hərbi xidmətdə olduqdan sonra xx xxxxxxx 2003-cü ildə ehtiyata buraxıldığını, 2017-ci ildə ultrasəs müayinəsi zamanı təkböyrək olduğunu bildiyini göstərmiş, məhkəmədən Müdafiə Nazirliyinin etinasızlığı və məsuliyyətsizliyinə görə hərbi xidmətdən vaxtında tərxis olunmadığı üçün mənəvi zərərin əvəzi olaraq 10000 manat təzminatın alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarmağı xahiş etmişdir. Həmin iddia ərizəsində iddiaçının özünün, habelə arvadının və qızının QİÇS virusuna yoluxması barədə hər hansı bir xüsusat göstərilməmiş, bununla bağlı heç bir tələb irəli sürülməmişdir. Cavabdeh orqan göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edərək məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul etməsini xahiş etmişdir. İş materiallarında olan AO seriyalı ******* nömrəli “Hərbi bilet”in surətindən görünür ki, iddiaçı Göyçay RHK tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək hərbi xidmət keçmişdir. İş materiallarında olan Göyçay rayon Poliklinikasının xx.xx.2016-cı il tarixli ultrasəs müayinəsinin nəticəsinə görə iddiaçının həqiqətən yalnız sol böyrəyinin olması faktı təsdiqlənmişdir. İş materiallarında olan Respublika QİÇS-lə mübarizə Mərkəzinin xx.xx.2011-ci il tarixli, 04-01/08-302 və 04-01/08-303 nömrəli arayışlarının surətlərindən müəyyən edilir ki, iddiaçı və onun xx.xx.2007-ci il təvəllüdlü qızı X5 müvafiq olaraq İİV-08/347 və İİV-11/255 kodları ilə qeydiyyata alınmışlar. İş materiallarında olan 900493 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən müəyyən edilir ki, X3 xx.xx.2007-ci il tarixdə Göyçay şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası X1r. İş materiallarında olan Göyçay rayon Qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli, 614 nömrəli arayışının surətindən müəyyən edilir ki, iddiaçının mərhum həyat yoldaşı X4 dəqiqləşdirilməmiş ağciyər-ürək çatışmazlığından vəfat etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara ******* nömrəli hərbi biletin surəti, Göyçay rayon Poliklinikasının xx.xx.2016-cı il tarixli ultrasəs müayinəsinin surəti, Respublika QİÇS-lə mübarizə Mərkəzinin xx.xx.2011-ci il tarixli, 04- 01/08-302 və 04-01/08-303 nömrəli arayışlarının surətləri, 900493 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surəti, Göyçay rayon Qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli, 614 nömrəli arayışıaiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə AZ2300/********** nömrəli teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş və iclasın başqa vaxta təyin olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İPM-in 2.2.7-ci maddəsinə görə hazırkı iddia növü inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara dair iddiadır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl ərizə ilə cavabdehə müraciət etmiş, imtina cavabı aldıqdan sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün olsa da, mahiyyət etibarı ilə əsassızdır. Məhkəmə tərəfindən işin araşdırılmış halları, həmçinin N saylı hərbi hissənin xx.xx.2020-ci il tarixli, 4/2213 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, iddiaçının hərbi xidmət dövründə keçirdiyi cərrahi əməliyyatla QİÇS virusuna yoluxması ağlabatan deyildir. Belə ki, hərbi xidməti başa vurduqdan 6 il sonra müayinə zamanı iddiaçıda aşkarlanmış QİÇS virusunun xəstəliyin epidemioloji xüsusiyyətlərinə əsasən iddiaçıya ötən 6 il müddət ərzində digər yollarla (qanköçürmə, cinsi əlaqə, bərbərxana xidməti, stomotoloji xidmət və s.) da yoluxmaq imkanı olmuşdur. İddiaçının tələbinin qanunsuz və əsassız hərəkətləri nəticəsində dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq 100000 (yüz min) manat məbləğində pulun tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə məhkəmə araşdırması zamanı hər-hansı qanunsuz və əsassız hərəkətlərin edilməsi müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Beləliklə, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, MM-nin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin möcvud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. İddiaçı ona dəymiş ziyanın cavabdeh orqanın qanunsuz və əsassız hərəkətləri nəticəsində nəticəsində yarandığını iddia etdiyindən və bununla bağlı cavabdeh orqanın hərəkətlərinin qanunsuzluğu məhkəmə tərəfindən öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi, dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq 100000 (yüz min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar