Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1111/2025 07.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının əmək kitabçası, təqdim edilən sənədlər və fərdi uçot məlumatlarında öz təsdiqini tapan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən bütün dövrlərin iş stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən əmək pensiyasının təyin edilərək ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçının əmək kitabçası, təqdim edilən sənədlər və fərdi uçot məlumatlarında öz təsdiqini tapan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən bütün dövrlərin iş stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2024cü il tarixdən əmək pensiyasının təyin edilərək ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən, iddiaçı güzəştli staj kimi cavabdehin nəzərə aldığı dövrlərdən əlavə xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü ilədək (02 il 06 ay 15 gün ) McDermott X6, 01.11. 2004-cü ildən xx.xx.2007-ci ilədək ( 02 il 09 ay 23 gün) X2 LLC və xx.xx.2009-cu ildən xx.xx.2011-ci ilədək (02 il 07 ay 22 gün) Technical Management & Trade MMC-də quraşdrıcı vəzifəsində işləmişdir. Qeyd edir ki, həmin şirkətlərdəki 2006-cı ildən sonrakı fəaliyyəti onun fərdi uçot məlumatlarında öz əksini tapmışdır. Lakin cavabdeh yuxarıda qeyd edilən dövrləri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək stajına daxil etməmişdir. Halbuki cavabdehin güzəştli stajına daxil etdiyi, işlədiyi Bos Shelf MMC-də olduğu kimi o yuxanda qeyd edilən müəssisələrdə də eyni vəzifədə, eyni şəraitdə, eyni şərtlərlə işləmişdir. Nəzərə çatdırır ki, cavabdehin tələb etdiyi güzəştli pensya hüququ verən işdə çalışdığına dair iş yeri tərəfindən verilməli olan arayışın alınması üçün 2 saylı Bakı “ASAN xidmət" mərkəzinə və digər müvafiq qurumlara müraciət etmişəm. Lakin işlədiyi şirkətlərin Azərbaycan Respublikasında fəaliyyəti dayandırıldığından həmin arayışın alınması mümkün olmamışdır. Cavabdeh orqan məhkəyəmə təqdim olunmuş iddia tələbinə etirazı: İddiaçı tərəfindən təqdim edilən “Bos Şelf’ MMC-nin 31 iyul 2023-cü il tarixli HR- 2Q23/BOS/GHA/R-00/176 nömrəli arayışına əsasən iddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək həmin müəssisədə quraşdırıcı, xx.xx.2013-cü il tarixdən 04.09,2015-ci il tarixədək metal konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı köməkçisi, xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək metal konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı vəzifəsində işləmiş və iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (9 il 10 ay 20 gün (xx.xx.2011-xx.xx.2013-cü il, xx.xx.2015-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil etmişdir. İddiaçı iddia ərizəsində xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək McDermott X6, xx.xx.2004-cü il tarixdən xx.xx.2007-cü il tarixədək X2 LLC və xx.xx.2009cu il tarixdən xx.xx.2011 -ci il tarixədək Technical Management & Trade MMC-də quraşdırıcı vəzifəsində işlədiyini və həmin vəzifələrin güzəştli iş stajına daxil edilməli olduğunu qeyd etmişdir. Lakin iddiaçı güzəştli sahədə işlədiyini iddia etdiyi dövrlərlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci ıl tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası 'nın 2 nömrəli əlavəsində nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş güzəştli arayışı cavabdehə təqdim etməmiş, bu səbəbdən müvafiq dövrlərin güzəştli iş stajına daxil edilməsi mümkün olmamışdır. İstinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçının qanunvericiliklə tələb olunan 12 il 6 ay güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu;
2. AR SHXÇDX-nin xx.xx.2024-cü il tarixli arayışı;
3. AR X7 Filialının xx.xx.2024-cü il tarixi arxiv arayışı;
4. BOS ŞELF MMC-nin xx.xx.2023-cü il tarixli Güzəştli Arayış;
5. McDermott X5. iddiaçı barəsində təlimə cəlb etmə vərəqəsi;
6. X3 MMC-nin iddiaçıya məxsus əməkhaqqı cədvəlləri
7. İddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti;
8. İddiaçıya məxsus Əmək kitabçasının surəti;
9. İddiaçının fərdi şəxsi hesabından sosial arayış;
Əsaslandırma hissəsi:
İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır:
1. iddiaçı 60 yaşına çatmalıdır.
2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 3) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumilikdə iş stajı 25 ildən çoxdur.Cavabdeh tərəfindən də bu hal mübahisələndilməmişdir. Lakin,cavabdeh üçüncü şərtə münasibətdə iddiaçının güzəştli iş stajını 12 il 6 aydan az- 9 il 10 ay 20 gün (xx.xx.2011-xx.xx.2013-cü il, xx.xx.2015-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər) qəbul edir. Belə ki, “Bos Şelf’ MMC tərəfindən təqdim edilən 1 iyul 2023-cü il tarixli arayışda iddiaçının xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək həmin müəssisədə quraşdırıcı, xx.xx.2013-cü il tarixdən 04.09,2015-ci il tarixədək metal konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı köməkçisi, xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək metal konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı vəzifəsində işlədiyi qeyd edilir. Cavabdeh orqan məhz iddiaçının burada çalışdığı xx.xx.2011-xx.xx.2013-cü il, xx.xx.2015-xx.xx.2023-cü il tarixləri arasındakı dövrləri (cəmi 9 il 10 ay 20 gün) güzəştli iş stajı kimi qəbul edir. Cavabdeh orqan yuxarıda adıçəkilən dövrləri güzəştli iş stajı kimi qəbul etməməsini iddiaçının güzəştli sahədə işlədiyini iddia etdiyi dövrlərlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2 nömrəli əlavəsində nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş güzəştli arayışı cavabdehə təqdim etməməsi ilə əsaslandırır. Lakin məhkəmə bu dəlili əsassız hesab edir. Belə ki, iddiaçının əmək kitabçasına əsasən xx.xx.2002-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək “McDermott X6” və “X2 LLC”-də işləmiş olduğu güzəştli şərtlərlə çalışdığını sübut edən arayışı əldə edə bilməməsinin səbəbi həmin müəssisələrin artıq fəaliyyət göstərməməsidir. Lakin İddiaçı həmin müəssisələrdə də eyni vəzifələrdə çalışması əmək kitabçasından görünür. Həmçinin iş materiallarında mövcud olan əməkhaqqı cədvəlləri, iddiaçının bu müəssisələrdə müxtəlif təlimlərə cəlb edilməsi əmək fəaliyyətini təsdiq edir. Odur ki, həmin müəssisələrin fəaliyyətinin olmaması,iddiaçıdan asılı olmayan səbəblərdə arayışın əldə edilə bilməməsi iddiaçının ziyanına şərh edilə bilməz. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi dövrdə (xx.xx.2024-cü ildən) “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1964-cü ildə doğulub). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bölməsində (bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) “quraşdırıcı” peşəsi güzəştli iş kimi nəzərdə tutulmuşdur. İddiaçının “McDermott X6” və “X2 LLC”, əmək fəaliyyəti göstərdiyi dövrlərdə müxtəlif dərəcəli quraşdırıcı peşəsində çalışması həmin kodla eyniləşdirilməsi imkanını yaradır.Həmin şirkətlər beynəlxalq səviyyədə tanınmaqla Azərbaycanda neft-qaz platformalarının inşası sahəsində fəaliyyət göstərmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, uyğunluğun müəyyən edilməsi zamanı nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Həmin peşələr güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna təminat verir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. X8 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Həmin Qanunun 29-cu maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Yuxarıda qeyd olunan dövrlər üzrə iddiaçının güzəştli şərtlərlə iş stajı tələb olunan minumum dövrdən artıq olduğundan iddia tələbi əsaslıdır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə, qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.