Məhkəmə qərarları › İş №2-1(116)-1113/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1113/2023

13.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1113/2023 13.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “Ağdam Rayon Qeydiyyat Şöbəsi tərəfindən 1965-ci ilin avqust ayında tərtib edilmiş 195 nömrəli doğum haqqında akt qeydində doğum tarixinin 01 iyul 1952-ci ildən - 01 iyul 1962-ci ilə, Ağdam Rayon Qeydiyyat Şöbəsi tərəfindən 1975-ci ilin fevral ayında tərtib edilmiş 05 nömrəli atalığı müəyyən etmək haqqında akt qeydində ata haqqında məlumat qrafasında “X2”ndan “X1”na və həmin akt qeydində doğum tarixinin xx xxxx 1967-ci il tarixdən - 01 iyul 1962-ci il tarixə dəyişdirilməsi, doğum və atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdam Rayon Qeydiyyat Şöbəsi tərəfindən 1965-ci ilin avqust ayında tərtib edilmiş 195 nömrəli doğum haqqında akt qeydində doğum tarixinin 01 iyul 1952-ci ildən - 01 iyul 1962-ci ilə, Ağdam Rayon Qeydiyyat Şöbəsi tərəfindən 1975-ci ilin fevral ayında tərtib edilmiş 05 nömrəli atalığı müəyyən etmək haqqında akt qeydində ata haqqında məlumat qrafasında “X2”ndan “X1”na və həmin akt qeydində doğum tarixinin xx xxxx 1967-ci il tarixdən - 01 iyul 1962-ci il tarixə dəyişdirilməsi, doğum və atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, o 1962-ci ildə Ağdam rayonunda anadan olmuşdur. Bu haqda vaxtilə doğum haqqında şəhadətnamə verilmişdir. 1975-ci ildə isə Ağdam rayon qeydiyyat şöbəsində atalıq müəyyən edilmiş və atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. Lakin doğum haqqında şəhadətnaməm məcburi köçkünlük vaxtı itmişdir. Sonradan iddiaçıya şəxsiyyət vəsiqəsi verildikdə təvəllüdü 1962ci il əvəzinə səhvən 1967-ci il kimi qeyd edilmişdir. Həmin vaxt bu yalnışlığın fərqinə varmayıb. Hazırda sənədləşmə işlərini həyata keçirmək üçün şəxsiyyət vəsiqəsini dəyişdirmək məqsədilə Şəki regional “Asan Xidmət” Mərkəzində şəxsiyyət vəsiqəsi bölməsinə müraciət etmiş, lakin sənədlərində ziddiyətlər olduğundan o Cavabdehnə göndərildi. Bu zaman məlum olmuşdur ki, şəxsiyyət vəsiqəsində doğum tarixi xx xxxx 1967-ci il qeyd edilsə də, Ağdam rayon qeydiyyat şöbəsi tərəfindən 1965-ci ilin avqust ayında tərtib edilmiş 195 nömrəli doğum haqqında bərpa akt qeydində doğum tarixi 01 iyul 1952-ci il kimi qeyd edilmişdir. Həmçinin Ağdam rayon qeydiyyat şöbəsi tərəfindən 1975-ci ilin fevral ayında tərtib edilmiş 05 nömrəli atalığı müəyyən etmək haqqında akt qeydində ata haqqında məlumat qrafasında ata haqqında məlumat səhvən “X2” qeyd edilmişdir. Həmin akt qeydi əsasında tərtib edilmiş xx.xx.1975-ci il tarixli İ-JQ seriyalı 290506 nömrəli atalığı müəyyən etmək haqqında şəhadətnamədə ata kimi tanınmış şəxs X1 qeyd edilsə də, doğulduğu il hissəsi korlanmışdır. İddiaçı bununla bağlı Qeydiyyat Şöbəsinə müraciət etsə də, iddiaçıya imtina olunaraq, məhkəməyə müraciət etməyim bildirilmişdir Cavabdeh inzibati orqan iddia tələbi ilə bağlı münasibət (etiraz) bildirməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, cavabdehin nümayəndəsi məhkəməyə məktub göndərərək nümayəndəsinin iştirakı olmadan işə baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. 14.08.2017-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,vəsiqə İddiaçı verilmişdir

3. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Ağdam Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ağdam şəhər S.Vurğun küçəsi ev 34 ünvanında daimi qeydiyyatda olan xx xxxx 1967-ci il təvəllüdlü X4 şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 60 nömrəlii Ev təsərrüfatının uçotu kitabında 154-cü səhifə, 5720 şəxsi nömrəsində tək özü qeydiyyatdadır. Məlumat üçün bildiririk ki, Ağdam şəhər inzibati ərazi dairəsi üzrə müvafiq nümayəndəliyin 2018-ci ilə qədər olan ev təsərrüfatlarının uçotu kitbları müvqafiq qaydada Ağdam rayon Arxivinə verilmişdir.

4. Ağdam Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş fərdi uçot kartoçkasının təsdiqlənmiş surətindən görünür ki, xx.xx.1967-cə il təvəllüdlü İddiaçı barəsində məlumat qeyd edilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-18/2-579/2023 nömrəli məktubuna əlavə edilmiş İddiaçı barəsində çıxarışdan görünür ki, iddiaçının adı “Tahirə”, soyadı “Abdulxaliqova”, ata adı “Mədədəli”, doğulduğu yer Ağdam rayonu, doğulduğu il xx.xx.1967-ci il, ünvanı Ağdam şəhər S.Vurğun küçəsi ev 34 qeyd edilmişdir.

6. İddiaçı barəsində tərtib edilmiş “Atalığın müəyyən edilməsi haqqında akt” qeydi və “doğum qeydlərinin bərpa aktı”.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur,ancaq iddia əsaslı deyil.Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 166-cı maddəsi doğumun qeydə alınması qaydasını tənzimləməkdədir. Həmin maddənin tələbinə görə: 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir... Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2013-cü il tarixli “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri və nikah evləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 13-N nömrəli Qərarının 7.1-ci bəndinə əsasən qeydiyyat şöbəsi bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 7.1.7. doğumun, nikahın bağlanmasının, övladlığa götürmənin, nikahın pozulmasının, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparmaq, bu barədə şəhadətnamələr vermək; “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarına əsasən: 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 1.5. İcra hakimiyyətinin nümayəndəliyi doğumun, nikahın bağlanmasının, ölümün dövlət qeydiyyatını aparır və doğum, nikah, ölüm haqqında şəhadətnamələr verir. 1.10. Doğumun və ölümün dövlət qeydiyyatı məcburidir və bu barədə məlumat qanunvericilikdə müəyyən olunmuş müddətlərdə verilməlidir. İşin hallarının araşdırılması zamanı iddiaçının doğum tarixi ilə bağlı ziddiyyətli məqamlar müəyyən edilmişdir.Onun barəsində 1965-ci ildə tərtib edilmiş “doğum qeydlərinin bərpa aktı”nda doğum tarixi xx.xx.1952-ci il kimi qeyd olunmuşdur. “Atalığın müəyyən edilməsi haqqında akt qeydi”nə əsasən iddiaçının xx.xx.1962-ci il tarixdə doğulduğu görünür.İddiaçıya verilmiş şəxsiyyət vəsiqəsi və Əhalinin dövlət reyestri məlumatlarında iddiaçının təvəllüdü xx.xx.1967-ci il kimi qeyd olunmuşdur. Həmçinin, “doğum qeydlərinin bərpa aktı”nda ata adı qrafasında “Mədət” qızı kimi qeyd olunmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı Cavabdehnə qarşı “Ağdam Rayon Qeydiyyat Şöbəsi tərəfindən 1965-ci ilin avqust ayında tərtib edilmiş 195 nömrəli doğum haqqında akt qeydində doğum tarixinin 01 iyul 1952-ci ildən - 01 iyul 1962-ci ilə, Ağdam Rayon Qeydiyyat Şöbəsi tərəfindən 1975-ci ilin fevral ayında tərtib edilmiş 05 nömrəli atalığı müəyyən etmək haqqında akt qeydində ata haqqında məlumat qrafasında “X2”ndan “X1”na və həmin akt qeydində doğum tarixinin xx xxxx 1967-ci il tarixdən - 01 iyul 1962-ci il tarixə dəyişdirilməsi, doğum və atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar