Məhkəmə qərarları › İş №2-1(116)-1115/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1115/2020

05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1115/2020 05.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçıİsmayılov Şakir Qinyaz oğlunun, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi tabeliyində Dövlət X10 publik hüquqi şəxsin Göyçay rayon filialına qarşı "X5 1978-1998-ci illərdə Göyçay rayon Mırtı kəndi M.Rəsulzadə adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1958-ci ildə anadan olmuş və hazırda Göyçay rayonu Mırtı kəndində yaşayır. O, xx.xx.1979-cu ildə X8 (təvəllüdü – xx.xx.1955-ci il) ilə ailə qurmuşdur. İddiaçının əri X8 1978-1998-ci illərdə Göyçay rayonu Mırtı kəndi M.Rəsulzadə adına kolxozda işləmiş və xx.xx.2012-ci ildə vəfat etmişdir. İddiaçı 60 yaş 6 aya çatdıqdan sonra cavabdehə ərizə ilə müraciət edərək ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********9 nömrəli cavab məktubu ilə bildirmişdir ki, əmək pensiyasının arxiv arayışına əsasən təyin edilməsi mümkün deyil. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, əri X1 işlədiyi müddətlə bağlı əmək kitabçası olmasa da, iş stajını təsdiq edən arxiv arayışı vardır. Cavabdeh məhkəmənin sorğusuna xx.xx.2020-ci il tarixli cavab məktubunda bildirmişdir ki, iddiaçı 60 yaş 6 aya çatdığı gün ailə başçısını itirən kimi əmək pensiyası hüququ əldə etmişdir. X5 arxiv arayışı ilə müəyyən olunan kolxozda işlədiyi iş stajı 19 il 3 ay, hərbi xidmət illəri 2 il 16 gün olmaqla faktiki 21 il 3 ay 16 gün sığorta stajı vardır. Tələb olunan sosial sığorta stajı 13 il 8 aydır. Bundan başqa, Göyçay rayonu Mırtı kəndi M.Rəsulzadə adına kolxozda kişilər üçün minimum adam/gün norması 1978-1998-ci illərdə 180 adam/gün müəyyən olunmuşdur. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, İİ-ЖГ seriyalı 277239 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X8 xx.xx.1979-cu ildə nikah bağlamışlar. - İşdə olan, AZ-İİ seriyalı 082114 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2012-ci ildə vəfat etmişdir. - İşdə olan, cavabdehin xx.xx.2020-ci il tarixli **********9 nömrəli imtina məktubundan görünür ki, arxiv arayışına əsasən iddiaçıya ailə başçısını itirən kimi əmək pensiyası təyin edilməsi mümkün deyil. - İşdə olan, Dövlət Arxivinin Göyçay filialının xx.xx.2020-ci il tarixli 1010 nömrəli arxiv arayışından görünür ki, X8 Göyçay rayonu Mırtı kəndi M.Rəsulzadə adına kolxozda 1978-ci ildə 364 adam/gün, 1979-cu ildə 363 adam/gün, 1980-cı ildə 180 adam/gün, 1981-ci ildə 103 adam/gün, 1982-ci ildə 136 adam/gün, 1983-cü ildə 199 adam/gün, 1984-cü ildə 233 adam/gün, 1985-ci ildə 286 adam/gün, 1986-cı ildə 311 adam/gün, 1987ci ildə 286 adam/gün, 1988-ci ildə 306 adam/gün, 1989-cu ildə 364 adam/gün, 1990-cı ildə 365 adam/gün, 1991-ci ildə 365 adam/gün, 1992-ci ildə 366 adam/gün, 1993-cü ildə 365 adam/gün, 1994-cü ildə 360 adam/gün, 1995-ci ildə 360 adam/gün, 1996-cı ildə 351 adam/gün, 1997-ci ildə 330 adam/gün, 1998-ci ildə 195 adam/gün işləmişdir. - İşdə olan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 241 nömrəli arayışından görünür ki, X8 xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. - İşdə olan, Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi tabeliyində Dövlət X10 publik hüquqi şəxsin Göyçay rayon filialının xx.xx.2020-ci il tarixli **********1 nömrəli cavab məktubundan görünür ki, iddiaçı 60 yaş 6 aya çatdığı gün ailə başçısını itirən kimi əmək pensiyası hüququ əldə etmişdir. X5 arxiv arayışı ilə müəyyən olunan kolxozda işlədiyi iş stajı 19 il 3 ay, hərbi xidmət illəri 2 il 16 gün olmaqla faktiki 21 il 3 ay 16 gün sığorta stajı vardır. Tələb olunan sosial sığorta stajı 13 il 8 aydır. Bundan başqa, Göyçay rayonu Mırtı kəndi M.Rəsulzadə adına kolxozda kişilər üçün minimum adam/gün norması 1978-1998-ci illərdə 180 adam/gün müəyyən olunmuşdur. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsinə görə, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sadalanan normalara uyğun olaraq, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərdən biri onun pensiya yaşına çatması, digəri isə mərhum ərinin əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajına malik olmasıdır. Qadınlar üçün pensiya yaşı xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək 61 il 6 ay olmuş, iddiaçı isə pensiya yaşına xx.xx.2020-ci ildə çatmışdır. İddiaçının mərhum əri X8 xx.xx.1955-ci ildə anadan olmuş və vəfat etdiyi xx.xx.2012-ci il tarixə onun tam 56 yaşı olmuşdur. Göstərilən rəqəmdən 15 il çıxdıqda, əmək qabiliyyətli yaş dövrü 41 il olmuşdur ki, həmin illərin hər biri üçün 4 ay hesabı ilə 164 ay, yəni 13 il 8 ay sığorta stajı tələb olunur. Dövlət Arxivinin Göyçay filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 101 nömrəli arxiv arayışından görünür ki, iddiaçının mərhum əri X8 1978-1998-ci illərdə Göyçay rayonu Mırtı kəndi M.Rəsulzadə adına kolxozda işləmişdir. Cavabdehin imtinasının dəlili iddiaçının mərhum ərinin kolxozda işlədiyi müddətin onun əmək kitabçasında qeyd edilməməsindən ibarətdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıda sadalanan maddi hüquq normasının tələbindən görünür ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Ona görə məhkəmə hesab edir ki, iddiaçının mərhum ərinin Göyçay rayonu Mırtı kəndi M.Rəsulzadə adına kolxozda işləməsi onun əmək kitabçasında qeyd edilməsə də, müvafiq arxiv arayışı iş stajını təsdiq edən sənəd kimi qəbul edilməlidir. İddiaçının mərhum əri X1 işlədiyi dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrində deyilirdi ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Müəyyən edildi ki, mərhum X3 1978-1980, 1983-1998-ci illərdə (cəmi 19 il) əmək iştirakı minimumunu tam yerinə yetirmişdir. O, 1981-ci ildə 103 adam/gün, 1982-ci ildə 136 adam/gün işləmişdir ki, minimum əmək iştirakı normasına görə bu faktik müddətin cəmi 1 il 3 ay təşkil edir. Göründüyü kimi, iddiaçının mərhum ərinin kolxozda işlədiyi müddətdə sosial sığorta stajı (19 il+1 il 3 ay) 20 il 3 ay təşkil edir ki, bu da iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün kifayətdir. Ona görə də iddiaçının hazırkı tələbi haqlıdır və təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mərhum əri X5 1978-ci ildən 1998-ci ilədək Göyçay rayonu Mırtı kəndi M.Rəsulzadə adına kolxozda işlədiyi 20 il 3ay müddətin (1978-1980, 1983-1998-ci illər tam, 1981 və 1982-ci illər isə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla) sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi tabeliyində Dövlət X10 publik hüquqi şəxsin Göyçay rayon filialının üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar