Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-112/2025 03.06.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, üçüncü şəxs X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Qax bələdiyəsinin xx.xx.2006-ci il tarixli 13 saylı və xx.xx.2007-ci il tarixli, 09 saylı qərarları ilə İddiaçı ayrılmış 13 kv.m və 4 kv.m torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “ Qax bələdiyəsinin xx.xx.2006-ci il tarixli 13 saylı və xx.xx.2007-ci il tarixli, 09 saylı qərarları ilə İddiaçı ayrılmış 13 kv.m və 4 kv.m torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.Ərizə həmin tarixli iclas protokolunun qərardadı ilə təmin edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-3022/2023 nömrəli qərardadı ilə Qax Bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir. Məhkəmənin 15 aprel 2025-ci il tarixli, 2-1(116)-112/2025 nömrəli qərardadı ilə X4 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçıya Qax bələdiyəsinin xx.xx.2006-cı il tarixli 13 saylı iclas protokolunun qərarı ilə 13 kv.m və xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı ilə 4 kv.m torpaq sahəsi satılmışdır. İddiaçı müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdehin iddia tələbinə etirazını "Torpaqların alqı-satqısına dair akt” ın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsində qeydiyyatdan keçməməsi ilə əsaslandırılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh orqanın nümayəndəsi, izahat verərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs qanunamüvafiq qərarın çıxarılmasını xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. cavabdehin xx.xx.2023-ci il tarixli imtina məktubu,
2. Torpaqların alqı-satqısına dair akt;
3. DT və XK Qax rayon bölməsinin rəyi;
4. Qax Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 13 saylı, xx.xx.2007-ci il tarixli, 09 saylı iclas protokollarından arxiv çıxarışları;
5. cavabdehin xx.xx.2023-ci il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyi. 6.Torpaq sahəsinin dəyərinin ödənilməsi ilə bağlı xx.xx.2006-cı il tarixli qəbz;
7. Qax Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubu.
Əsaslandırma hissəsi:
İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən iddiaçıya ayrılan torpaq sahəsi ilə bağlı araşdırma hüquqmüəyənedici sənədin mötəbərliyi və iddia olunan torpaq sahəsinin ayrıldığı zaman mülkiyyət növünün müəyyən edilməsi istiqamətində aparılmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya Qax bələdiyəsinin xx.xx.2006-cı il tarixli 13 saylı iclas protokolunun qərarı ilə 13 kv.m və xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı ilə 4 kv.m torpaq sahəsi satılmışdır. Cavabdehin iddiaya qarşı dəlili ondan ibarətdir ki, "Torpaqların alqı-satqısına dair akt” ın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsində qeydiyyatdan keçməmişdir. Təqdim edilmiş mütəxəssis rəyindən görünür ki,İddiaçı Qax Bələdiyyəsinin xx.xx.2006 cı il tarixli 13 nömrəli və xx.xx.2007 cı ıl tarixli 09 nömrəli qərarları ilə satılmış 13 kv.m və 4 kv.m torpaq sahələrinin xüsusiyyətləri (naturada sahəsi 13kv.m,təyinatı (Yaşayış təyinatlı təyinatlı torpaqlar,uqodiyası- Təhsil, Səhiyyə, Mədəniyyət, Nəqliyyat, Rabitə və Digər Sosial və İctimai Tikinti Altında Olan Torpaqlar,mülkiyyətçısi-Dövlət,faktiki istifadəçisi-İddiaçıdur. Faktiki istifadə olunan torpaq sahəsi iddiaçıya ayrılmış 13 kv.m sahələri ilə üst- üstə düşür.13 kv.m və 4 kv.m torpaq sahələri və ya faktiki istifadə olunan torpaq sahələri Qax RKC-nin xx.xx.2001-ci il tarixli 04 nömrəli və xx.xx.2004 cü il tarixli 12 nömrəli torpaq ayırma sənədlərinə əsasən X3 ayrılmış Dövlət torpağı ilə üst-üstə düşür. İddia olunan torpaq sahələri ayrıldığı vaxtda da,hazırda da dövlət mülkiyyətindədir.Həmin torpaq sahələri ilə bitişik torpaq sahəsi X3 ayrılmışdır.İş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki,mübahisəli ərazi ümumiyyətlə bələdiyyə mülkiyyətində olmamışdır.Mübahisəli torpaq sahəsində yerləşən qeyri-yaşayış binası Qax Rayon Kooperativ Cəmiyyətinin həyətində yerləşir.Aydın məsələdir ki,həmin müəssisənin yerləşdiyi torpaq sahəsi,eləcə də tikililər dövlət mülkiyyətinə aiddir. X3 torpaq sahəsi Qax RKC-nin xx.xx.2001-ci il tarixli 04 nömrəli və xx.xx.2004 cü il tarixli 12 nömrəli iclas protokolunun qərarına əsasən ayrılmışdır.Həmin iclas protokoluna əsasən də müəyyən edilir ki, ayrılan torpaq sahəsi Qax Rayon Kooperativ Cəmiyyətinin anbar ərazisinin həyətində yerləşir Yuxarıda qeyd olunanlara əsasən Qax şəhərində yerləşən Qax Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 13 nömrəli və xx.xx.2007-ci ıl tarixli 09 nömrəli qərarları ilə dövlət mülkiyyətində olan torpaq sahəsinin ayrılmasına dair bələdiyyə səlahiyyətli olmadığından iddia rədd edilməlidir. Bu, aşkar qanunsuz olduğundan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi anlamında qanunla müəyyən edilmiş qaydada bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi barədə inzibati akt kimi qiymətləndirilə və iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas hesab oluna bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin qərara etimad hüququnun mövcudluğuna münasibətdə isə məhkəmə qeyd edir ki, etimad hüququ qanuni əsaslarla qəbul edilmiş inzibati aktlara münasibətdə tətbiq edilən anlayışdır. Yuxarıda da qeyd edildiyi kimi iddiaçı tərəfindən təqdim edilən inzibati akt qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən etimad hüququ ilə bağlı müddəalar tətbiq edilə bilməz. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahələri üzərində iddiaçının mülkiyyəti hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Qax bələdiyəsinin xx.xx.2006-ci il tarixli 13 saylı və xx.xx.2007-ci il tarixli, 09 saylı qərarları ilə İddiaçı ayrılmış 13 kv.m və 4 kv.m torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.