Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1116/2025 10.12.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı üçüncü şəxs X3, cavabdehin nümayəndəsi X15 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı ünvan 1 ünvanında yerləşən 751 kv.m torpaq sahəsi üzərində X16, X9, X10, X4, X17, X21, İddiaçı və X3 ümumbirgə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı “AR İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-71-0059-8/2024 nömrəli imtinasının qanunsuz hesab edilməsi və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə mərhum X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-cü il tarixli, 2-1(116)-1116/2025 nömrəli qərardadı ilə X11 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək “Şəki şəhəri, B.Məmmədov küçəsi 4 ünvanında yerləşən 751 kv.m torpaq sahəsi üzərində X16, X9, X10, X4, X17, X21, İddiaçı və X3 ümumbirgə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” baradə qərar qəbul edilməsini xahiş etmişdir.İddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə xx.xx.2025-ci il tarixli iclas protokolu ilə icraata qəbul edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi mərhum X2, Məmmədov Bəhram, Məmmədov Əli, Həsənov Nütvəli, Həsənov Məmmədəli, İddiaçı, X17 və X5 məxsusdur. Bu barədə 26 may 1977-ci il tarixli, 533/1478 nömrəli torpaq qeydi verilmişdir. Həmçinin, Şəki şəhər İHBA-nın Memarlıq və Tikinti şöbəsi tərəfindən torpaq sahəsinin yerləşdiyi ərazinin və fərdi yaşayış evinin sxematik planı tərtib edilmişdir. X2 xx.xx.1978-ci il tarixdə vəfat etmişdir. İddiçı atasından miras qalmış həmin daşınmaz əmlaka dair vərəsəliyi qəbul etmək üçün notariat orqanına müraciət etdikdə bildirdilər ki, ilk öncə həmin fərdi yaşayış evinin və torpaq sahəsinin mərhum X6 adına daşınmaz əmlakın dövlət resyestrində qeydiyyata aldıraraq çıxarış almalı, daha sonra mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət edilməlidir. İddiaçı həmin ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə daşınmaz əmlakın dövlət resyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan bundan imtina etmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, vətəndaş İddiaçı 30 iyul 2024-cü il tarixdə ərizə ilə (daxilolma N-si 3-21-3-39/1-H-0059-8/2024) DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, vərəsəsi olduğu X6 paylı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi ilə birgə vahid daşınmaz əmlak kimi qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir. Lakin, ərizəyə əlavə olunan sənədlərin yoxlanılması zamanı müraciət olunan Şəki şəhəri, Bəxtiyar Məmmədov küçəsində yerləşən fərdi yaşayış evinin torpaq qeydlərində adları olan X12, X4 və X1 Federasiyasının vətəndaşları olduğundan, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48.2-cü maddəsinin tələblərinə əsasən torpaq sahəsini mülkiyyət hüququ üzrə yalnız Azərbaycan Respublikası vətəndaşları əldə edə bildiyindən ərizəçiyə xx.xx.2024-cü il tarixli, 3-21-3-39/2-H-0059-8/2024 N-li imtina məktubu verilmişdir. Azərbaycan Respublikası, Torpaq Məcəlləsinin 3-cü maddəsinə əsasən əcnəbiiər və vətəndaşlığ, olmayan şəxslər xarici hüquqi şəxsər, beynəlxalq birliklər və təşkilatlar, habelə хаrici dövlətlər torpaq münasibətlərinin iştirakçıları kimi bu Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilər. 48.3-cü maddəyə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxsər, xarici hüquqi şəxslər beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrin,yalnız icarə hüququ əsasında əldə edə bilər. Qeyd olunan qanunvericiliyin tələblərinə görə da müraciətinin icrası tərəflərindən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs izahat verərək məhkəmədən iddiaya etirazı olmadığını bildirdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina edilmişdir.
2. Cavabdeh 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi və yerquruluşu planı;
3. 533/1478 nömrəli Torpaq qeydinin surəti;
4. Cavabdehin xx.xx.2024-cü il tarixli etirazı;
5. X33 Filialının xx.xx.2025-ci il tarixli məktubu.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, 26 may 1977-ci il tarixli, 533/1478 nömrəli torpaq qeydi verilmişdir. Həmin sənədə əsasən ünvan 3 ünvanında yerləşən torpaq sahəsindən X16, Məmmədov Bəhram, Məmmədov Əli, Həsənov Nütvəli, Həsənov Məmmədəli, İddiaçı, X17 və X13 istidadə etmək hüququna malik olmuşdur. Məhkəmə qeyd edir ki,yuxarıda qeyd olunan torpaq qeyd torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması əsası kimi çıxış edir. Məhkəmə İPM-in 12-ci maddəsinin tələbləri baxımından müətəxəssis rəyi tələb etmişdir. 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Torpaq sahəsi elektron məlumat bazasında TEKUİS-ə əsasən kateqoriyası yaşayış məntəqəsi torpaqları, mülkiyyət növü 512 kv.m sahə xüsusi mülkiyyət, 250 kv.m sahə bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. 533/478 nömrəli torpaq qeydinə əsasən mülkiyyətçilər X19, Məmməd Bahram, Əliifti, Məmmədli Ələkbər, İddiaçı, Xanlar Ələkbər oğlu,X14r. Faktiki istifadəçi İddiaçı Ələkbər oğlu və ailə üzvləridir. Torpaq sahəsinin yerləşmə sxemi və dönmə nöqtələrinin koordinatları təqdim olunmuş sxemdə öz əksini tapmışdır. İddia olunan və faktiki istifadə olunan torpaq sahəsi başqa subyektlərin torpaq sahəsi ilə üst-üstə düşmür. İddia olunan torpaq sahəsi torpaq qeydində 0.0762 ha, faktiki olaraq isə 0.0751 ha təşkil edir. İddia olunan torpaq sahəsi qapalı həyətyanı sahə daxilindədir. Sərhədləri daş hasar ilə əhatə olunmuşdur. Qeydə alınması tələb olunan fərdi yaşayış evinin tikinti sahəsi 151 kv.m,ümumi sahəsi 115.3 kv.m, yaşayış sahəsi 71.0 kv.m, köməkçi sahəsi 44.3 kv.m, daxili hündürlüyü 2.80 m, xarici hündürlük H = 3.50 m təşkil edir. Aşağıdakı normaları işin hallarına tətbiq edən məhkəmə iddianı əsaslı hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (bənd 2.3) kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış - daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası ... 3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Maddə 49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ ...
4. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. X12, X4 və X7 Azərbaycan Respublikasının vətəndaşı olmaması ilə bağlı cavabdeh orqanın imtina dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, qanunverici əcnəbinin adına torpaq sahəsinə xüsusi mülkiyyət hüquqlarının qeydiyyatını istisna etmir. Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələri üzərində mülkiyyət hüququ vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçə bilər, lakin həmin şəxslər bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq torpaq sahəsini özgəninkiləşdirməlidirlər. Torpaq Məcəlləsinin 49-cu maddəsində əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş, lakin sonradan digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüquqları (gözlənilən mülkiyyət hüququ) ilə bağlı norma öz əksini tapmamışdır. Nəzərə alınmalıdır ki, iddia olunan torpaq sahəsi üzərində Şəhadətnamədə adları göstərilənlərin gözlənilən mülkiyyət hüququ digər dövlətin vətənaşlığını qəbul edənədək yaranmış, lakin iddiaçı torpaq üzərində mülkiyyət hüququnu qeydə aldırmadan başqa dövlətin vətəndaşlığını qəbul etmişdir. Hazırda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsi həmin hüququn dövlət qeydiyyatına alınmasına hüquqi əsas yaradır. Belə olan halda, məhkəmə tərəfindən qiymət verilməli olan məsələ, ümumi birgə mülkiyyətçinin mülkiyyət hüququnun qeydə alınmasına qanuni gözləntisinin hazırkı halda ona sözügedən torpaq üzərində mülkiyyət hüququnu qeydə aldırmaq imkanını veribverməməsidir. Bu hala qiymət verilməsi isə mülkiyyət hüququnun anlayışının təhlilini tələb edir. Qeyd olunanlara əsasən iddia təmin edilməli, Şəki şəhəri, B.Məmmədov küçəsi 4 ünvanında yerləşən 751 kv.m torpaq sahəsi üzərində X16, X9, X10, X4, X17, X21, İddiaçı və X3 ümumbirgə mülkiyyət hüququnun qeydiyyata alaraq (X12, X4 və X7 payının bir il ərzində məcburi qaydada özgəninkiləşidirilmək şərti ilə) dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı ünvan 5 ünvanında yerləşən 751 kv.m torpaq sahəsi üzərində X16, X9, X10, X4, X17, X21, İddiaçı və X3 ümumbirgə mülkiyyət hüququnu qeydə alaraq (X12, X4 və X7 payının bir il ərzində məcburi qaydada özgəninkiləşidirilmək şərti ilə) çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə