Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1124/2023 17.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “İddiaçı məxsus Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən torpaq sahəsinin digər şəxsin adına rəsmiləşdirilmiş şəhadətnaməsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “İddiaçı məxsus Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən torpaq sahəsinin digər şəxsin adına rəsmiləşdirilmiş şəhadətnaməsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1124/2023 nömrəli qərardadı ilə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1124/2023 nömrəli qərardadı ilə Ağdaş bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı iddiaçının vəsatəti təmin edilməmişdir. Məhkəmə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərilərək izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iddia ərizəsinin məzmunundan və iş üzrə toplanmış icraat materiallarından görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı JN-1055A KOD 90315005 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsinə nail olmaqdır. Sözügedən Şəhadətnamyə əsasən Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 21 saylı qərarına əsasən Ağdaş rayonu Orta Ləki kənd sakini X3 0.25 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı, Ağdaş rayon Dövlət Arxivinin arayışında qeyd edilmiş Ağdaş rayon Orta Ləki kənd 1 may kolxozunun xx.xx.1990-cı il tarixli, 04 №-li ümumi iclas protokolunun qərarına əsasən ona 0.15 ha torpaq sahəsinin ayrılmasına və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair dekabr 1997-ci il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna istinad edərək, JN-1055A KOD 90315005 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin texniki səhv nəticəsində ona məxsus torpaq sahəsinə tərtib edildiyini bildirir. Məhkəmə tərəfindən dekabr 1997-ci il tarixli 1130 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsinin döngə nöqtələrinin Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi nəzərə alınmaqla müəyyən edilməsi, həmin torpaq sahəsinin xüsusiyyətləri (mülkiyyətçisi, təyinatı, faktiki sahəsi, JN-1055A nömrəli şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşən hissəsi və s.) barədə məlumatın təqdim edilməsi, o cümlədən JN-1055A nömrəli şəhadətnamədə qeyd edilmiş 0,25 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınıb-alınmaması, JN-1055A nömrəli Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsinə dair yeni çıxarış və texniki pasport verilmişdirsə, sözügedən sənədlərin 1130 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi, həmçinin JN- 1055A nömrəli Şəhadətnamənin 1130 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə köhnə DWJ bazası və ya yeni elektron uçot məlumatlarına əsasən üstüstə düşüb-düşmənin mövcud olub-olmamasına aydınlıq gətirilməsi məqsədilə cavabdeh orqandan mütəxəssis rəyi alınmışdır. Cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar əsasında “Torpaqların elektron kadastr uçotu informasiya sistemi” yaradılmışdır. Vətəndaşların mülkiyyətində olan torpaq sahələri torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən DWG fayllarında olan uyğunsuzluqlar aradan qaldırılaraq faktiki istifadə vəziyyətinə uyğun olaraq torpaqların elektron kadastrı uçotu məlumat bazasına yerləşdirilmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəki İnzibati Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2- 1(116)-1124/2023 nömrəli məktubunda mütəxəssis qarşısında qoyulmuş sualları araşdırmaq məqsədilə, mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işləri aparılmışdır. Mübahisəli torpaq sahəsinə dair rəy “Torpaqların elektron kadastr uçotu informasiya sistemi”nə əsasən hazırlanmışdır. İddiaçı nümayəndəsinin naturada göstərdiyi və iddia etdiyi Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi **********78-10301 reyestr nömrəli çıxarışla X4, təyinatı yaşayış məntəqələrinin torpaqları, faktiki sahəsi 0.3575 ha, JN-1055 A nömrəli şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi ilə 0.25 hissədə üst-üstə düşür. JN-1055A nömrəli Şəhadətnamədə qeyd edilmiş 0.25 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq çıxarışla rəsmiləşdirilmişdir. Dekabr 1997-ci il tarixli 1130 inventar nömrəli texniki pasportda göstərilmiş torpaq sahəsinin koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından, JN-1055A nömrəli Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsinə verilmiş çıxarış və texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmamışdır. JN-1055A nömrəli Şəhadətnamədə qeyd edillmiş torpaq sahəsi ilə DWJ bazası və yeni elektron uçot məlumatları üst-üstə düşür. 1130 inventar nömrəli texniki pasportda göstərilmiş torpaq sahəsinin koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından üst-üstə düşüb-düşümədiyini müəyyən etmək mümkün olmamışdır. Təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, 1130 inventar nömrəli texniki pasportda göstərilmiş torpaq sahəsinin JN-1055A nömrəli Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsinə verilmiş çıxarış və texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə üstüstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin, nəzərə alınmalıdır ki, JN-1055A nömrəli Şəhadətnamədə qeyd edillmiş torpaq sahəsi ilə bağlı DWJ bazası və yeni elektron uçot məlumatları üst-üstə düşür. Yəni, faktiki olaraq JN-1055A nömrəli Şəhadətnamə elektron bazada verilməsi nəzərdə tutulan torpaq sahəsinə işlənmiş və daha sonra həmin torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarış tərtib edilməklə Ağdaş rayonu Orta Ləki kəndində yerləşən fərdi yaşayış evi və 0.25 ha torpaq sahəsi üzərində X2 tam xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. 1130 inventar nömrəli texniki pasportda göstərilmiş torpaq sahəsinin koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından üst-üstə düşməsinin müəyyən edilməsinin mümkün olmamasına münasibətdə isə məhkəmə qeyd edir ki, hər bir halda iddiaçı, iddia etdiyi torpaq sahəsinin məhz 1130 inventar nömrəli texniki pasportda göstərilmiş və Ağdaş rayon Orta Ləki kənd 1 may kolxozunun xx.xx.1990-cı il tarixli, 04 №-li ümumi iclas protokolunun qərarına əsasən ona ayrılmış 0.15 ha torpaq sahəsi olduğunu bildirir. Bununla belə iddia olunan torpaq sahəsinin məhz 1130 inventar nömrəli texniki pasportda göstərilmiş və Ağdaş rayon Orta Ləki kənd 1 may kolxozunun xx.xx.1990-cı il tarixli, 04 №-li ümumi iclas protokolunun qərarına əsasən ayrılmış torpaq sahəsi olmasını müəyyən etmək mümkün deyildir. Digər tərəfdən işin məhkəmə tərəfindən araşdırılmış yuxarıda qeyd edilən hallarından görünür ki, JN-1055A nömrəli Şəhadətnamənin sözügedən torpaq sahəsinə tərtib edilməsi texniki səhv olmamış, sözügedən Şəhadətnamədə qeyd edillmiş torpaq sahəsi ilə bağlı DWJ bazası və yeni elektron uçot məlumatlarının üst-üstə düşməsi aşkar edilmişdir. Məhkəmə tərəfindən "xxxx" MMC-yə sorğu verilərək Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli 21 saylı qərarı və həmin qərar əsasında torpaq sahəsi ayrılmış subyektlər siyahısından Ağdaş rayonu Orta Ləki kəndi üzrə X5 və İddiaçı aid hissədən çıxarışın təsdiq edilmiş surətlərinin təqdim edilməsi tələb edilmiş, sonuncunun xx.xx.2023cü il tarixdə təqdim etdiyi məktubda Ağdaş rayonu, Orta Ləki kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarında İddiaçı adının aşkar edilmədiyi qeyd edilmiş, mövcud olan həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarından X2 adı qeyd edilmiş hissədən çıxarışlar, eləcə də Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 21 nömrəli Qərarının təsdiq olunmuş surəti təqdim edilmişdir. Təqdim edilmiş Ağdaş rayonu, Orta Ləki kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahısından çıxarışdan görünür ki, 1055 sıra nömrəsinin qarşısında X2 adı, xəritədə nömrəsi 1121, ailənin tərkibi -1, qanuni istifadəsində olan həyətyanı sahə 0.25 qeyd edilmişdir. Sözügedən siyahı və torpaq islahatı barədə kompleks yerquruluşu layihələri Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 21 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Beləliklə, iddia olunan torpaq sahəsinin üst-üstə düşdüyü JN-1055A kod 90315005 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli 21 saylı qərarı əsasında verilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X1 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X6 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X1 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. X1 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. Mübahisələndirilən Şəhadətnamənin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçıya bildirmişdir ki, ləğv edilməsini tələb etdiyi JN-1055A nömrəli Şəhadətnamə Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli 21 saylı qərarı əsasında verildiyindən və müvafiq qərar qüvvədə olduğundan onun əsasında verilmiş sənədlər ləğv edilə bilməz. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. (Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2 2-1(102)-1149/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında yuxarıda qeyd edilmiş hüquqi mövqe öz əksini tapmışdır). Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 10 (on) gün müddətində vaxt təyin edilmişdir. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.2023-cü il tarixdə məhkəmənin elektron kabinetinə ərizə göndərərək məhkəmənin hüquqi mövqeyi ilə razılaşmadığını bildirmişdir. İddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “İddiaçı məxsus Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən torpaq sahəsinin digər şəxsin adına rəsmiləşdirilmiş şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1124/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1124/2023
17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver