Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1122/2022 05.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “1973-cü ildən 1974-cü ilə kimi və 1980-ci ildən 1997ci il də daxil olmaqla keçmiş “Miçurin” (“Xalqlar dostluğu”) adına kolxozda traktorist, bağban vəzifələrində işlədiyi dövrün pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 1973-cü ildən 1974-cü ilə kimi və 1980-ci ildən 1997-ci il də daxil olmaqla keçmiş “Miçurin” (“Xalqlar dostluğu”) adına kolxozda traktorist, bağban vəzifələrində işlədiyi dövrün pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx xxxx 1954-cü il tarixində Qutqaşen (indiki Qəbələ) rayonu, Həzrə kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Göyçay texniki peşə məktəbinə daxil olmuş, xx.xx.1971-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək traktorist-maşinist və xx.xx.1972-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək elektromantyor peşələri üzrə təhsil almışdır. Texniki peşə məktəbini bitirdikdən sonra 1973-1974cü illərdə hərbi xidmətə gedənə qədər Qutqaşen (indiki Qəbələ) rayonundakı “Miçurin” (“Xalqlar Dostluğu") adına kolxozda traktorist vəzifəsində işləmiş və 16 noyabr 1974-cü il tarixindən 09 dekabr 1976-cı il tarixinədək sovet ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1977-ci il tarixindən xx.xx.1080-ci il tarixinədək X6 Texnikumunda aqronom ixtisası üzrə əyani təhsil almışdır. Eyni zamanda Texnikumda oxuduğu zaman xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixədək X5 gecə növbəsində gözətçi vəzifəsində işləmişdir. 1980-ci il tarixdə yenidən Qutqaşen (indiki Qəbələ) rayonundakı “Miçurin” (“Xalqlar Dostluğu") adına kolxozda bağban vəzifəsinə qəbul olunmuş və xx.xx.1983-cü il tarixinədə vəzifədən azad edilmişdir. İddiaçı xx.xx.1983cü il tarixində Mingəçevir “Azərelektroizolit" 2 saylı X1 İstehsalı sahəsinə 2-ci dərəcəli hopdurucu vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1983-cü il tarixində işdən azad olunmuş və xx.xx.1983-cü il tarixində X3 yükdaşıyan şagirdi işinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixində işdən azad olunmuşdur. 1984-cü il tarixindən 1997-ci ilin axırına kimi fasiləsiz olaraq Qutqaşen (indiki Qəbələ) rayonu, Həzrə kəndindəki “Muçirin” kolxozundan ayrılan “Xalqlar Dostluğu” adına kolxozda traktorist vəzifəsində işləmiş və əmək haqqı almışdır. Amma keçmiş “Xalqlar Dostluğu" adına kolxozda işlədiyi dövrlərə görə həmin kolxozun məsul vəzifəli şəxsi tərəfindən adına əmək kitabçası açılmamış və müvafiq qeydiyyat aparılmamışdır. xx.xx.1998-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək “Həzrə Baba" kəndli fermer təsərrüfatında əkin və xırman qarovulçusu vəzifəsində işləmişdir. İddiaçının qeyd etdikləri müraciəti əsasında Qəbələ rayon Dövlət Arxivindən xx.xx.2021-ci il tarixli 142 nömrəli arxiv arayışında “Muçirin” (“Xalqlar Dostluğu”) adına kolxozda 1973-cü ildən 1974cü ilə kimi və 1980-ci il ildən 1997-ci ildə daxil olmaqla iş günləri öz əksini tapmışdır. Həmçinin, kolxozda işləməsi faktını keçmiş “Muçirin” (“Xalqlar Dostluğu") adına kolxozda onunla bir yerdə işləmiş iş yoldaşları da şahid kimi təsdiq edə bilərlər. İddiaçı qeyd edir ki, ona xx.xx.2020-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçı cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli **********5 nömrəli imtina məktubunda qeyd etmişdir ki, təqdim edilən sənədlərin surətlərinə əsasən iddiaçının əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək 2 il hərbi xidmətdə olduğu dövr, həmçinin xx.xx.1977-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək 2 il 5 ay 26 gün əyani təhsil dövrü, eyni zamanda əmək kitabçasında qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı 21 il 6 ay təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Məlumat üçün bildirilir ki, Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 142 saylı arxiv arayışında qeyd edilən “Xalqlar Dostluğu” adına kolxozda əmək fəaliyyəti dövrü əmək kitabçasında qeyd edilmədiyindən və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqlənmədiyindən sığorta stajına daxil edilməmişdir. Həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək sığorta stajına (21 il 6 ay) uyğun olaraq 15.081,82 manat (2018-ci il üzrə) olmaqla qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********0 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində cavabdehin imtinasının əsassız hesab olunması və işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Qəbələ rayon Dövlət Arxivinin 142 nömrəli xx.xx.2021 -ci il tarixli arayışına əsasən 1973-1974 və 1980-1997-ci illərdə “Xalqlar Dostluğu adına kolxoz”da işlədiyini iddia edir. İddiaçının işlədiyini iddia etdiyi dövrlər üzrə əmək fəaliyyətini təsdiq edən əmək kitabçası olmadığından iddia olunan illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Aşağıda qeyd olunanlara əsasən hesab cavabdeh hesab edir ki, tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 il yaşına çatmış kişilərin və 60 il yaşına çatmış qadınların (1 iyul 2019 - 30 iyun 2020-ci illər üçün) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçının yaşa görə pensiya hüququ qanunla nəzərdə tutulan şərtlər ödənildiyi təqdirdə 63 yaş 6 ayla xx.xx.2018-ci il tarixdə yaranır. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun - 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 1.1-ci hissəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə“ Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və bu maddədə göstərilən sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Maddələrin məzmunundan görünür ki, sosial sığorta stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Beləliklə, İddiaçı 1973-1974 və 1980-1997-ci illərdə “Xalqlar Dostluğu adına kolxoz”da işləməsinə dair arxiv arayışı mövcud olsa da, həmin illər onun əmək kitabçasında öz əksini tapmadığından əmək stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. İş materiallarına əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək 2 il hərbi xidmət dövrü, 01,09.1977-cı il tarixdən xx.xx.1980-cı il tarixədək 2 il 5 ay 26 gün əyani təhsil dövrü, eyni zamanda əmək kitabçasında qeyd edilən sosial sığorta stajı ümumilikdə 21 il 6 ay təşkil edir. İddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün digər şərt isə tələb olunan pensiya kapitalının tamamlanmasıdır. 21 il 6 aya münasibətdə İddiaçı 15081,82 manat pensiya kapitalı mövcuddur. Odur ki , İddiaçı tələb olunan 25 il sığorta stajının və ya pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması səbəbindən onun yaşa görə pensiya almaq hüququ yaranmır. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında ərizə təqdim etmiş və “1973-cü ildən 1974-cü ilə kimi və 1980-ci ildən 1997-ci il də daxil olmaqla keçmiş “Miçurin” (“Xalqlar dostluğu”) adına kolxozda traktorist, bağban vəzifələrində işlədiyi dövrün pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: İddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq olunmuş surətinə əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. İddiaçının yaşa görə pensiya hüququ qanunla nəzərdə tutulan şərtlər ödənildiyi təqdirdə 63 yaş 6 ayla xx.xx.2018-ci il tarixdə yaranır. 91300 nömrəli attestatın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1971-ci ildən xx.xx.1972-ci ilədək traktorist-maşinist ixtisası üzrə təhsil almışdır. 525 nömrəli attestatın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək elektro-mantyor ixtisası üzrə təhsil almışdır. (iki təhsil müddəti üst-üstə düşdüyündən cəmi 1 il 3 ay 13 gün iş stajı hesablanır) 3052148 nömrəli hərbi biletin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək hərbi xidmət keçmişdir. (2 il 23 gün) 028010 nömrəli diplomun notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək X6 Texnikomunda təhsil almışdır. (2 il 5 ay 25 gün) Ləğv prosesində olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 01/24 nömrəli arayışdan görünür ki, xx.xx.1983-cü il tarixdən 75 nömrəli əmrlə 2 saylı X1 İstehsalı sahəsinə 2-ci dərəcəli hopdurucu vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1983-cü il tarixli 117 nömrəli əmrlə xx.xx.1983-cü il tarixdən işdən azad edilmişdir. Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 424-Asan nömrəli məktubunda qeyd olunur ki, iddiaçı xx.xx.1983-cü il tarixli 467/k nömrəli əmrlə xx.xx.1983-cü il tarixdən X3 yükdaşıyan şagirdi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1984-cü tarixli 55/k nömrəli əmrə əsasən xx.xx.1984-cü il tarixdən işdən azad edilmişdir. Qəbələ regional mühafizə şöbəsinin xx.xx.2021-ci il tarixli 11 nömrəli arayışında qeyd olunur ki, iddiaçı xx.xx.1979-cu ildən 41 nömrəli əmrlə xx.xx.1980-ci ilədək 25 nömrəli əmrə əsasən Ağdaş rayon Mühafizə Bölməsində saat 2000-dan 0800-dək gözətçi vəzifəsində işləmişdir. Sənəddə iddiaçının əmək haqqı almasına dair cədvəl tərtib olunmuşdur. İddiaçı 10 ay əmək haqqı almışdır. İddiaçının 1980-ci ildə kolxozdakı fəaliyyəti onun əmək fəaliyyətinə tam il olaraq hesablandığına görə həmin dövrdən 1979cu il üzrə 8 ay onun əmək stajına nəzərə alınmalıdır. Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 142 nömrəli arxiv arayışdan görünür ki, iddiaçı “Xalqlar dostluğu” kolxozunda (Arxivin xx.xx.2022-ci il tarixli 57 nömrəli məktubuna əlavə edilmiş sənədlərlə müqayisə edildikdən sonra): 1973-cü ildə 95+110 adam günü; 1974-cü ildə 102 adam günü (cəmi 5 ay 27 gün); 1980-ci ildə 277 adam günü (tam il); 1981-ci ildə 364 adam günü (tam il); 1982-ci ildə 364 adam günü (tam il); 1983-cü ildə 90 adam günü (cəmi 5 ay 6 gün); 1984-cü ildə 127 adam günü; 1985-ci ildə 230 adam günü (tam il); 1986-cı ildə 160 adam günü;1987-ci ildə 140 adam günü; 1988-ci ildə 190 adam günü;1989-cu ildə 170 adam günü; 1990-cı ildə 84 adam günü;1991-ci ildə 187 adam günü; 1992-ci ildə 347 adam günü (tam il); 1994-cü ildə 289 adam günü (tam il); 1995-ci ildə 303 adam günü (tam il); 1996-cı ildə 131 adam günü; 1997-ci ildə 208 adam günü işləmişdir. Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 107 nömrəli arxiv arayışına əsasən müəyyən edilmişdir ki, iddiaçı 1993-cü il üzrə 320 adam günü miqdarında iş günləri qazanmışdır. Qeyd olunan arayış və Arxivin xx.xx.2022-ci il tarixli 57 nömrəli məktubuna əlavə edilmiş cədvəlin qarşılıqlı təhlilinə əsasən müəyyən olunmuşdur ki, 1993-cü il üzrə “Xalqlar Dostluğu” adına kolxozda 1993-cü il üzrə minimum adam günü norması 210 gün olmuş, iddiaçıya əmək haqqı ödənilmişdir. Belə olan halda iddiaçı həmin il üzrə də tam iş stajı qazanmışdır. Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 57 nömrəli məktubuna əlavə olunmuş cədvələ əsasən, iddiaçı 1973-1974-cü illərdə, 1980-1997-ci illərdə “Xalqlar Dostluğu” adına kolxozda iş tajı və ona əmək haqqı ödənilməsi öz təsdiqini tapmışdır. 0017263 nömrəli Kolxozçunun əmək kitabçasının surətindən görünür ki iddiaçı: əmək fəaliyyətinə xx.xx.1980-ci ildən başlamaqla xx.xx.1983-cü ilədək “Miçurin” adına kolxozda bağban (3 il 1 ay 23 gün); xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilədək Mingəçevir “Azərelektroizolit" 2 saylı X1 İstehsalı sahəsinə 2-ci dərəcəli hopdurucu (2 ay 26 gün); xx.xx.1983-cü ildən xx.xx.1994-cü ilədək X2 (göstərilən dövrə aid əmək kitabçasında olan qeydlərdə qaralama vardır); xx.xx.1998-ci ildən xx.xx.2001-ci ildən “Həzrə Baba” kəndli-fermer təsərrüfatında işləmişdir (3 il 2 ay 5 gün). Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 17/1 nömrəli məktubundan görünür ki, “Həzrə Baba” kəndli fermer təsərrüfatının 1998-2001-ci illərə aid şəxsi hesab kitabları arxivə təhvil verilməmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixli 74 saylı arxiv arayışı əmək stajı və qazancının uçotu kitablarına əsasən, xx.xx.2022-ci il tarixli 107 saylı arxiv arayışı isə əməyin uçotu üzrə hesablaşma kitablarına əsasən təsdqini tapmışdır. 1993-cü il üzrə 320 adam günü göstəricisinin qeyd olunduğu təsdiqlənmişdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının kolxozda iş stajı cəmi 16 il 6 ay 27 gün təşkil edir. Beləliklə iddiaçının təhsil və hərbi xidmət müddətləri (1 il 3 ay 13 gün + 2 il 23 gün + 2 il 5 ay 25 gün) + 1979-cu il üzrə mühafizəçi işlədiyi dövr (8 ay) + kolxozda iş stajı (16 il 6 ay 27 gün) + Mingəçevir “Azərelektroizolit" 2 saylı X1 İstehsalı sahəsinə 2-ci dərəcəli hopdurucu işlədiyi müddət (2 ay 26 gün) + “Həzrə Baba” kəndli-fermer təsərrüfatında ( 3 il 2 ay 5 gün) işlədiyi dövr cəmlənməklə iddiaçının X2 işlədiyi dövr nəzərə alınmadan 25 il 11 ay 29 gün ümumi iş stajına malik olduğu müəyyən edilir. Məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarını aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı təhlil edərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, 1 iyul 2020-ci il tarixdən etibarən kişilərə münasibətdə yaşa görə əmək pensiyası hüququ verən yaş həddi 65 yaş olmuşdur. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması. xx.xx.1954-ci il təvəllüdlü iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi üçün qeyd olunmalıdır ki, xx.xx.2018-ci il tarixdə 63 yaş 6 ayı tamam olmuş iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir. Cavabdeh tərəfindən mübahisələndirilən müddətlərin iş stajına daxil ediləcəyi təqdirdə isə ikinci şərt, yəni qanunla müəyyən edilmiş 25 illik sığorta stajı tamamlanacaqdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, yuxarıda göstərilənlərə, Kolxozçunun əmək kitabçasına və arxiv arayışlarına əsasən iddiaçının ümumi 25 il 11 ay 29 gün təşkil edir. Odur ki, iddiaçının digər stajlarının araşdırılması zərurəti artıq aradan qalxır. Cavabdehin arxiv arayışları ilə öz təsdiqini tapan iddiaçının kolxoz stajına münasibətdə məlumatların mötəbərliyinin şübhə altına alınmasından ibarət yanaşması əsassızdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1737/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarının 37-ci bəndində eyni mövqedən çıxış edilərək qeyd olunmuşdur ki, “Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə cavabdehin arxiv arayışlarındakı məlumatları qəbul etməməsi “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinin məqsədinə uyğun deyil. Belə ki, normanın məzmunundan göründüyü kimi, qanunverici 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nəinki bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliyinə üstünlük vermişdir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020ci il tarixli, 2-1(102)-2197/2020 nömrəli qərarı)”. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1973-cü ildən 1974-cü ilə kimi və 1980-ci ildən 1997-ci il də daxil olmaqla keçmiş “Miçurin” (“Xalqlar dostluğu”) adına kolxozda traktorist, bağban vəzifələrində işlədiyi dövrün pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-1122/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1122/2022
05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver