Məhkəmə qərarları › İş №2-1(116)-1113/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1113/2020

10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1113/2020 10.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Mingəçevir şəhər filialına qarşı “onun xx.xx.1976-cı il tarixdən xx.xx.2005-ci il tarixədək müxtəlif idarələrdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Mingəçevir şəhər filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “onun xx.xx.1976-cı il tarixdən xx.xx.2005-ci il tarixədək müxtəlif idarələrdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci ildə Kəlbəcər rayonu Abdullauşağı kəndində anadan olmuşdur. xx.xx.1974-cü ildən 1976-cı ilə qədər hərbi xidmət keçmişdir. xx xxxx 1976-cı ildən xx xxxxxxxx 1978-ci ilə qədər Kəlbəcər rayon “Azərbaycan” kolxozunda işləmişdir. xx.xx.1979-cu ildə Mingəçevir şəhərinə köçmüş, həmin tarixdən orada müxtəlif işlərdə işləmiş və bu barədə onun əmək kitabçasında qeydlər aparılmışdır. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan tələb olunan sosial sığorta stajının olmamasını səbəb göstərərək pensiyanın təyin edilməsindən imtina etmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, İddiaçı mübahisələndirilməyən iş stajı Hərbi xidmət dövrü də nəzərə alınmaqla əmək kitabçası üzrə 14 il 4 gündür. 14 il 4 gün kapitala çevrilməklə 11794.25 manat pensiya kapitalı təşkil edir. İddiaçının 13 il 2 ay 23 gün mübahisəli iş stajı aşağıdakı kimidir: xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işə qəbul olması və işdən azad olması hansı sənəd (əmr) əsasında olması, nömrəsi və tarixi olmadığı üçün, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək kiçik müəssisədə işləməsinə dair əmək haqqı arayışı olmadığına görə, xx.xx.1998-ci il tarixdən xx.xx.1998ci il tarixədək Rusiya Federasiyasında işlədiyi üçün, xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi müəssisənin 1997-ci il tarixdən sonra qeydiyyatda olmadığı və hesabat vermədiyi üçün iş stajı kimi nəzərə alınmamışdır. İddiaçının tələbində qeyd olunan staj xx.xx.1976-cı il tarixdən xx.xx.2005-ci il tarixədək 29 il 5 ay 10 gün təşkil edir. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edib təmin edilməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020ci il tarixli **********9 nömrəli imtina məktubu, hərbi biletin surəti, iddiaçının ******* nömrəli əmək kitabçasının əsli, Dövlət Arxivinin Mingəçevir filialının xx.xx.2020-ci il tarixli T-78 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. İddia, mahiyyət etibarı ilə əsassızdır. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının iddia tələbindən göründüyü kimi məhkəmədə hazırkı iddianı qaldırmaqda hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh orqanın xx.xx.2020-ci il tarixli **********7 nömrəli məktubundan göründüyü kimi iddiaçının mübahisələndirilməyən stajı hərbi xidmət dövrü də nəzərə alınmaqla əmək kitabçasına əsasən 14 il 4 gün təşkil edir. İddiaçının iddia tələbində qeyd olunan staj xx.xx.1976-cı il tarixdən xx.xx.2005-ci il tarixədək 29 il 5 ay 10 gündür. İddiaçının əmək kitabçasında onun xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “X1” adlı müəssisədə işlədiyi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2005-ci il tarixdə “X1” adlı müəssisədən 202 nömrəli əmrlə işdən azad edildiyi halda Şəki İnzibati-İqtisadi Məhkəməsində baxılmış 2-1(84)- 681/2019 nömrəli iş üzrə iddiaçı olmuş və həmin müəssisədə işləmiş X3 xx.xx.2005-ci il tarixdə 208/K nömrəli əmrlə işdən azad edilmişdir. Göründüyü kimi iddiaçının dekabr ayında işdən azad olunma əmrinin nömrəsi 202 olmuşdur ki, bu da əvvəlki ayda verilmiş 208 nömrəli əmrdən sonra verildiyini istisna edir. Yəni iddiaçının əmrinin nömrəsi heç bir halda 208 rəqəmindən əvvəlki rəqəm ola bilməzdi. Bu da məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının əmək kitabçası sonradan doldurulmaqla heç bir ilkin sənədlərə (əmr kitabları və s.) əsaslanmadan yazılmışdır. Həmçinin cavabdehin xx.xx.2020-ci il tarixli **********7 nömrəli məktubundan “X1” adlı müəssisənin 1997-ci il tarixdən sonra qeydiyyatda olmadığı və hesabat vermədiyi müəyyən edilmişdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının 1998-2005-ci illərdə “X1” adlı müəssisədə işlədiyi müddət onun sosial sığorta stajına daxil edilə bilməz. Bu halda da iddiaçıdan tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Mingəçevir şəhər filialına qarşı “onun xx.xx.1976-cı il tarixdən xx.xx.2005-ci il tarixədək müxtəlif idarələrdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar