Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1129/2022 11.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "xx.xx.1949-cu il tarixli doğum aktı qeydində və xx.xx.1973-cü il tarixli nikahın bağlanması haqqında akt qeydində ərinin adının "Mövlan" kimi düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının mərhum əri X9 xx.xx.1949-cu ildə Şəki rayonu Aydınbulaq kəndində anadan olmuşdur. Bununla əlaqədar Şəki Şəhər VVAQ bürosu tərəfindən xx.xx.1949-cu ildə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 16 nömrəli qeyd aparılmışdır. Həmin akt qeydinə əsasən, onun soyadı Primov, adı Mövla, atasının adı isə Yolçu kimi qeyd edilmişdir. Göstərilən orqan tərəfindən X7 adına xx.xx.1957-ci ildə İ-ИЕ seriyalı 395127 nömrəli "Doğum haqqında şəhadətnamə" verilmişdir. O, xx.xx.1973-cü ildə iddiaçı ilə nikaha daxil olmuş və bununla əlaqədar Şəki Şəhər Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1973-cü il tarixli 25 nömrəli "Nikahın bağlanması haqqında akt qeydi"ndə, həm də eyni tarixli AЗ seriyalı 309705 nömrəli "Evlənmək haqqında şəhadətnamə"də iddiaçının ərinin adı "Mövlam" kimi yazılmışdır. İddiaçının mərhum əri X8 xx.xx.2003-cü ildə verilmiş AZE seriyalı 01712655 nömrəli "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi"ndə adı "Mövlan" kimi yazılmışdır. X9 xx.xx.2021-ci ildə vəfat etmişdir. İddiaçı xx.xx.1949-cu il tarixli doğum aktı qeydində və xx.xx.1973-cü il tarixli nikahın bağlanması haqqında akt qeydində düzəliş edilməsi üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin sonuncu özünün xx.xx.2022-ci il tarixli 05/Q-1263/15 nömrəli məktubu ilə bundan imtina etmiş, doğum, nikah, ölüm haqqında akt qeydlərinin hər birində iddiaçının yoldaşının adı fərqli qeyd edildiyi üçün həmin akt qeydlərində müvafiq düzəlişlərin aparılmasının imkan xaricində olduğunu bildirərək məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, əri X9 xx.xx.2021-ci ildə vəfat etmiş, bundan sonra o, miras əmlakın vərəsəlik qaydasında qəbul edilməsi üçün notariat orqanına müraciət etmiş, lakin sonuncu tərəfindən bildirilmişdir ki, onun ərinin adı doğum və nikahın bağlanması haqqında akt qeydində səhv yazıldığına görə miras əmlakın vərəsəlik qaydasında qəbul edilməsi mümkün deyil. Cavabdeh iddiaya qarşı xx.xx.2022-ci il tarixli yazılı münasibətində imtina məktubunun dəlillərinə istinad etmiş və bildirmişdir ki, İddiaçı məhkəmədə qaldırdığı iddianın təmin olunmasına etirazları yoxdur. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, xx.xx.1949-cu ildə "Doğum haqqında akt qeydləri kitabı"nda 16 nömrəli doğum aktı qeydindən görünür ki, doğulmuş şəxsin soyadı Primov, adı Mövla, atasının adı isə Yolçu kimi qeyd edilmişdir. - İşdə olan, X7 adına xx.xx.2003-cü ildə verilmiş AZE seriyalı 01712655 nömrəli "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi"ndən görünür ki, X7 adı "X9" kimi yazılmışdır. - İşdə olan, xx.xx.1973-cü il tarixli 25 nömrəli nikahın bağlanması haqqında akt qeydindən görünür ki, X9 xx.xx.1973-cü ildə X2 ilə nikaha daxil olmuş, həmin vaxt sonuncuya Primova soyadı verilmişdir. Həmin "Nikahın bağlanması haqqında akt qeydi"ndə iddiaçının ərinin adı "Mövlam" kimi yazılmışdır. - İşdə olan, ölüm haqqında akt qeydindən görünür ki, X9 xx.xx.2021-ci ildə vəfat etmişdir. - İşdə olan, cavabdehin xx.xx.2022-ci il tarixli 05/Q-1263/15 nömrəli imtina məktubundan görünür ki, doğum, nikah, ölüm haqqında akt qeydlərinin hər birində iddiaçının yoldaşının adı fərqli qeyd edildiyi üçün həmin akt qeydlərində müvafiq düzəlişlərin aparılmasının imkan xaricində olduğunu bildirərək məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar"ın 1-ci bəndində deyilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əsas Müddəaların 3-cü bəndində deyilir ki, vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə, vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər edilir. Əsas Müddəaların 4-cü bəndinə görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsas hesab edilirlər. Sadalanan normalardan göründüyü kimi, vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən sənədlər mövcud olduqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldilməli və ona dəyişikliklər edilməlidir. İşdən görünür ki, İddiaçı mərhum ərinin bütün sənədlərində soyadı "Primov", ata adı isə "Yolçu oğlu" yazılsa da, adı müxtəlif sənədlərdə fərqli yazılmışdır. Belə ki, doğum aktı qeydində "Mövla", nikahın bağlanması haqqında akt qeydində və evlənmək haqqında şəhadətnamədə "Mövlam", doğum haqqında şəhadətnamədə, ölüm haqqında akt qeydində, ölüm haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində "Mövlan" kimi yazılmışdır. Məhkəmə bu adlardan hansının düzgün olması məsələsini araşdırarkən qeyd edir ki, şəxs doğulduqda ona ad qeydiyyat orqanı tərəfindən deyil, uşağın valideynləri tərəfindən qoyulur. Həmin ad doğum aktı qeydində yazılsa da, vətəndaş bu doğum aktı qeydini görmür və təbii ki, həmin sənəddə adın necə yazıldığını bilmir. Vətəndaş uşağın adının necə yazıldığını yalnız ona verilən doğum haqqında şəhadətnamədən bilir. İddiaçının mərhum ərinin doğum aktı qeydində adı "Mövla" yazılsa da, doğum haqqında şəhadətnamədə "Mövlan" kimi yazılmış, heç kəs həmin şəhadətnamədə olan yazını mübahisələndirməmiş və iddiaçının əri "Mövlan" adı ilə yaşamışdır. Ona görə də məhkəmə həmin şəxsin əsl adının "Mövlan" olması qənaətinə gəlir və hesab edir ki, səhv məhz doğum aktı qeydində olan yazıdadır. X3 adının nikahın bağlanması haqqında akt qeydində və evlənmək haqqında şəhadətnamədə "Mövlam" kimi yazılmasına gəldikdə isə məhkəmə qeyd edir ki, adın bu cür yazılmasına ümumiyyətlə əsas olmamışdır. Belə ki, nə doğum aktı qeydində, nə də doğum haqqında şəhadətnamədə "Mövlam" adı yazılmamışdır. Ona görə də qeydiyyat orqanının adı məhz belə şəkildə yazmasının səbəbi aydın deyil. Bu dəqiq olmasa da, ehtimal etmək olar ki, onun doğum haqqında şəhadətnaməsində adı kiril qrafikalı əlifba ilə əlyazma üsulu ilə yazıldığına görə "Mövlan" adının son hərfi "m" hərfinə oxşamış və bu səbəbdən nikahın bağlanması haqqında akt qeydinə adı "Mövlam" kimi yazılmışdır. Məhkəmə bu qənaətə gəldi ki, hər bir halda, səbəbindən asılı olmayaraq, X7 adının nikahın bağlanması haqqında akt qeydində "Mövlam" kimi yazılması səhv olmuşdur. Beləliklə, cavabdeh həm doğum aktı qeydində, həm də nikah bağlanması haqqında akt qeydində düzəliş etməli olduğu halda, bunu etməmişdir. Ona görə də həmin düzəlişlərin aparılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mərhum əri X7 adına tərtib edilmiş xx.xx.1949-cu il tarixli doğum aktı qeydində və xx.xx.1973-cü il tarixli nikahın bağlanması haqqında akt qeydində dəyişiklik edilməklə və adı qrafasında "Mövlan" yazılmaqla düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-1129/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1129/2022
11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver