Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-112/2022 14.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçı Nağdəliyeva (Pirverdyan) Aida Arsenovnanın, iddiaçının vəkili Vəkil iştirakı ilə iddiaçı Nağdəliyeva (Pirverdyan) Aida Arsenovnanın Cavabdehnə qarşı “şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən, BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınmasını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (“BMT QAK”) tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınmasını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 02.01.1954-cü ildə Ağsu rayonunun Gürcüvan kəndində anadan olmuşdur. İddiaçı doğularkən doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Sonradan iddiaçıya 24.03.1978-ci ildə Ağsu rayonunun İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsi tərəfindən 589159 nömrəli SSR nümunəli pasport verilmişdir. İddiaçı 2014-cü ildə vaxtı keçmiş, 2005-ci ildə qüvvəsini itirmiş pasportunu itirmiş və onda yalnız həmin pasportun surəti qalmışdır. İddiaçıda onun doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənəd yoxdur. Bu səbəbdən də, o, BMT QAK tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüş və BMT QAK-ın himayə sənədi əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmışdır. İddiaçı cavabdeh orqana müraciət edərək, ona doğum haqqında təkrar şəhadətnamənin verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 04.05.2021-ci il tarixli imtina məktubunda iddiaçının şəxsiyyətini təsdiq edən sənədinin olmaması səbəbindən ona doğum haqqında təkrar şəhadətnamənin verilməsinin mümkün olmadığını bildirmişdir. İddiaçı isə cavabdehin imtinasını əsassız hesab edərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmənin sərəncamının icrasının təmin edilməsi məqsədilə ünvanladığı 30.06.2021-ci il tarixli məktubunda bildirmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” X1 sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin Cavabdehndə Nağdəliyeva (Pirverdyan) Ayida Arsenovnanın 04.01.1954cü il tarixdə Ağsu rayonu Gürcüvan kənd icra nümayəndəliyində qeydə alınmış doğum akt qeydi aşkarlanmışdır. X5 doğum akt qeydindən çıxarış məhkəməyə göndərilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və 04.03.2022-ci il tarixli məktubunda məhkəmə iclasının Şöbənin nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İPM 68.1) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur. İddia mümkün iddia olmaqla yanaşı, həmçinin əsaslıdır. Bu səbəbdən də iddia təmin edilməlidir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İşdə olan Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının 786- 12C07209 nömrəli Himayə sənədinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı BMT QAK-ın mandatı altında olan şəxsdir. İşdə olan Dövlət Miqrasiya Xidməti X2 İdarəsinin məhkəmyə ünvanladığı 18.06.2021-ci il tarixli 07/06 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı Nağdəliyeva (Pirverdyan) Aida 13.12.2011-ci il tarixdən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı Nümayəndəliyi tərəfindən vətəndaşlığı olmayan şəxs kimi qeydiyyata alınmış və sonuncu dəfə Nümayəndəlik tərəfindən etibarlılıq müddəti 18.05.2021-ci il tarixdən 01.06.2022-ci il tarixədək olan himayə sənədi ilə təmin edilmişdir. Şəxs Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21.6-cı bəndinə əsasən ona verilmiş himayə sənədinin etibarlılıq müddətinə Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmışdır. İddiaçının olduğu yer üzrə qeydiyyata alınması barədə bildiriş və himayə sənədi məhkəməyə təqdim edilmişdir. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması barədə 80880276 nömrəli bildirişə əsasən İddiaçı ***-*******2 nömrəli sənəd əsasında 19.05.2021-ci il tarixli müraciəti ilə ünvan 1 ünvanına qeydiyyata alınmışdır. Qeydiyyatın son tarixi 01.06.2022-ci il, qəbul edən tərəf BMT QAK-dır. İşdə olan Ağsu rayon Dövlət Arxivinin 18.06.2021-ci il tarixli 27 nömrəli məktubuna əlavə edilmiş “Stalin” adına kolxozun üzvlük sənədinin təsdiq edilmiş surətindən görünür ki, X7 X4 nəvəsidir və onun təsərrüfatının üzvüdür (adı 11-ci sıradaqeyd olunmuşdur). İşdə olan Cavabdeh 30.06.2021-ci il tarixli 418 nömrəli məktubunda qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” X1 sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin Cavabdehndə Nağdəliyeva (Pirverdyan) Ayida Arsenovnanın 04.01.1954-cü il tarixdə Ağsu rayonu Gürcüvan kənd icra nümayəndəliyində qeydə alınmış doğum akt qeydi aşkarlanmışdır. Məktuba əlavə edilmiş 22.06.2021-ci il tarixdə 134 nömrə ilə tərtib edilmiş X5 doğum akt qeydindən çıxarışdan görünür ki, X7 02.01.1954-cü ildə Ağsu rayonunun Gürcüvan kəndində anadan olmuşdur. Bu barədə 04.01.1954-cü il tarixdə Ağsu rayonu Gürcüvan kənd icra nümayəndəliyində 03 nömrəli doğum akt qeydi tərtib edilmişdir. X8 Andreviç, anası X3. Həmçinin, məhkəmə tərəfindən iddiaçı barədə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə daxil edilmiş məlumatların əldə olunması üçün müvafiq sorğu verilmiş, sorğuya cavab olaraq iddiaçının Əhalinin Dövlət Reyestrinin X1 Sistemində mövcud olan məlumatları qismində 17.02.2022-ci il tarixli 2-18/46 nömrəli məktubla qızı X6 barədə məlumatlar məhkəməyə təqdim olunmuşdur. Beləliklə, məhkəmə işin göstərilən faktiki hallarına hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. İddiaçı cavabdehə müraciət edərək, “Doğum haqqında” təkrar şəhadətnamənin verilməsini xahiş etmişdir. Tələbin hüquqi əsasını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları” təşkil edir. Həmin Qaydaların: 9.1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir; - 9.7-ci bəndinə əsasən, ... 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Qaydalarda nəzərdə tutulmuş müddəalara istinadən iddiaçı tərəfindən şəxsiyyətini təsdiq edən sənəd təqdim edilmədiyi əsası ilə cavabdeh təkrar şəhadətnamənin verilməsindən imtina etmişdir. Bu imtinanı mübahisələndirərkən, iddiaçı bildirmişdir ki, o, 24.03.1978-ci il tarixdə Ağsu rayon İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsi tərəfindən Vİ-ЖГ seriyalı, 589159 nömrəli SSR nümunəli pasportla təmin edilib. 2014-cü ildə vaxtı keçmiş, 2005-ci ildə qüvvəsini itirmiş həmin psportu itirmişdir. Onda həmin pasportun yalnız surəti qalıb (kserosurət məhkəməyə təqdim edilib). Doğum haqqında şəhadətnaməsi isə itib. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin alınması üçün müvafiq qanunvericiliyin tələblərinə görə “Doğum haqqında” şəhadətnaməni təqdim etməlidir. Lakin sonuncunun olmaması onu şəxsiyyətini təsdiq edən sənəd almaq imkanından məhrum edir. Onun doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Beləliklə, iddiaçının şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı kolliziya yaranmış və bu səbəbdən iddiaçı onun şəxsiyyətinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfındən verilmiş “Himayə sənədi” əsasında müəyyən edilməsini xahiş etmişdir. İddia tələbindən göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə “Doğum haqqında” qeydin olması və ya onun bərpa edilməsi ilə bağlı deyil, bilavasitə iddiaçının təqdim etdiyi sənəd əsasında yuxarıda istinad edilmiş Qaydalara əsasən təkrar “Doğum haqqında” şəhadətnamənin verilməsi ilə bağlı olmuşdur. Beləliklə, məhkəmənin qiymətləndirməsi bilavasitə Qaydalarda nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənəd” anlayışına iddiaçının istinad etdiyi sənədin aid olubolmaması ilə aparılmalıdır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Bununla yanaşı, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlanmaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir. Hər iki müddəaların mənasından aydın olur ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir. Sonuncu halda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması qaydalarını tənzimləməklə, onun 21.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. Bu müddəadan göründüyü kimi, müvafiq inzibati orqan BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərlə bağlı məlumatı əsasında həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınmasını həyata keçirir. İş materiallarında olan yuxarıda sadalanan sənədlərdən müəyyən olmuşdur ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçı bilavasitə “Himayə sənədi” əsasında həmin inzibati orqan tərəfindən qeydiyyata alınmışdır. Beləliklə, aparılmış təhlilin nəticəsi olaraq məhkəmə qeyd edir ki, istinad edilmiş Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər, rəsmi sənədi ehtiva edir. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təqdim etdiyi sənəd qanunvericiliyin aparılmış təhlilinə uyğun olaraq yoxlanılmalı və həmin sənəd iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edildiyi halda, iddiaçıya “Doğum haqqında” təkrar şəhadətnamənin verilməsi tələbi üzrə nəticə verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir. Bu mənada, hazırkı mübahisə üzrə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçının barəsində verilmiş 786-12C07209 saylı (UNHCR X9.) himayə sənədi (UNHCR İndividual İD: ***-*******2) onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilə bilər. Xüsusən nəzərə alınmalıdır ki, həmin sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi tanınmış və onun əsasında iddiaçı olduğu yer üzrə qeydiyyata alınmışdır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının barəsində əvvəllər aparılmış doğum akt qeydi mövcud olduğundan iddiaçının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabındakı qeydə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə almaq hüququ vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 23.04.2019-cu il tarixli 2-1(102)-1006/2019 nömrəli qərarında da yuxarıda qeyd edilən hüquqi mövqedən çıxış edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM 58.7 və 68.2). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən İddiaçı verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınmasını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında Nağdəliyeva (Pirverdyan) Aida Arsenovnaya doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-112/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-112/2022
14.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver