Məhkəmə qərarları › İş №2-1(116)-1127/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1127/2021

01.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1127/2021 01.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “şəxsiyyətini təsdiq edən sənəd olmadan doğum haqqında şəhadətnamənin təkrar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, şəxsiyyətini təsdiq edən sənəd olmadan doğum haqqında şəhadətnamənin təkrar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1996-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. Heç bir sənədi olmadığından doğum haqqında təkrar şəhadətnamə almaq üçün cavabdehə müraciət etmiş, lakin şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən cavabdeh tərəfindən doğum haqqında təkrar şəhadətnamənin verilməsindən imtina edilmiş və ona məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq, iddiaçıya 09.08.2021-ci il tarixli yardım məktubu ünvanlanaraq "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın tələbləri və Qaydanın 9.2-ci bəndinə uyğun olaraq, şəxsiyyətini təsdiq edən sənədə malik olan digər maraqlı şəxslərin iddiaçının adına təkrar şəhadətnamənin verilməsi üçün Cavabdehnə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmənin yardım məktubu iddaçı tərəfindən 09.08.2021-ci il tarixdə sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə qəbul olunmuş, iddiaçı tərəfindən məhkəmənin yardımına münasibət bildirilməmişdir. İddiaçıya və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iş materiallarını qanunvericiliyin tələblərinə uyğun olaraq nəzərdən keçirərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, ilk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının 14.06.1994-cü il tarixli 817 nömrəli Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 9.1-ci bəndinə görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Həmin Qaydanın: 9.2-ci bəndinə əsasən, təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər; 9.7-ci bəndinin ikinci cümləsinə görə, 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər; 9.8-ci bəndinə əsasən isə, qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Qaydaların 9.3-cü bəndinə müvafiq olaraq, təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar: 1. ərizəçinin adı, soyadı və atasının adı; 2. ünvanı; 3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 4. təkrar tələb olunan şəhadətnamənin növü; 5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar göstərilməlidir. Mövcud normalarda şəxsiyyət vəsiqəsi təqdim edilmədən təkrar şəhadətnamənin verilməsi nəzərdə tutulmamışdır. Sadalanan normalardan da göründüyü kimi, doğum haqqında təkrar şəhadətnamə müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə verilə bilər. Bundan başqa, adına qeydiyyat aparılmış şəxsdən başqa, həm də maraqlı şəxslər təkrar şəhadətnaməni almaq üçün müraciət edə bilərlər. Maraqlı şəxslər dedikdə isə yalnız barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özləri nəzərdə tutulmur. Belə ki, Qaydaların 9.3.3-cü bəndinə əsasən, təkrar şəhadətnamələrin alınması haqqında ərizələrdə göstərilməsi zəruri olan məlumatlar siyahısında haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adının qeyd olunması ona dəlalət edir ki, maraqlı şəxs qismində tək şəxsin özü deyil, haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin əri, arvadı, atası, anası, uşaqları, bacıları, qardaşları və sair şəxslər də nəzərdə tutulur bilərlər. Belə ki, sadalanan şəxslərdən biri (qohumu və s.) iddiaçıya təkrar şəhadətnamə verilməsi üçün cavabdehə müraciət etməli, imtina olunduqda isə öz adından məhkəməyə iddia verərək, İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələb irəli sürməlidir. İşdə olan sənədlərdən isə görünür ki, cavabdehə müraciət məhz İddiaçı tərəfindən edilmiş, iddiaçı təkrar şəhadətnamə almaq üçün müraciət etdikdə şəxsiyyətini təsdiq edən sənəd təqdim etməmiş və cavabdeh ona doğum haqqında təkrar şəhadətnamə verməkdən imtinasını məhz bununla əsaslandırmışdır. Cavabdehin 17.06.2021-ci il tarixli 05/Q-56/15 nömrəli imtinasında göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən vətəndaşlıq vəziyyəti aktrarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktlarının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslər verilə bilər. İddiaçı şəxsiyyətini təsdiq edən sənədi təqdim etmədiyi üçün doğum haqqında təkrar şəhadətnamənin verilməsi cavabdehin imkanı xaricindədir. Məhkəmə araşdırması zamanı cavabdehin 15.07.2021-ci il tarixli 05/Q-628/13 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, İddiaçı barəsində Cavabdeh tərəfindən 08.07.1997-ci il tarixli, 652 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən iddiaçının şəxsiyyətini təsdiq edən sənədi olmadığından məhkəmə tərəfindən inzibati mühakimə icraatı çərçivəsində iddiaçının məhz İddiaçı olmasını müəyyən etmək mümkün deyildir. Hazırkı iddianın məhkəmə qərarı ilə təmin olunması ehtimalında belə, qərarın icrasının hansı qaydada həyata keçiriləcəyi, doğum haqqında təkrar şəhadətnamənin kimə təqdim ediləcəyi, qərarın icrası üçün gələn şəxsin məhz tələbkar olub-olmadığının necə müəyyən ediləcəyi məlum deyildir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayıla bilməz. İddiaçının diqqətinə çatdılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda göstərilənlər və qanunvericiliyin tələbləri nəzərə alınmaqla yenidən ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdehnə qarşı “şəxsiyyətini təsdiq edən sənəd olmadan doğum haqqında şəhadətnamənin təkrar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar