Məhkəmə qərarları › İş №2-1(116)-1123/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1123/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1123/2022 29.06.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "X12, X9, X5, X13, X4, X14, X10 Mingəçevir şəhəri D.Əliyeva küçəsi ev 20 mənzil 13-dən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Mingəçevir şəhəri D.Əliyeva küçəsində yerləşən 20 nömrəli evin 13 nömrəli mənzilinin 1/2 hissəsinə X12, 1/2 hissəsinə isə İddiaçı paylı mülkiyyət hüququ xx.xx.2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X23 həmin mənzildə olan öz payını xx.xx.2007-ci il tarixli müqavilə ilə İddiaçı bağışlamışdır. Həmin mənzilə İddiaçı tam mülkiyyət hüququ xx.xx.2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona bu barədə MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Bundan sonra həmin mənzilə İddiaçı tam mülkiyyət hüququ xx.xx.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı sözügedən mənzildən üçüncü şəxslər X12, X9, X5, X13, X4, X14, X10 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, sözügedən mənzil hazırda onun mülkiyyətindədir və üçüncü şəxslərin həmin ünvanda qeydiyyatda qalmaları üçün əsas yoxdur. İddiaçının nümayəndəsi məhkəməyə göndərdiyi digər ərizədə bildirmişdir ki, X11 iddiaçının bacısı, X23, X21, X2 Ziyafət Abbasəli qızının övladları, X24, X25, X22 isə nəvələridir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X23, X21, X11, X25, X6, X24, X22 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər. Cavabdeh iddiaya yazılı münasibət (etiraz) bildirməmişdir. Üçüncü şəxs X11 iddiaya qarşı etirazında bildirmişdir ki, o və övladları Mingəçevir şəhəri D.Əliyeva küçəsində yerləşən 20 nömrəli evin 13 nömrəli mənzilində qeydiyyatda olmaqla yaşayırlar. X34 də həmin mənzildə yaşayır və mənzilin bütün kommunal xərclərini onlar ödəyirlər. Tərəflərə və üçüncü şəxslərə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxslər gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Üçüncü şəxs X11 məhkəməyə ərizə göndərərək mübahisə olunan evə məcburi miras payının olduğunu, həmçinin çıxarışla əlaqədar digər sübutlarının olduğunu, ancaq vəkili X26 xx.xx.2022-ci ildə saat 12.30-da Ali Məhkəmədə təyin olunmuş məhkəmə iclasında iştirak etdiyindən məhkəmədə iştirak edə bilmədiklərini, yeni sübutlar təqdim edəcəklərini bildirmiş və onlara vaxt verilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, əvvəla, vəkil X26 məhkəməyə order, yaxud etibarnamə təqdim etmədiyinə görə o, hazırkı məhkəmə icraatında iştirak etmir və onun başqa məhkəmədə keçirilən məhkəmə iclasında iştirak etməsi hazırkı işə baxılmasının təxirə salınması üçün əsas deyildir. Sübutların təqdim ediləcəyi məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinin birinci cümləsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. İşdən görünür ki, hazırlıq icraatı zamanı üçüncü şəxslərə yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəməyə təqdim etmələri üçün zəruri şərait yaradılmışdır. Belə olan halda, şifahi məhkəmə baxışının qeyd olunan əsasa görə təxirə salınmasına zərurət yoxdur. Beləliklə, məhkəmə işə tərəflərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Mingəçevir şəhəri D.Əliyeva küçəsində yerləşən 20 nömrəli evin 13 nömrəli mənzilinin 1/2 hissəsinə X12, 1/2 hissəsinə isə İddiaçı paylı mülkiyyət hüququ xx.xx.2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan xx.xx.2007-ci il tarixli müqavilədən görünür ki, X23 həmin mənzildə olan öz payını İddiaçı bağışlamışdır. - MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, həmin mənzilə İddiaçı tam mülkiyyət hüququ xx.xx.2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, həmin mənzilə İddiaçı tam mülkiyyət hüququ xx.xx.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, Mingəçevir Şəhər 3 №-li Mənzil İstismar Sahəsinin xx.xx.2022ci il tarixli 295 nömrəli arayışından görünür ki, hazırda X23, X21, X11, X24, X22 iddiaçıya məxsus olan Mingəçevir şəhəri D.Əliyeva küçəsi ev 20 mənzil 13-də yaşasalar da, X25 və X6 həmin ünvanda yaşamırlar. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia qismən əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən, fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsində təsbit edilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Beləliklə, qanunvericiliyin mənasına görə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hüququ mövcud olduqda və ya hər hansı belə hüquq olmadan yaşayış sahəsini verən şəxsin iradəsi (razılığı) əsasında. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Hazırkı mübahisədə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində sadalanan əsaslar formal olaraq mövcud deyil. Lakin həmin Qanunun "Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması" adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ""Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair" xx.xx.2020-ci il tarixli Qərarında aşağıdakı hüquqi mövqe ifadə edilmişdir:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, üçüncü şəxs X1 mənzil üzərində hər hansı hüquqa malik olmadığı və orada yaşamadığı halda, onun qeyd edilən ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından və qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğu nəzərdə tutulduğundan iddiaçı özünə məxsus mənzildən həmin üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlıdır. Digər üçüncü şəxs X25 ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 2-ci maddəsinin 4-cü hissəsinə əsasən, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. İşdən görünür ki, X25 16 yaşına çatmışdır. Onun valideyni X6 hazırda iddiaçıya məxsus mənzildə deyil, başqa ünvanda yaşadığına və iddiaçıya məxsus olan mənzildən qeydiyyatdan çıxarılmalı olduğuna görə məhkəmə bu qənaətə gəldi ki, o özü də həmin mənzildən qeydiyyatdan çıxarılmalıdır. Üçüncü şəxslər X23, X21, X11, X24, X22 ilə bağlı isə məhkəmə qeyd edir ki, həmin şəxslərin hazırda iddiaçıya məxsus olan mənzildə yaşaması müəyyən edildiyinə görə onların həmin mənzildən qeydiyyatdan çıxarılması barədə tələb təmin edilə bilməz.

Nəticəvi hissə:

Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Üçüncü şəxslər X13 və X4 İddiaçı məxsus olan Mingəçevir şəhəri D.Əliyeva küçəsində yerləşən 20 nömrəli evin 13 nömrəli mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddia üçüncü şəxslər X17, X15, X7, X18, X16 aid hissədə təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar