Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-112/2024 05.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “320 ha torpaq sahəsinin 25 il müddətinə cavabdehə icarəyə verilməsi barədə İddiaçı başçısının xx.xx.2010-cu il tarixli, 96 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli torpaq icarəsi haqqında müqavilənin və sərəncamın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi, məhkəmə iclasında, tələbini dəqiqləşdirərək “320 ha torpaq sahəsinin 25 il müddətinə cavabdehə icarəyə verilməsi barədə İddiaçı başçısının xx.xx.2010-cu il tarixli 96 saylı sərəncamının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 96 saylı sərəncamı ilə cavabdehə rayonun inzibati ərazisinə daxil olan, X1ş otlaq ərazisinin Bala Gümüşlü adlı 5 nömrəli hissəsindən heyvandarlığın inkişafı üçün 25 il müddətinə, 320 hektar torpaq sahəsi icarəyə verilmişdir. Cavabdeh torpaq sahəsi heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə verilməsinə baxmayaraq, o, 320 hektar torpaq sahəsinin 10 hektarında yonca əkini aparmaqla əkinçilik məqsədi ilə istifadə edir. Qış otlaq sahəsində yonca əkməklə torpağın təyinatı üzrə istifadə qaydalarını pozmuşdur. O, dəfələrlə rəsmi və yerində akt tərtib edilməklə xəbərdarlıq edilməsinə baxmayaraq, öz bildiyi kimi torpaqdan istifadə etməkdədir. Cavabdeh torpaq sahəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, ona verilmiş 320 hektar otlaq sahəsinin 10 hektarında yonca əkilmişdir və yerindəcə akt tərtib edilmişdir. Təkrar ona xx.xx.2022-ci il tarixli xəbərnaməli xəbərdarlıq məktubu göndərilmişdir. Bütün görülən tədbirlərə baxmayaraq, Cavabdeh torpaqdan təyinatı üzrə istifadə etməyir. Cavabdeh iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddia ərizəsinin verilməsi üçün müddət buraxılmışdır. Belə ki, icarə müqaviləsinə əsasən istifadə etdiyi torpaq sahəsinin 10 hektarda 7 il əvvəl, yəni 2016-ci ildə yonca əkmiş və həmin yonca sahəsi də artıq təbii örüş sahəsinə çevrilmişdir (yonca bitkisi 3maksimum 4 illik bitkidir). Bundan başqa Aran zonası quraqlıq olduğundan o həmin yonca bitkisini biçib məhsul götürmək üçün yox, heyvanları otarmaq üçün istifadə etmişdir. 4 hektar xəsil isə əkilib və otarılmışdır. Həmin vaxtdan torpaq sahəsində yem bitkiləri, taxıl və s. kənd təsərrüfatı bitkiləri əkməmişdir. Əkilmiş yonca sahəsindən isə örüş kimi istifadə olunur. İddiaçı 7 il əvvəl əkdiyi yonca ilə əlaqədar ona qanunla müəyyən edilmiş pozuntunun aradan qaldırılması barədə vaxt verməklə rəsmi xəbərdarlıq etməmişdir. Özünün də, etiraf etdiyi kimi xəbərdarlıq ona 6 il sonra, yəni keçən ilin dekabr ayında edilmişdir. Qeyd olunanlara əsasən iddianın mümkünsüz sayılması xahiş edilmişdir. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İddiaçı Başçısının xx.xx.2010-cu il tarixli 96 nömrəli Sərəncamından görünür ki, Qəbələ rayonunun Qəmərvan kənd sakini Cavabdeh X3 daxil olan qışlaq “Bala Gümüşlü” adlı 5 nömrəli hissəsindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon Şöbəsinin tərtib etdiyi torpaqayırma və yerquruluşu sənədləri əsasında heyvandarlığın inkişafı üçün ona 15 il müddətinə 320 ha torpaq sahəsi ayrılmışdır. - xx.xx.2010-cu il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, iddiaçı ilə cavabdeh arasında Qəbələ rayonu Qəmərvan kəndində yerləşən, 320 ha torpaq sahəsinə dair heyvandarlığın inkişafı üçün xx.xx.2010-cu il tarixli, 96 nömrəli sərəncama əsasən uzunmüddətli icarə müqaviləsi bağlanmışdır. - iddiaçının cavabdehə ünvanladığı xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli məktublarında torpaqlardan təyinatı üzrə istifadə vəziyyətinin araşdırılması istiqamətində keçirilən monitorinqlər nəticəsində cavabdehin sözügedən örüş sahəsinin 24 (14) hektarında əkinçilik işləri ilə məşğul olmasının müəyyən edilməsi əks olunmuşdur. Cavabdehdən torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - İddiaçı əməkdaşları və cavabdehin iştirakı ilə DTF-nun Gümüşlü adlanan ərazisində tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, aparılan monitorinq zamanı rayonun inzibati ərazisinə aid DTF-dan icarəsinə və istifadəsinə torpaq sahəsi ayılmış icarədar Cavabdeh istifadəsində olan 320 ha torpaq sahəsinin 10 ha hissəsindən yonca sahəsi, 4 ha hissəsindən xəsil üçün istifadə edilməsi müəyyən olunmuşdur. - Cavabdeh tərəfindən Zərdab rayonu İcra Hakimiyyətinin başçısına ünvanlanmış izahatdan görünür ki, ona Zərdab Rayon icra başçısının 2010-cu il tarixli sərəncamı ilə heyvandarlığı inkişaf etdirməkdən ötrü verilmiş 320 ha torpaq sahəsinin 10 ha yonca altında, 4 ha isə xəsil olması, başqa əkin sahəsinin olmaması qeyd edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, Zərdab Rayon İBHnin xx.xx.2010-cu il tarixli 96 nömrəli sərəncamı ilə icarəyə verilmiş, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə verilmiş 320 ha torpaq sahəsinin 316.57 ha hissəsi elektron baza məlumatlarına əsasən kənd təsərüfatı təyinatlı torpaqlar kateqoriyalı olmaqla örüş uqodiyalı olmaqla dövlət mülkiyyətinə aiddir. 320 ha torpaq sahəsinin 3.43 ha hissəsi isə elektron baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, Zərdab rayonu Birinci Alıcanlı bələdiyyəsinin mülkiyyətinə aid olmaqla şoran torpaqlara aiddir. Zərdab Rayon İBH-nin xx.xx.2010-cu il tarixli 96 nömrəli sərəncamı ilə icarəyə verilmiş, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi Torpaq sahəsinin plan, və ölçüsü" sənədi ilə verilmiş 320 ha torpaq sahəsinin 23.1 ha hissəsi baxış zamanı əkin kimi istifadə olunduğu mütəxəssis tərəfindən müəyyən edilmişdir. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı, torpaq sahəsindən təyinatı üzrə istifadə edilmədiyini əsas gətirərək 320 ha torpaq sahəsinin cavabdehə icarəyə verilməsi barədə İddiaçı başçısının xx.xx.2010-cu il tarixli, 96 saylı sərəncamının ləğv edilməsini tələb edir (sərəncamın məzmununda və bağlanmış müqavilədə torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müddət ziddiyyətli olsa da, mübahisənin predmetinə aidiyyəti olmadığından ziddiyyətin səbəbləri araşdırılmamışdır). Sözügedən sərəncamın məzmunundan görünür ki, 320 ha torpaq sahəsi X1ş otlaq ərazisi olmaqla cavabdehə heyvandarlığın inkişafı məqsədilə icarəyə verilmişdir. Göründüyü kimi mübahisələndirilən sərəncam iddiaçıya münasibətdə qanuni əlverişli inzibati aktdır. “İnzibati icraat haqqında” Qanunun (bundan sonra İİHQ) 68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. İstinad olunan Qanunun 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Hazırkı iş üzrə iddiaçı, heyvandarlığın inkişafı məqsədilə cavabdehin icarəsinə verilmiş torpaq sahəsindən sonuncunun təyinatı üzrə istifadə etməməsinə istinad edir. Odur ki, iddiaçının dəlilinə münasibətdə İİHQ-nun 68.2.2-ci maddəsinin hazırkı işin halları ilə müəyyən edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyi ilə müəyyən edilir ki, 320 ha torpaq sahəsinin 316.57 ha hissəsi kənd təsərüfatı təyinatlı, örüş uqodiyalı, dövlət mülkiyyətinə, 3.43 ha torpaq sahəsi isə kənd təsərrüfatı təyinatlı, Zərdab rayonu Birinci Alıcanlı bələdiyyəsinin mülkiyyətinə aid torpaqlardır. Zərdab rayonu Birinci Alıcanlı bələdiyyəsinin mülkiyyətinə aid torpaqlar cavabdeh tərəfindən əkin məqsədilə istifadə edilməmişdir. Torpaqdan təyinatı üzrə istifadə edilməyən hissə dövlət mülkiyyətinə aid torpaqlar olduğundan, əkin kimi istifadə olunan torpaq sahəsinin ölçüsü 316.57 ha hissəyə münasibətdə hesablanmışdır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli məktublarda torpaqlardan təyinatı üzrə istifadə vəziyyətinin araşdırılması istiqamətində keçirilən monitorinqlərin nəticəsinə uyğun olaraq cavabdehin sözügedən örüş sahəsinin 24 hektarından, xx.xx.2022-ci il tarixli məktubda isə 14 hektarından əkinçilik məqsədi ilə istifadə etdiyi qeyd edilmişdir. İddiaçı əməkdaşları və cavabdehin iştirakı ilə DTF-nun Gümüşlü adlanan ərazisində tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktla müəyyən edilir ki, cavabdehin icarəsində olan 320 ha torpaq sahəsinin 10 ha hissəsində yonca, 4 ha hissəsində xəsil əkilmişdir. Cavabdeh tərəfindən iddiaçıya 2022-ci ilin noyabr ayında verilmiş izahatda da, 320 ha torpaq sahəsinin 10 ha yonca altında, 4 ha isə xəsil olması etiraf edilmişdir. Cavabdeh, istifadə etdiyi torpaq sahəsinin 10 hektarında 7 il əvvəl - 2016-ci ildə yonca əkdiyini, yonca bitkisinin 3-4 illik olduğunu və buna görə də, 7 il əvvəl əkdiyi yonca ilə əlaqədar iddia ərizəsinin verilməsi üçün müddətin buraxılmasını bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin bildirdiyi kimi yonca bitkisinin maksimum 4 illik olduğu nəzərə alınarsa 2016-cı ildə əkilmiş yonca, 2022-ci ildə iddiaçı tərəfindən keçirilmiş baxış zamanı aşkar edilməməli idi. Digər tərəfdən iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli akt tərtib edilərkən torpaq sahəsinin 10 ha hissəsində yonca əkini aşkar edilsə də, məhkəmə tərəfindən əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilir ki, cavabdeh torpaq sahəsinin 13.7 ha hissəsindən yonca, 3.6 ha hissəsindən xəsil əkini üçün istifadə etdiyi ərazidən əlavə olaraq 5.8 ha torpaq sahəsindən də, taxıl əkmişdir. Taxıl əkini üçün istifadə edilən 5.8 ha torpaq sahəsi iddiaçı tərəfindən monitorinq keçirilən zaman (xx.xx.2022-ci il tarixdə) aşkar edilməmiş, eyni zamanda cavabdeh özü də iddiaçıya ünvanladığı izahatında bununla bağlı hər hansı məlumat qeyd etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, xəsil əkilmiş sahə istisna olmaqla aşkar edilmiş digər əkin sahələri cavabdehin bildirdiyi kimi 7 il əvvəl əkilmiş sahələr olmamış, iddiaçının xx.xx.2022-ci il tarixdə keçirdiyi monitorinqdən sonra cavabdeh 5.8 ha torpaq sahəsində taxıl əkərək torpaq sahəsindən təyinatı üzrə istifadəni pozmaqda davam etmişdir. Yəni, faktiki olaraq cavabdeh torpaq sahəsindən təyinatı üzrə istifadə edilməsi ilə bağlı iddiaçının ardıcıl xəbərdarlıqlarına, monitorinqlərinə məhəl qoymayaraq icarəsində olan torpaq sahəsindən təyinatı üzrə istifadəni pozmaqda davam etmişdir. İddiaçı tərəfindən pozuntuların ilkin aşkar edildiyi xx.xx.2022-ci il, həmçinin xx.xx.2022-ci il tarixli monitorinqdən sonra cavabdeh tərəfindən torpaq sahəsinin 5.8 ha hissəsində taxıl əkilməsi nəzərə alındıqda mübahisələndirilən sərəncamın ləğv olunmasını şərtləndirən halların məlum olduğu gündən 1 il müddətində - xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən hazırkı iddia ərizəsi məhkəməyə təqdim edilmişdir. Odur ki, İİHQ-nun 68.4-cü maddəsində nəzərdə tutulmuş 1 illik müddət ötürülməmişdir. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsində, torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi qaydaları isə həmin Məcəllənin 75-ci maddəsində nəzərdə tutulmuşdur. Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndində deyilir ki, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: (abzas 1) torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; (abzas 2) torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; (abzas 3) hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; (abzas 4) torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: (abzas 5) əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; (abzas 6) istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; (abzas 7) torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; (abzas 8) kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; (abzas 9) istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; (abzas 10) dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; (abzas 11) torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; (abzas 12) torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; (abzas 13) torpaq sahəsinin girov qoyulması (ipotekası) zamanı girovla təmin edilmiş öhdəlik icra edilmədikdə. (abzas 14) Həmin Məcəllənin 73-cü maddəsinin 3-cü bəndində deyilir ki, bu maddənin 1ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir). Bundan başqa, həmin Məcəllənin 75-ci maddəsinin 1-ci bəndində deyilir ki, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Həmin Məcəllənin 75-ci maddəsinin 3-cü bəndinə görə, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir. Məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 75-ci maddəsinin 1-ci bəndinə görə, torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə və istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə, torpaq üzərində icarə hüququna yalnız məhkəmə tərəfindən xitam verilə bilər. Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən cavabdeh Zərdab RİH-in belə bir səlahiyyəti yoxdur. Bu zaman torpaq sahələri üzərində icarə hüququna xitam verilməsi haqqında qərar verilməzdən əvvəl, buraxılmış nöqsanların (pozuntuların) aradan qaldırılması üçün vaxt müəyyən edilmiş olmalı və həmin xəbərdarlıqdan sonra tədbir görülməmiş olmalıdır. Müqavilə şərtləri pozulduğuna görə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, pozuntuların aradan qaldırılması tələb edilmişdir. Buna baxmayaraq, iddiaçı xx.xx.2022-ci il tarixli montironiqdən sonra yenidən torpaq sahəsindən istifadə edilə bağlı müqavilə şərtini və sərəncamın tələblərini pozaraq yuxarıda qeyd edildiyi kimi taxıl əkinini həyata keçirmişdir. Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə əsasən yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər. Hazırda iddiaçı tərəfindən qanunvericiliklə birbaşa qadağan edilməsinə baxmayaraq, qış otlağının ərazisinin (316,57 ha) 6,2 faiz hissəsindən (19,5 ha) əkin məqsədilə istifadə edilir (xəsil nəzərə alınmadan). 5,8 ha taxıl əkinin xx.xx.2022-ci il tarixdən sonraya aid olması isə işin mübahisəsiz halıdır. Odur ki, şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdehin, icarəsinə verilmiş torpaq sahəsindən lazımi qaydada, təyinatına uyğun istifadə etməməsi məhkəmə araşdırması zamanı sübuta yetirildiyindən İddiaçı başçısının xx.xx.2010-cu il tarixli, 96 saylı sərəncamının ləğv edilməsi üçün İİHQ-nun 68.2.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmuşdur. “İnzibati icraat haqqında” Qanun: 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilir. İddiaçı xx.xx.2010-cu il tarixli, 96 saylı sərəncamı ləğv edilir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-112/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-112/2024
05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver