Məhkəmə qərarları › İş №2-1(116)-1129/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1129/2024

27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1129/2024 27.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, AN-1 ******* saylı “Daşınmaz Əmlakın Alqı-satqı” müqaviləsinə əsasən aldığı Mingəçevir şəhəri X7 küçəsi ev 6, mənzil 1 ünvanında yerləşən, ümumi sahəsi 33.74 kv.m, yaşayış sahəsi 17.26 kv.m, yardımçı sahəsi 16.48 kv.m olan bir otaqlı mənzilin iddiaçının adına mülkiyyət hüquqlarının dövlət reyestrindən qeydiyyata alınması- çıxarışın (texniki pasportun) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2022ci il tarixli, AN-1 ******* saylı “Daşınmaz Əmlakın Alqı-satqı” müqaviləsinə əsasən aldığı Mingəçevir şəhəri X7 küçəsi ev 6, mənzil 1 ünvanında yerləşən, ümumi sahəsi 33.74 kv.m, yaşayış sahəsi 17.26 kv.m, yardımçı sahəsi 16.48 kv.m olan bir otaqlı mənzilin iddiaçının adına mülkiyyət hüquqlarının dövlət reyestrindən qeydiyyata alınması- çıxarışın (texniki pasportun) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-3562/2023 nömrəli qərardadı ilə X3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-3562/2023 nömrəli qərardadı ilə cavabdeh inzibati orqanın Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsinə dair vəsatəti təmin edilməmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Mingəçevir regional “ASAN xidmət” mərkəzinin Notariat ofisində Mingəçevir şəhəri X7 küçəsi ev 6,mənzil 1 ünvanda yerləşən, ümumi sahəsi 33.74 kv.m, yaşayış sahəsi 17.26 kv.m, yardımçı sahəsi 16.48 kv.m olan bir otaqlı mənzilin tam mülkiyyət üzrə X1 məxsus mənzili AN-1№ ******* saylı “Daşınmaz Əmlakın Alqı-Satqı” müqaviləsinə əsasən 29.000 (iyirmi doqquz min) manata almışdır. Cavabdeh tərəfindən bildirilmişdir ki, alınan mənzillə bağlı problem var, ona görə rüsum ödənilməsinə baxmayaraq Çıxarışın və texniki pasportun götürülməsi mümkün deyildir. Cavabdehin mülkiyyət üzərində məhdudiyyət saxlamasını qanunazidd hesab edərək cavabdeh orqana müraciət etmiş,cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubuna əsasən tələbi təmin edilməmişdir. Cavadehin iddia tələbinə etirazınından görünür ki, mənzil üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün təqdim edilən sənədlər toplusu ekspertiza edilmiş və araşdırma aparılan zaman məlum olmuşdur ki, həmin daşınmaz əmlak barədə hüquqların dövlət qeydiyyatına dair əməliyyatların aparılmasına Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli, 1/99m saylı sorğu məktubu ilə məhdudiyyət tətbiq olunub. Məhdudiyyətin hansı müddət ərzində qüvvədə olması və həmin məhdudiyyətlə bağlı rəsmi məlumatın verilməsi məqsədi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə **********45 saylı sorğu ünvanlanmışdır. Müvafiq təşkilatdan bu günə qədər həmin sorğuya cavab gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi), iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasinda iştirak etməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, cavabdeh orqan iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina etmişdir.

2. xx.xx.2022-ci il tarixli AN-1 ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, X3 özünə məxsus fərdi yaşayış evini İddiaçı satmışdır.

3. 1523 reyestr nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, Mingəçevir şəhəri X7 küçəsi ev 6, mənzil 1 ünvanında yerləşən, ümumi sahəsi 33.74 kv.m, yaşayış sahəsi 17.26 kv.m, yardımçı sahəsi 16.48 kv.m olan bir otaqlı mənzil X1 məxsus olmuşdur.

4. Cavabdehin xx.xx.2024-cü il tarixli etiraz məktubu və ona əlavə edilən sənədlər.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Həmçinin, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsində hüquqların dövlət qeydiyyatının dayandırılması əsasları öz əksini tapmışdır. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən Qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər. 14.2. Qeydiyyatın dayandırılması əsaslandırılmalı və 48 saat ərzində ərizəçiyə yazılı şəkildə bildirilməlidir. Bu halda vəzifəli şəxs şübhə doğuran sənədlərə dair müvafiq dövlət orqanlarına sorğular göndərməli və həmin sorğulara cavab 7 gün müddətində verilməlidir. Bu cür sorğulara vaxtında cavab verməyən vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb edilirlər. Sorğuların forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 14.3. Hüquqların dövlət qeydiyyatına alınması hüquq əldə edənin, əqdin tərəfinin və ya onların vəkil etdikləri şəxsin ərizəsi əsasında bir aydan artıq olmayan müddətə dayandırıla bilər. Ərizədə hüquqların dövlət qeydiyyatının dayandırılmasının səbəbləri göstərilməlidir. Belə ərizənin verilməsi hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş müddətin axınını dayandırır. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 14.4. Qeydiyyata təqdim olunmuş sənədlərin saxta olması təsdiqlənərsə, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə ərizəçiyə bildirməli və ərizə jurnalında müvafiq qeydlər etməlidir. 14.5. Bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. 14.6. Ərizə jurnalında hüquqların dövlət qeydiyyatının dayandırılması barədə qeydlər edilməlidir. Cinayət işinin icraatı zamanı əmlak üzərində həbsin qoyulması CPM-in 249cu maddəsinə uyğun olaraq məhkəmə və ya müstəntiqin qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 251.1-ci maddəsinə əsasən əmlak üzərinə həbs qoyulması haqqında qərar cinayət işi üzrə məhkəməyədək icraat zamanı müstəntiq, məhkəmə icraatı zamanı isə icra məmuru tərəfindən icra olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 138.1-ci maddəsinə əsasən əşyanın yüklülüyü - qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılmasıdır. Qanunvericilikdə əşyanın yüklülüyü dedikdə qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılması nəzərdə tutulur. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılması (yüklülük) (həbs, qadağa, ipoteka, icarə, istifadə (o cümlədən, yaşayış binasının tərkib hissəsindən istifadə), servitut və s.) olduqda arayışda məhdudlaşdırılma (yüklülük) və buna əsas olan sənədlər haqqında məlumat (hüququ məhdudlaşdırılan şəxs, onun payı, məhdudlaşdırılmanın tarixi və növü, yüklü olan hissə, pay və ya paylar, yüklü edən şəxs, yüklülüyün müddəti, yüklülüyün qeydə alınma tarixi və s.) qeyd edilir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıya məxsus, tələbdə qeyd edilmiş daşınmaz əmlak üzərində hər hansı məhdudiyyət və yüklülük olmamış, həmin əmlak üzərinə həbs qoyulmamışdır. Cavabdehin etirazının dəlilini əsasını təşkil edən Daxili İşlər Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanladığı xx.xx.2015-ci il tarixli, 1/99m saylı sorğu məktubu əmlak üzərində qanun və ya əqd əsasında yüklülük yaradan hal kimi qiymətləndirilə bilməzdi. Yəni, qeyd edilən məktub iddiaçıya məxsus əmlak üzərinə məhdudiyyətin qoyulmasına heç bir hüquqi əsas yaratmır. Ümumiyyətlə qanunvericilikdə “müvəqqəti nəzarət” adı altında məhdudlaşdırma növünə rast gəlinmir. Odur ki, hazırkı iş üzrə cavabdeh orqanın iddiaçıya məxsus əmlak üzərinə həbs qoyulmasını bildirməsi iddiaçının əmlak hüquqlarını pozulmasına səbəb olmuşdur. İnzibati işin məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan iddiaçıya məxsus daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülük) (həbs, qadağa, ipoteka, icarə, istifadə (o cümlədən, yaşayış binasının tərkib hissəsindən istifadə), servitut və s.) qanun və ya əqd əsasında mövcud olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş və bu halı sübut edə bilməmişdir (cavabdeh inzibati orqan bunun əksini təkzib edən sübutları məhkəməyə təqdim edə bilməmişdir). Təqdim edilən yeganə məhdudlaşma əsası isə yuxarıda qeyd edilən, qanuna və əqdə əsaslanmayan Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2015-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanan məktub olmuşdur. Odur ki, məhkəmə hesab edir ki,cavabdeh inzibati orqan iddiaçının tələbindən imtina etməkdə haqlı olmamışdır. Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli, 1/99m saylı müvəqqəti xarakter daşıdığı göstərilən sorğu məktubu uzun müddət ərzində mülkiyyətçinin əmlak üzərində hüquqlarının həyata keçirilməsinə məhdudiyyət tətbiq etməsini nəzərdə tutmamışdır. Həmin məktub mahiyyət etibarilə mülki və cinayət prosessual qaydada tədbirlərin həyata keçirilməsinə qədər olan hüquqi mexanizmi nəzərdə tutmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə xx.xx.2022-ci il tarixli, AN-1 ******* saylı “Daşınmaz Əmlakın alqısatqı” müqaviləsinə əsasən alınan Mingəçevir şəhəri X7 küçəsi ev 6, mənzil 1 ünvanında yerləşən, ümumi sahəsi 33.74 kv.m, yaşayış sahəsi 17.26 kv.m, yardımçı sahəsi 16.48 kv.m olan bir otaqlı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar